Şrift:
“Qarabağ 13-cü əsrdən 1920-ci ilədək” başlıqlı kitabı Almaniyada 3-cü buraxılışda dərc olunub
15.02.2022 [09:28] - Xəbərlər, Siyasət
Berlinin “Gulandot” nəşriyyatında almaniyalı türkoloq-tarixçi alim, Qarabağın tarixi və Azərbaycan ədəbiyyatı (xüsusilə, Nəsimi irsi) üzrə mütəxəssis, Almaniyanın Qissen Universitetinin əməkdaşı Mixael Raynhard Hessin “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək” başlıqlı ingilis dilində kitabı 3-cü buraxılışda dərc olunub.

Kitabın cari buraxılışı Vətən müharibəsindəki qələbəmizin nəticəsində yaranmış yeni reallıqların nəzərə alınması ilə yenilənib. Belə ki, yeni buraxılışda ərazilərimizin işğaldan azad olunduğu tarixlər, Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Dağlıq Qarabağ adlı toponimin artıq mövcud olmaması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair faktlar qeyd olunub.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab Qarabağ sözünün etimologiyası, bölgənin ən geci 13-cü əsrdən etibarən Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin mühüm tərkib hissəsi olması, çar Rusiyasının köçürmə siyasəti ilə regionda demoqrafik dəyişikliklərin getməsi və gələcək Ermənistan-Azərbaycan münaqişəsinin köklərinin əsasının qoyulması, Qarabağın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olması, onun dağlıq hissəsinin (Dağlıq Qarabağ) bölgədən süni şəkildə fərqləndirilməsinə dair faktları təqdim edir.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed