Şrift:
Almaniya portalında Xocalı soyqırımına həsr olunmuş məqalə dərc edilib
02.03.2022 [09:22] - Xəbərlər, Siyasət
Almaniyanın “ostexperte.de” portalında Urs Unkaufun müəllifliyi ilə “Xocalı qətliamının 30-cu ildönümü. Azərbaycan xalqının faciəsinin ölçüləri” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin postsovet məkanındakı ən qədim münaqişələrdən biri olduğu bildirilir. Deyilir ki, münaqişənin səbəbləri Ermənistanın uzun müddət Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları ilə bağlıdır. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi bu münaqişənin ən kədərli məqamlarından biridir.

Diqqətə çatdırılıb ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycan ərazilərini işğal etmək planını həyata keçirmək üçün ölkəmizə qarşı təcavüzkar müharibəyə başlayıb. Dağlıq Qarabağın Azərbaycandan birtərəfli qaydada qoparılması və Ermənistana birləşdirilməsi əsas məqsəd olub. Nəticədə Ermənistan Xocalı da daxil olmaqla, Dağlıq Qarabağı və Azərbaycanın digər yeddi rayonunu işğal edib. Ermənistanın təcavüzü nəticəsində baş verən müharibə 30 mindən çox şəxsin həyatına son qoyub. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, minlərlə insan itkin düşüb.

Məqalədə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ağır artilleriya atəşindən sonra keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə erməni birləşmələri Xocalı şəhərinə hücuma keçiblər. Şəhərdə qalan təxminən 2500 sakin Azərbaycanın nəzarətində olan ətraf ərazilərə qaçmağa çalışıb. Lakin qaçanların bir hissəsi pusquya salınaraq öldürülüb, digər bir qismi Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında əsir götürülüb. İçərisində çox sayda qadın və uşağın olduğu mülki əhali dağlıq və meşəlik ərazilərdən qaçmağa çalışarkən donaraq həlak olub. Qaçanların yalnız kiçik bir qismi Ağdam şəhərinə çatıb.

Müəllif Urs Unkauf vurğulayıb ki, Xocalıda baş verənlərin Ermənistan ilə Azərbaycan arasındakı Qarabağ münaqişəsində ən böyük qətliam olmasına hər hansı şübhə yoxdur. O qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazanılan Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə Xocalı qurbanlarının xatirəsinin anılmasına yanaşma da bir qədər dəyişib. Bu yaranın Azərbaycan xalqının yaddaşında dərin izlər buraxmasına və sağalması üçün uzun müddət lazım olmasına baxmayaraq, bu, iki ölkə arasında gələcəkdə yarana biləcək sülhə mane olmur.
Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed