Şrift:
“Azneft” İstehsalat Birliyinin Baş direktoru “Online B2G Forum” iştirakçılarının suallarını cavablandırıb
25.02.2022 [10:25] - Gündəm, İqtisadiyyat
“Azneft” İstehsalat Birliyinin Baş direktoru Şahmar Hüseynov “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.

Bu barədə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Görüşdə Şahmar Hüseynov “Online B2G Forum” iştirakçılarını salamlayaraq “Azneft” İstehsalat Birliyinin son illər ərzində gördüyü işlər haqqında ətraflı məlumat verib. O bildirib ki, qarşıda duran əsas hədəflər insan kapitalının inkişaf etdirilməsi, təhlükəsiz iş şəraitinin qorunması və təkmilləşdirilməsi, karbon emissiyasının sıfıra salınması, maliyyə imkanlarından səmərəli istifadə, - gəlirlərin artırılması, yeni neft-qaz yataqlarının kəşfiyyatı, mövcud yataqların işlənməsinin optimallaşdırılması, quru yataqlarının reabilitasiyası, - hasilatının yüksəldilməsi, neft-qaz hasilatının stabil saxlanması, artırılması və beynəlxalq standartlara cavab verən neft-qaz əməliyyatları sistemi qurmaqdır.

“Azneft” İstehsalat Birliyinin tərkibində ümumilikdə 15 idarə olmaqla, dənizdə 4, quruda 4 neft-qaz çıxarma, 1 qaz anbarlarının istismarı idarəsi, 1 qaz emalı zavodu və 5 yardımçı idarə mövcuddur. Ümumilikdə 12 mindən çox insanı əhatə edən, şərəfli neftçi adını daşıyan kollektivin hər bir üzvü səylə çalışaraq ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir.

Şahmar Hüseynov diqqətə çatdırıb ki, ötən il “Azneft” İstehsalat Birliyinin əsas fəaliyyət göstəriciləri müsbət tendensiya üzrə davam edib. Belə ki, 2021-ci ildə neft hasilatı planlaşdırılan hasilatdan 6 faiz, 2020-ci ilə nisbətən 8 faiz , 2019-cu ilə nisbətən isə 4 faiz çox olub. Həmçinin qaz hasilatı planlaşdırılan hasilatdan 3 faiz, 2020-ci ilə nəzərən 9 faiz, 2019-cu ilə nisbətən 14 faiz çox olub. Baş direktor qeyd edib ki, müsbət dinamika bütün NQÇİ və yataqlar üzrə özünü göstərib.

Ş.Hüseynov bildirib ki, neftlə çirklənmiş və lay suları altında qalmış torpaq sahələrinin təmizlənməsi və abadlıq işlərinin görülməsi davam etdirilir. Bu istiqamətdə ötən il 212 hektardan çox ərazidə mexaniki rekultivasiya və abadlaşdırma işləri aparılıb. Təmizlənmiş torpaqların əksər hissəsi idarə və müəssisələrin daxili imkanları hesabına həyata keçirilib. Ötən 6 ildə ətraf mühitin sağlamlaşdırılması məqsədilə neftlə və lay suları ilə çirklənmədən təmizlənmiş torpaq sahələrində 490 min müxtəlif növ ağac və gül kolu əkilib, bununla da yaşıllıq sahələri əlavə olaraq 73 hektar artırılaraq 215 hektara çatdırılıb.

Daha sonra Ş.Hüseynov “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

“Caspian Energy Club”un sədri açıq və səmimi dialoqa görə Şahmar Hüseynova təşəkkür edib. Telman Əliyev, həmçinin “Azneft” İstehsalat Birliyi və “Caspian Energy Club” arasında birgə ikitərəfli işçi qrupunun mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed