Şrift:
Su çərşənbəsi, yaxud Əzəl çərşənbə
22.02.2022 [10:02] - Xəbərlər, Mədəniyyət
İlaxır çərşənbələr özünəməxsus ayinlər silsiləsidir ki, ilkin təsəvvürlər toplu halında bütün xalq tərəfindən gen yaddaşında yaşadılır. Həmin ayinlər sisteminin ümumi məzmunu ondan ibarətdir ki, Allah ilk olaraq, qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi–aləm ancaq sudan ibarət olur. Sonra odun köməyilə suyun xassələrini dəyişdirir və günəşin şüaları ilə suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxarır. Torpaq meydana gəlməklə dünyanın bir çox elementlərinin doğuşuna şərait yaranır. Çünki bir sıra işlər paralel aparılır. İlk insan suyun dibindəki gildən, yaxud Allahın gərgin zəhmət çəkdiyi anlarda alnından düşən tərdən yaranır və s. Uca Allah Yel vasitəsilə ilkin yaranışları bir məkandan digərinə (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə də yel vasitəsilə) ruhu meydana gətirir.

Bu fikirləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı deyib.

Müqəddəs günlərin çərşənbə seçilməsinin isə bir izahı budur ki, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini yerinə yetirib, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlayıb. Üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaradıb, altıncı gün yaranışların hamısına can (ruh) verib, yeddinci gün bütün işlərini tamamlayıb istirahət edib. Bu inama görə, bütün yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbəyə düşür. Qədim türklərdən fərqli olaraq ərəblərdə ən uğurlu gün cümə axşamı, xristianlarda isə bazar günüdür.

Ulu babalarımız haqlı olaraq belə qənaətə gəliblər ki, “Sulu ev abad, susuz ev bərbad olar”. Təsadüfi deyil ki, müqəddəs ilaxır çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir. Mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin əzəli, çıxış nöqtəsidir. Bütün varlıqların meydana gəlməsinə, Yer üzərində mövcudluğuna və məhvinə səbəb sudur. Susuz həyatın davamı mümkün deyil.

Şumer-akkad mifoloji sistemində bütün dünyanı əhatə edən yeraltı şirin sular və dünya okeanı Abzu adlanır. Maraqlıdır, “abzu” sözündəki birinci heca – “ab” farsca (bu söz bizdə də eyni mənada işlənir), ikinci heca “zu/su” türkcə su mənasını verir. Abzunun sahibi Enkidir. O, Ereduda yaşayır. Sonralar Enki Uredə yerləşən məbədə köçür. Məhz həmin yer əvvəllər Abzu, yaxud “Enqurranın evi” (Kramerə görə, “Enqurra” şumerlərdə “Abzu” sözünün sinonimi kimi işlənir) adlanırdı. Eyni zamanda, Abzu yerin dərin qatlarında gizli qalan sirli yer mənasını verir, ora hətta tanrılar gedə bilmirlər. İlahiliyin “me” adlanan məğzi həmin yerdə saxlanılır. Abzu məbədinin Enkinin tabeliyində olan sakinləri abqalilər mədəniyyətin yaradıcıları və daşıyıcılarıdır. Kramer göstərir ki, “abqal” akkadca “müdrik deməkdir. Bu sözün də kökündə “ab”a rast gəlirik. Su aydınlıqdırsa, müdriklik də fikrin aydınlığıdır. Şəhər salmaq işi abqalilərin adı ilə bağlanır. Şumer miflərində Enki ilə Ninmah ilk insanı Abzunun dibindəki gildən düzəldiblər. Şumerlər “ab” kəlməsindən fərqli olaraq “su” sözünü ayrılıqda da işlədirdilər. M.Belski eramızdan əvvəl III minilliyin birinci yarısına aid bir lövhədəki kiçik mətnin transkripsiyasını verir: “Lulu azu. Lulu – Ure də “suyun bilicisi” kimi təcrübə qazanan tanrıdır”. Suyun tanrılıq funksiyası daşıması Vavilyon kosmoloji təsəvvürlərində də özünü göstərir. Akkadların “Enuma Eliş” dastanında göstərildiyi kimi, Apsu dünya okeanını bildirir və həyatın, canlılığın mənbəyi, ilkin təbii fəlakətlərin səbəbkarı hesab olunur. Apsu Tiamatla evlənəndən sonra öz şirin sularını arvadının acı sularına qatıb ilk şər allahlarını – Lahmu və Lahamunu (qorxunc tanrılardır, yarıadam, yarıbalıq şəklində təsvir edilirlər, bədbəxtliklərin, qəzaların, fəlakətlərin törədiciləri sayılırlar) yaradır. Apsunun bu hərəkəti gənc allahlar nəslinin qəzəbinə səbəb olur. İki nəsil allahları (yaşlılar və gənclər) arasında gərgin mübarizə başlanır. Apsu məsləhətçisi Mummu ilə gənc allahları yox etmək qərarına gəlir, tədbirlər arayır. Lakin gənc allahların nümayəndəsi Eyya daha ağıllı tərpənir, hiylə işlədib Mummunu aradan götürür və Apsunu yuxuya verib öldürür. Apsunun qəbri üzərində məqbərə ucaldırlar. Dünyanın bütün suları ehtiram göstərmək üçün yolunu oradan salır. Mifdə saf suyun yaradıcısı öz nəslini Yer üzündə yaradandan sonra meydandan çıxarılır. Apsunun törəmələri iki qismə bölünür: şirin və acı sulara.

Azərbaycan mifoloji təsəvvürlərində su çox hallarda odla əlaqəli təsvir edilir. Belə ki, bir çox arxaik nağıllarda su həyatın əsas mənbəyi kimi göstərilir. Lakin insanlar sudan qıtlıq çəkirlər, ona görə ki, çayın mənbəyində çoxbaşlı əjdaha əyləşmişdir. Ona yalnız gözəl qız qurban verəndə azca su buraxır. Əjdaha ağzından od püskürür. İsti və quraqlıq torpağın bağrını dəlik-deşik edir. Maraqlıdır ki, Su çərşənbəsindən sonra Od çərşənbəsi gəlir. Əgər birinci soyuğun sınması, qarların və buzların əriməsi, suların axıb çayları doldurması ilə əlaqələndirilirsə, ikincisi onun səbəbi kimi nəzərə çarpır – od, isti olmasa qarlar, buzlar əriməz. Məhz ona görə də inanclarda, atalar sözü və məsəllərdə su ilə od birlikdə təqdim olunur: “Odu su ilə söndürmək günahdır”, “Su ilə odun nə oyunu?” .

Azərbaycan türklərinin qədim inancına görə, su anası – su ruhu dumanlı havada qəflətən göldən çıxır və əlindəki qızıl qabdan (müasir variantında “vedrə” şəklinə düşüb) rastlaşdığı adamlara su çiləyir. Damcılar kimin üstünə düşsə, o adam həmin gün şərlə qarşılaşır. Doğrudan da, elə ki, dumanlı havada yağış damcılamağa başlayır, qəflətən adamın üzünə su düşəndə, səksənir, qorxu hissi keçirir. Bizcə, dilimizdə “şərləmək” mənasını verən “vedrə bağlamaq” və “gözüm səndən su içmir” sabit söz birləşmələri həmin inancla əlaqədar yaranıb.

Su anası – ümumtürk mifik təfəkkürünün məhsuludur və su ruhuna verilən addır. Qazan və Qərbi Sibir türklərində “Suv anası”, karaçaylarda “Su anası”, Sibir türklərində “Su iyəsi” (yəni sahibi, yiyəsi şəklində bizdə də işlənir) insan cildində çay suları üzərində görünür, səhərlər dan söküləndə ağ, uzun saçlarını qızıl dişli daraqla darayır. Ona qarşı hörmətsizlik edilsə, quraqlıq olar, insanlar yaşayan yerləri xəstəlik bürüyər, su bütün canlıları dibinə çəkər, çaydan keçənlər boğular. Miflərdə “Su babası”, “Su uşaqları” adlanan ruhlara da təsadüf edilir. Guya şər qarışandan sonra Su babası körpünün üstünə gəlir, körpələrini çimizdirir.

Su ruhlarının bəziləri ancaq şər işlərin təmsilçisi kimi göstərilir, gecələr yola çıxan sadəlövh adamları aldadıb özləri ilə suya doğru aparırlar. Şər su ruhları əksər hallarda uzun, dağınıq, gümüşü saçlı qarı sifətində peyda olur, əllərində qızıl su qabı və yekə dişli qızıl daraq tuturlar. Başqırdların inancına görə, “Su iyəsi” dünyadakı bütün suların sahibkarıdır. O, böyük ailəsi ilə göllərin dibində yerləşən iri daşların altında yaşayır. Var-dövləti başından aşıb-daşır. Lakin şər ruhlardan fərqli olaraq “Su iyəsi”nin, eləcə də qohumlarının insanlara heç vaxt ziyanı dəymir.

Yer-Su altayların, xakasların, qırğızların, eləcə də Azərbaycan türklərinin mifik təsəvvüründə yerin, suların yaradıcısına verdikləri müqəddəs adlardan biridir. Qədimlərdə orta dünyanın Baş tanrısı da “Iduk Yer-Sub”(Yer-Su) sayılırdı. Altaylarda insanlara qəyyumluqla xarakterizə olunan Baş Ruh - xeyirxah tanrı da belə adlanır. Miflərin birində deyilir ki, Yer-Su ruhları (tanrıları) on yeddidir. Onlar dağ silsiləsinin qarla örtülü ən yüksək zirvəsində və çayların başlanğıcında – mənbəyində məskən salırlar. Əski yazılı Çin mənbələrində göstərilir ki, türklərə məxsus Yer-Su ruhlarının ən nəhəngi – Yo-qan (xan) dünyanın mərkəzinə – göbəyinə gəlir, orada böyük palıd ağacı (dünya ağacını) yetişdirir ki, başı Ulgenin evinə çatır. Yo-qanın oğlanları: Se-qan (Su), Temir-qan (Dəmir), Talay-qan, yaxud Yayik-qan (Yay-ox), Adam-qan, Mordo-qan, yaxud Aba-qan (su mənasındadır), Altay-qan, Qırğız-qan, Yabaş-qan, Azər-qan, Edər-qan və s.

Çox hallarda axar bulaqlar və çayların mənbələri müqəddəs yerlər sayılır.

Su çərşənbəsi mərasimində dan yeri söküləndə camaat su üstünə gedir. İlk növbədə, hamı əl-üzünü yuyur, bir-birinə su çiləyir, arx üstündən adlayırlar. Əski inama görə, su çərşənbəsində günəşin şəfəqdə göründüyü andan şüalarının yaladığı su təzə və müqəddəs hesab edilirdi. Həmin suda yuyunan ürəyində tutduğu arzuya çatırmış. Tədqiqatçıların fikrincə, Xızırın dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz “Əzəl çərşənbə” olmuşdur .

Ulularımız su qırağında, bulaq başında, arx kənarında suya müraciətlə nəğmələr oxuyurdular. Nəğmələrin bir qismində ilkin təsəvvürlər qorunub saxlanıb. “Allah, məni su elə, su gözəllər yüküdü” yalvarışında başlanğıca, ilkinə dönüş ideyası əks olunur. Doğrudur, sonralar nəğmələrin bəzi sözləri dəyişdirilib və bütövlükdə məhəbbət motivinə uyğunlaşdırılıb. Lakin dərin qatlardakı əski inanclarla səsləşmələr az da olsa, nəzərə çarpır. Belə ki, suya dönməklə qız eyni candan ayrılan sevgilisinə qovuşmaq ümidindədir. Başqa nümunədə “Aləmə can payladın” - deyə suya ilahi qüdrətə malik fövqəltəbii varlıq kimi üz tutulur, onun insanlara ancaq yaxşılıq etdiyi vurğulanır. Ümumiyyətlə, nəğmələrdə çox hallarda analar çaylardan, göllərdən qürbətə düşən oğlanlarının sorağını istəyirlər. “Kitabi-Dədə Qorqud”da su ona görə aydınlıq sayılır ki, tanrının üzünü görmüşdür. Bir bayatıda isə qızın ən ümdə arzusu suya çevrilməkdir. Onun “Kaş ki, mən su olaydım, su qızların yüküydü” istəyində suyun qadın başlanğıc olmasına işarə olunur.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed