Şrift:
"HƏR DAŞ ÖZÜ BOYDA KÖZ OLUB YANAR"
06.01.2013 [00:58] - Gündəm, Türkün şanlı tarixi
Bu şeiri böyük şairimiz Ramiz Rövşən böyük ictimai-siyasi xadimimiz Əbülfəz Elçibəyə həsr edib - o, prezident vəzifəsindən devriləndən sonra. O zamanlar hər yerindən duran Elçibəyə bir daş atardı. Tarixin səhifəsində bir sətirlə belə qalmayacaq insanlar millət fədaisini özlərindən də aşağıda görmək istəyirdilər. Bu şeir o zaman meydana çıxdı və Elçibəyin necə işıqlı və böyük insan olduğunu nadanlara görk elədi. Nə yazıq ki, bu şeir öz aktuallığını itirmək bilmir. Hər dəfə ortalığa kimsə çıxır və şüurlu həyatını son gününə qədər millətinə, onun istiqlalına, bütövlüyünə, insanlığa həsr eləmiş insana daşlar atırlar. Təkcə daş deyil, bəzən çamur da atırlar. Elçibəysevərlər bu həmlələri həmişə dəf edir və edəcəklər. Ancaq hansı motivlərləsə Elçibəyə hücum edənlərin ən gözəl cavabı Ramiz Rövşənin bu şeiri ilə verilib. Həmin şeiri yenidən diqqətinizə təqdim edirik.

***

Ramiz Rövşən. "Səni sevdiklərin daş-qalaq eylər"

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları,
Öpüb əzizlərsən sən o daşları,
Deyərsən: "Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!"

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çilçıraq eylər.

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Bilirsən, Tanrı da öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə,
Bir ev tikib saray eylər.
Bu xəbər oxucular tərəfindən 1520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed