Şrift:
Özbəkistan portalları Azərbaycan Prezidentinin Ağdam və Ağcabədi rayonlarına səfərindən yazır
16.02.2022 [10:23] - Xəbərlər, Siyasət
Özbəkistanın “qalampir.uz”, “darakchi.uz” və “interpress.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam və Ağcabədi rayonlarına səfəri haqqında məqalələr yerləşdirib.

“qalampir.uz”, “darakchi.uz” portalları səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqlarından bəhs edib.

Yazılarda bildirilir ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.

Saytlar yazır ki, görülən işlərlə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Məqalələrdə 44 günlük Vətən müharibəsi haqqında da məlumat verilir, Azərbaycan torpaqlarının 30 illik işğaldan sonra azad edildiyi bildirilir.

“interpress.uz” portalında isə Azərbaycan Prezidenti İlham Əliyevin yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını etməsi haqqında yazılıb.

Məqalədə qeyd olunur ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən “Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed