Şrift:
İranın 11 müxalifət təşkilatından nüvə danışıqlarına etiraz: "Avropa Tehranla fəlakətli danışıqlar siyasətinə son qoymalıdır"
22.02.2022 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Böyük Britaniyanın baş naziri Boris Conson, Almaniyanın federal kansleri Olaf Şults və Fransa prezidenti Emmanuel Makrona ünvanlanmış məktubda bildirilib ki, Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün xalqın hökuməti devirmək cəhdləri dəstəklənməlidir.

Bildirilir ki, sözügedən müxalif qruplar İranla nüvə anlaşmasına dair danışıqları "uğursuz və fəlakətli siyasət" adlandıraraq Qərb dövlətlərini bu ölkə ilə hər hansı anlaşmadan uzaq durmağa səsləyiblər.

Məktubda sonda qeyd olunub ki, Avropanın İran hökuməti qarşısındakı davranışı İran hökumətinin hərbi və nüvə ambisiyalarına, habelə öz xalqını daha da sıxışdırmasına səbəb olub.

“Qərbin, özəlliklə də Avropanın münasibətlərin yumuşaldılması və dəyişməsi məqsədi ilə İslam Respublikasına qarşı güzəşt etməsi özlüyündə anormal hərəkətdir”-deyə, məktubda qeyd olunub.

Məktubu imzalayan təşkilatlar qeyd ediblər ki, qonşu ölkələr, region və dünyanın ölkələri ilə dinc yanaşı yaşama və əməkdaşlıq, bölgədə sabitliyin qurulması üçün İranda dünyəvi və demokratik sistemin qurulması vacibdir.

Bundan öncə yanvarın 31-də Amerikada mühacirətdə yaşayan İranın keçmiş şahının oğlu Rza Pəhləvi Amerika mediasına verdiyi müsahibədə qərb ölkələrinin İran hökuməti ilə danışıqlarının anlamsız olduğunu deyib və bunun nəticəsiz olacağının öncədən bəlli olduğunu bildirmişdi.

Qeyd edək ki, müxalif təşkilatların məktubu nüvə danışıqlarının dirçəldilməsi ilə bağlı razılaşmanın mümkünlüyünün artdığı və tərəflərin danışıqlarda irəliləyiş olduğunu vurğuladığı bir vaxtda yazılıb.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed