Şrift:
“Pekin-2022”-nin heyəti arasında ötən sutka ərzində 11 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb
11.02.2022 [10:00] - Gündəm, Sağlıq
“Pekin-2022” Qış Olimpiya Oyunlarının heyəti arasında ötən sutka ərzində 11 nəfərin COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.

24-cü Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən sutka Olimpiada üçün xarici ölkədən 179 nəfər, o cümlədən 121 atlet və komanda rəsmisi Çinə gəlib. Hava limanında verilmiş test nəticəsində onlardan 2 nəfərin virusa yoluxması faktı aşkarlanıb.

Bundan başqa, Olimpiya Oyunları üçün təsdiqlənmiş epidemiya əleyhinə qaydalara əsasən, Olimpiadaya cəlb olunanlar, yəni idmançılar, məşqçilər, komanda heyəti, texniki heyət, könüllülər, jurnalistlər hər gün test verir. Ötən sutka 71 min 804 nəfər test edilib, nəticədə 9 nəfərin virusa yoluxması müəyyən olunub.

“Pekin-2022” Qış Olimpiya Oyunları ilə əlaqədar “qapalı sistem”in tətbiq olunmağa başladığı yanvarın 23-dən bəri 418 nəfərin, o cümlədən 176 idmançının test cavabı pozitiv olub. Yanvarın 23-dən bəri Olimpiya Oyunları üçün Çinə 13 min 275 nəfər gəlib. Həmin gündən indiyədək “Pekin-2022” ilə əlaqədar 1 milyon 173 min PCR (polimerazalı zəncir reaksiyası) analizi götürülüb.

Qeyd edək ki, COVID-19 pandemiyasına təsadüf edən “Pekin-2022” Qış Olimpiya Oyunlarında epidemiya əleyhinə xüsusi qaydalar tətbiq olunur. Xaricdən gələn bütün heyət üzvləri hava limanından etibarən “qapalı sistem”ə düşür. Onlar “Olimpiya kəndi”, yarış məkanları və Olimpiya Oyunları üçün nəzərdə tutulan digər yerlərdən kənara çıxa bilməzlər. Bu qayda Olimpiya Oyunlarına cəlb olunan yerli heyətə də aiddir.
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed