Şrift:
Vellinqtonda etirazçılarla polis arasında qarşıdurma baş verib
22.02.2022 [09:40] - Gündəm, Hadisə
Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində etirazçılarla polis arasında qarşıdurma baş verib.

“Radio New Zealand National” radiostansiyasına istinadla xəbər verir ki, bir neçə etirazçı saxlanılıb və polis əməkdaşlarından xəstəxanaya yerləşdirilənlər var.

Yeni Zelandiya paytaxtında koronavirusa qarşı məcburi peyvənd vurulmasına və sanitar məhdudiyyətlərə görə etirazlar artıq iki həftədir ki, davam edir. Qarşıdurma polisin parlamentin binası qarşısında quraşdırılmış çadırları götürmək tələbindən sonra baş verib.

Vellinqton polisinin hadisə ilə bağlı yaydığı bəyanatda bildirilir ki, üzünə yandırıcı maddə atılan üç polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Həmçinin etirazçılardan birinin avtomobili qəsdən polislərin üzərinə sürməsi səbəbindən də xəsarət alanlar var.

Etirazçılardan iki nəfər polisə müqavimət göstərdiyinə görə, biri isə avtomobili onları üzərinə sürdüyünə görə saxlanılıb.

Etirazçılarla ünsiyyətdən imtina edən Yeni Zelandiyanın Baş naziri Casinda Ardern onların davranışını “tamamilə biabırçılıq” adlandırıb və onları şəhər küçələrini tərk etməyə çağırıb. Parlamentin spikeri Trevor Mallard da bütün parlament partiyaları adından etirazçılarla dialoqun olmayacağını deyib. Onların hərəkətlərinin qanunu aşdığını bildirib.

Xatırladaq ki, Vellinqtonda etirazlar fevralın 8-də başlanıb. Ölkənin müxtəlif regionlarından gələnlər parlamentin qarşısında çadırlar quraraq, hökumətin koronavirusa qarşı tətbiq etdiyi məhdudiyyətlərə və məcburi peyvəndə etirazlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1057 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed