Şrift:
Pekin Qış Olimpiadasında daha bir nəfərin COVID-19 virusuna yoluxduğu aşkarlanıb
16.02.2022 [10:32] - Gündəm, Sağlıq
“Pekin-2022” Qış Olimpiya Oyunları heyəti arasında COVID-19 infeksiyasına yoluxma halları davam edir. Ötən sutka 69 min 817 nəfərdən PCR (polimerazalı zəncir reaksiyası) götürülüb. Onlardan bir nəfərinin test cavabı pozitiv olub.

24-cü Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən sutka Olimpiadaya xaricdən 31 nəfər gəlib. Onların arasında yoluxma aşkarlanmayıb. Olimpiya Oyunları üçün təsdiqlənmiş epidemiya əleyhinə qaydalara əsasən, Olimpiadaya cəlb olunanların gündəlik test prosesi nəticəsində bir nəfərin virusa yoluxması müəyyən olunub.

“Pekin-2022” Qış Olimpiya Oyunları ilə əlaqədar “qapalı sistem”in tətbiq olunmağa başladığı yanvarın 23-dən bəri 435 nəfərin, o cümlədən 183 idmançının test cavabı pozitiv olub. Yanvarın 23-dən bəri Çinə Olimpiya Oyunları üçün 13 min 578 nəfər gəlib. Həmin gündən indiyədək “Pekin-2022” ilə əlaqədar 1 milyon 523 min PCR analizi götürülüb.

Qeyd edək ki, COVID-19 pandemiyasına təsadüf edən “Pekin-2022” Qış Olimpiya Oyunlarında epidemiya əleyhinə xüsusi qaydalar tətbiq olunur. Xaricdən gələn bütün heyət üzvləri hava limanından etibarən “qapalı sistem”ə düşür. Onlar “Olimpiya kəndi”, yarış məkanları və Olimpiya Oyunları üçün nəzərdə tutulan digər yerlərdən kənara çıxa bilməzlər. Bu qayda Olimpiya Oyunlarına cəlb olunan yerli heyətə də aiddir.
Bu xəbər oxucular tərəfindən 1186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed