Şrift:
Ermənistanda müxalifət seçkiləri boykot etdi
08.01.2013 [09:59] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Fevralın 18-də prezident seçkilərinin qalibi Serj Sərkisyan olacaq

Ana müxalifət adına 2003-cü ildən indiyə kimi Erməni Milli Konqresi qurumu fəaliyyət göstərmişdir. Ana müxalifətin ən böyük uğuru isə 2008-ci il 18 fevral tarixində keçirilən prezident seçkiləri zamanı əldə edilmişdir. Belə ki, faktiki olaraq seçkilərin qalibi olmuş eks prezident Levon Ter-Petrosyan bütün seçki məntəqlərində protokolları əldə edərək xalqı ayağa qaldırmışdı. Sərkisyan iqitidarına qarşı olan bütün çevrələr həmin dönəmdə mart ayının 1-nə kimi paytaxt İrəvanda dinc şəkildə etiraz mitinqləri və küçə yürüşləri keçirdi. 1998-ci ildə dövlət çevrilişi sayəsində hakimiyyətə gəlmiş hərbi xunta etiraz dalğasının çox da uzanmasını istəməyərək dinc əhaliyə qarşı silahları işə salmışdı. Bu dəfə isə seçkilər bir qədər fərqli olacaq. Ana müxalifət öz namizədini irəli sürməməklə faktiki olaraq seçkiləri boykot etmişdir.

İrəvanda hakimiyyətin təlaşı, yoxsa razılaşdırılmış ssenari?

İlk öncə onu qeyd edək ki, Gürcüstanda 2003-cü il “Qızıl Gül İnqilabı” faktiki olaraq bütün Qafqazda demokratiya tərəfdarlarında çox böyük mənada ümidlər oyatmışdı. Ancaq, Qərbin strateji maraqları nəticəsində Gürcüstanda “demokratiya laboratoriyası” strategiyasından uzağa gedilmədi. Ona görə də, Qafqazın digər bölgələrində anti demokratik rejimlərin ömrü nəinki uzandı, hətta onların mövqeləri daha da gücləndi. 2011-ci il oktyabr ayının 1-də Gürcüstanda parlament seçkiləri tamamilə şəffaf keçirildiyi üçün ana müxalifət rolunda iştirak edən “Gürcü Diləyi Hərəkatı” faktiki olaraq həm parlamenti, həm də hökuməti ələ keçirmiş oldu. Elə bu dönəmdə Ermənistanda bir sıra çevrələr “bizim də öz İvanişvilimiz olsun” prinsipi ilə nəzərlərini ən zəngin oliqarxlardan biri sayılan Qaqik Tsarukyana dikməyə başladılar. Elə bu dönəmdə Tsraukyan bu etimadı doğrultmaq üçün Suriyadan gəlmiş erməni qaçqınlarına yardımlar etməyə başladı. Digər yandan isə o, bir sıra humanitar və mədəni sahələrdə aksiyalara start verdi. İlk baxışda bütün bunlar onun gerçəkdən də 18 fevral prezident seçkilərinə hazırlaşması kimi görünürdü. Hətta bəzi QHT qurumları və ictimai təşkilatlar Tsarukyana dəstək hərəkatını belə qurmağa hazır olduqlarını elan etmişdilər.

Budur Mərkəzi Seçki Komissiyasının 17 dekabr tarixli qərarı ilə prezident seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlanılan kimi, siyasi pərdənin arxasında nələrin dayandığı dərhal üzə çıxdı. Qaqik Tsarukyan və onun lideri olduğu “Çiçəklənən Ermənistan Partiyası” gözlənilmədən toplantı keçirərək seçkilərdə öz namizədini irəli sürməyəcəyini və indiki prezident Serj Sərkisyanı müdafiə edəcəyi barədə qərarını verdi. Beləliklə ölkədə hakimiyyət dəyişikliyinə olan bütün ümidlər də öldü. Hakimiyyət dəyişikliyi prosesinə gözlənilmədən sarsıdıcı zərbə ana müxalifətdən gəldi. Belə ki, Erməni Milli Konqresinin sıralarında 17 siyasi partiyanın və 23 QHT təşkilatının birləşməsinə baxmayaraq, ana müxalifətin lideri Levon Ter-Petrosyan 68 yaşının olmasını bəhansilə seçkilərə namizəd kimi qatılmayacağını bəyan etdi.

Hakimiyyət bütün bu prosesləri diqqətlə təqib edərək dərhal “cib müxalifəti”n hərəkətə keçməsi üçün işarə verdi. Çünki, dünya birliyinə ölkədə demokratik seçkilərin keçirilməsi və namizədlərin bolluğu görünütüsünü yaratmaq xunta rejimi üçün göydəndüşmə bir olaydır. Yəni başağrısız seçki tamaşasının effektini yaratmaq hakimiyyətin öz mövqeyini qorumaq deməkdir.

Namizədlər bolluğunda “Şən Həyat Kolxozu”

Ermənistan Milli Birlik Partiyasının sədri Aram Arutyunyan, bölücü Dağlıq Qarabağ rejiminin bir zamanlar xarici işlər naziri olmuş Arman Melkumyan, keçmiş dissident və 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərəkatının liderlərindən biri olmuş, Öz Müqəddəratını Təyinetmə Partiyasının sədri Paryur Ayrikyan, müstəqil namizədlərdən Vardan Sərdakyan və Mqer Ayrapetyan, Azatutyun Partiyasının sədri, eks baş nazir Hrant Baqratyan, İrs Partiyasının sədri Raffi Ovannisyan, Ermənistan Xalq Partiyasının lideri Tiqran Karapetyan, Yeni Zaman Partiyasının sədri Aram Karapetyan namizədliklərini irəli sürmüşlər. Müstəqil namizədlər qismində Arman Melkumyanın əsas vəzifəsi seçki prosesində müxalifəti təhqir etmək və aşağılamaqdan ibarət olacaqdır. O, 2008-ci il prezident seçkilərində məhz bu üsuldan istifadə etmişdir. Ermənilərin ən əski siyasi partiyaları olaraq Daşnaksütyun Partiyası, Ramkavar Azatakan Partiyası, Hnçak-Sosial Demokrat Partiyası isə seçkilərdə öz namizədlərini irəli sürməyəcəklər. Bu barədə həmin partiyaların xüsusi qərarı da vardır. Daşnaksütyun Partiyasının sözçüsü Aqvan Vardanyan yaranmış vəziyyətdən yayınmaq üçün belə demişdir: “Biz çox gözəl bilirik ki, prezident seçkiləri saxtalaşdırılacaq. Əslində seçkilərə qatılmamaqla saxtakarlıqlara şərik olmaq istəmirik”.

Ana müxalifəti təmsil edən Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan yaşını bəhanə etməklə yanaşı, müxalifəti təmsil edən nisbətən gənc olan hər hansı bir namizədi müdafiə etməyə hazır olduğunu qeyd etmişdir. Mənim təxminlərimə görə iqtidar bu dəfə də seçkiləri total şəkildə saxtalaşdıracaq. Seçki qutusundan Serj Sərkisyan 90 faiz səslə çıxacaq. Çünki, Sərkisyan Səddam Hüseyn, Müəmmər Qəddafi və digər diktatorlar kimi çox qəddardır. Bu diktatorlar da bir zamanlar xalqın böyük əksəriyyətinin səsini qazandıqlarını elan etməkdən zövq alırdılar.

Hakim Respublika Partiyasının yedəyində gedən və hətta koalisiya ortağı olan Orinats Erkir Partiyası (qanunlar ölkəsi) qurultay keçirərək öz namizədini deyil, indiki prezident Serj Sərkisyanı müdafiə etmək haqqında qərar qəbul etmişdir. Partiyanın lideri Artur Bağdasaryan bildirmişdir ki: “Biz mövcud reallığı nəzərə alaraq bu addımı atırıq. Çünki, Ermənistanda indi siyasi kataklizmlərlə müşahidə olunan durumdan daha çox, stabil bölgə siyasəti daha çox lazımlıdır”. Erməni siyasi təlilçilərinin fikrincə bu dəfə seçkilərdə “cib müxalifət”i təmsil edən namizədin olması Serj Sərkisyanın çox asanlıqla qalib gəlməsinə xidmət göstərilməsi ilə nəticələnəcək. Bu sırada isə ilk yeri Jaranqutyun (irs) Partiyası və onun lideri Raffi Ovannisyan tutur. Çİçəklənən Ermənistan Partiyasının rəhbərliyinin seçkilərə start verilməmişdən öncə Moskvada bir sıra təmaslara qatılması, həm də eks prezident Robert Köçəryanla anlaşmalara getmələri nəticəsində bu partiyanın namizədi seçkilərə qatılmayacaq. İrəvandakı siyasi kuluarlarda da qeyd olunur ki, Köçəryan Ermənistandakı biznesinin təminatını aldığı üçün Serj Sərkisyan asanlıqla, heç bir problem olmadan sərbəst şəkildə seçkilərə qatılmaq qərarını vermişdir. Sərkisyan Çiçəklənən Ermənistan Partiyasının seçkilərə qatılmamaq haqqında verdiyi rəsmi qərardan sonra, seçkilərə iştirak etməyə razı olduğunu elan etmişdir. Seçki prosesində nisbətən loyal müxalifət adına Azatutyun Partiyasının lideri Hrant Baqratyan da fəallıq göstərəckdir. Müşahidəçilərin fikrincə seçkilərdə gözlənilməz addımları yenicə ana müxalifətdən ayrılmış Cümhuriyyət Partiyasının lideri, sabiq baş nazir Aram Sərkisyandan gözləmək mümkündür. Çünki, onun qardaşı Vazgen Sərkisyan baş nazir olduğu vaxt indiki rejimi idarə edənlər parlamentdə onu terror edərək öldürmüşlər. Hal-hazırda Aram Sərkisyanın siyasi mövqeyi bir qədər bəlirsiz bir durumdadır.

Qərbin gözü qarşısında saxtakarlıq

Qərb ölkələri postsovet məkanında daim mövqelərini gücləndirmək məsələsində insan haqları və demokratiya, azad seçki siyasətinə üz tutmuşdur. Demokratiya və insan haqlarının ən çox pozulduğu ölkələrdən biri olan Ermənistan məsələsində sadəcə illik hesabatlarda müəyyən qınaqlar ifadə olunsa da, heç zaman hakimiyyətə qarşı sərt şəkildə təpkilər göstərilməmişdir. 2008-ci ilin 1 mart tarixində dinc insanların küçə və meydanlarda ordu tərəfindən gülləbaran olunması belə, bölgədə heç nəyi dəyişmədi. Qərb dövlətləri hərbi xunta rejimi qanunları ilə idarə olunan bölgədə insan haqlarının qorunması istiqamətində institutların belə iflasa uğradılmasında passiv mövqe sərgilədi. Elə buna görə də Ukrayna, Gürcüstan və Moldovada Qərbin mövqeləri ötən yüzilin 90-cı illərinin sonlarına nisbətən daha da zəifləmişdir. Halbuki, 10-15 il bundan öncə Qərbdə səslənən hər bir fikir az qala doqmatik dəyər şəklində qəbul olunurdu.
Serj Sərkisyan 1998-ci ildə öz yaxın silahdaşı Robert Köçəryanla birlikdə parlamentdə terror hadisələrini törətməklə baş nazirin, parlamentin sədrinin, bir neçə nazirin və millət vəkilinin ölümünə səbəb olmuşdular. Onlar qanunla seçilmiş prezidenti, hökuməti və parlamenti istefa verməyə məcbur etmişdilər. 2008-ci ildə Serj Sərkisyan da Robert Köçəryan kimi silahlı qırğınlar törətməklə hakimiyyətə gəlmişdir. O, bu dəfə də nəzarətindəki hərbi resurslarla həm ölkə daxili, həm də beynəlxalq birliyi təhdid etməkdə davam edir. Durumun belə bir məcrada inkişaf etməsi postsovet məkanına xas olan bütün seçki proseslərinə total şəkildə bir laqeydliyin yaranmasına səbəb olmuşdur. Beləliklə demokratiya, insan azadlıqları və liberallaşma dəyərləri də arxa planda qalır. İrəvandakı “Qafqaz Araşdırmalar İnstitutu”nun rəhbəri Aleksandr İsgəndəryan haqlı olaraq qeyd edir ki, indi Ermənistanda elə bir durum yaranmışdır ki, artıq əhalinin hər hansı bir seçkiyə olan marağı da tamam ölmüşdür. İnsanlar elə bil ki, seçkilərə adi bir oyun kimi baxırlar. Ən azından bələdiyyə, parlament və ya prezident seçkiləri zamanı ölkədə reformların aparılması istiqamətində siyasi iradə ortaya qoyulmuş olsaydı, bu zaman əhalinin maraqları da artmış olacaqdı. İldən ilə müxalifətin maliyyə qaynaqlarının daraldılması prosesi də demokratik mühitin inkişafına vurulan ən böyük zərbələrdən biridir”.
“Demokratiya və Əməkdaşlıq” qurumunun sədri Qaqik Avakyanın fikrincə Ermənistanda faktiki olaraq demokratik institutlar passiv mövqeyə keçmişlər. Belə ki, onlara əvəllər olduğu kimi Qərbə məxsus demokratik institutlar tərəfindən qrant layihələri şəklində maliyyə yardımları göstərilmir. İrəvanda isə hökumət bu qurumların hər bir addımını diqqətlə təqib edir. MSK-nın verdiyi açıqlamaya görə, 18 mart seçkilərində ən çox müşahidəçilər hər dəfə olduğu kimi MDB məkanından olan nümayəndələr təşkil edəcəkdir. Seçkilərin saxtakarlıqla keçməsinin səbabkarı olan Qərbin bu dəfə də müəyyən qüsurları qabartmaqla öz vəzifəsini yerinə yetirməklə kifayətlənəcəkdir. Daha sonra isə “bu seçkilərlə xalq və dövlət demokratiyaya doğru bir addım da irəlilədi” ibarəsini işlədəcəkdir.
Ənvər BÖRÜSOY
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed