Şrift:
Bakıda möhtəşəm “Azaflı gecəsi”
08.01.2013 [12:15] - Mədəniyyət
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə növbəti – 2013-cü ildə Birliyin ilk mədəni proqramı, möhtəşəm “Azaflı gecəsi” keçirilib.

Gecənin aparıcısı filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev respublikamızda aşıq sənətinə, ümumiyyətlə mədəniyyətə göstərilən yüksək dövlət qayğısından bəhs edərək, bu qayğıdan ruhlanan nüfuzlu ziyalıların, ictimai birlik­lərin də yaddaqalan proqramlar tərtib etdiyinə diqqət çəkib və “Azaflı gecəsi”nin də belə bir proqram olduğunu bildirib. Ozan-aşıq yaradıcılığını böyük mədəniyyət hadisəsi kimi xarakterizə edən professor Qəzənfər Paşayev ustad Mikayıl Azaflı yara­dıcılığı üzərində dayanaraq, öz fikirlərini bildirib.

Sonra söz gecənin təşkilatçısı olan “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevaya verilib. Xanım millət vəkili bu proqramın Türk Dünyasının böyük ozanı Mikayıl Azaflının yara­dıcılığı əsasında tərtib olunmasının və məhz “Azafli gecəsi” adı ilə Cənubi Azərbaycan aşıqlarının ifası və iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyib. “Bu gecə sadəcə Cənubi Azərbaycan aşıqları böyük ustad Mikayıl Azaflını oxuyacaq və bunun böyük mənası var”, - deyən millət vəkili Qənirə Paşayeva böyük ustadın

“Qoca Azaflıyam, dilim var lalam,

Təbrizdə qartdaşım, Sibirdə balam,

Elə bir dərd varmı çəkməmiş olam,

Bax, onlar ağartdı saçımı mənim”

misralarını xatırladaraq, ustadın ya­ratmış olduğu sənət incilərinin Güney Azərbaycan aşıqlarının ifasında səslən­diril­məsini xüsusi hal olaraq qiymətləndirib. Milli sənətin Güney Azərbaycandan olan nümayəndələrini eyni zamanda milli düşüncənin daşıyıcıları olaraq tanıdığını vurğulayan Qənirə Paşayeva bunu hörmətəlayiq hadisə kimi xarakterizə edib.

Tamaşaçıları yeni il münasibəti ilə təbrik edən Qənirə Paşayeva növbəti "Azaflı gecəsi"ni Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz torpaqlarımızda, Dağlıq Qarabağda, Xankəndində, Şuşada və bütün o gözəl bölgələrimizdə keçirməklə bağlı arzusunu, inamımını ifadə edib.

“Azaflı gecəsi”ndə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədr müavini professor-doktor Məhərrəm Qasımlı və Birliyin Cənubi Azərbaycan üzrə koordina­toru Böyükbəy Ələkbəroğlu da gecənin təşkilatçəlarına təşəkkürlərini bildiriblər. Natiqlər Mikayıl Azaflının aşıq sənətinə böyük xidmətlərindən, 12 aşıq musiqisini bəstələməsi, böyük poeziyası, şəxsiyyəti, daim millətinin danışan dili olan bir ziyalı, aydın olması, gənc nəsillərin xüsusilə aşıq sənətinin davamçılarının ondan böyük örnək götürməsinin önəmindən,aşıq sənəti, onun təbliği və tədqiqi sahəsində görülmüş və görülməli olan işlər barədə fikir və mülahizələrini bölüşüblər.

Gecədə Cənubi Azərbaycandan olan tanınmış aşıq Çingiz Biriyanın başçılıq etdiyi aşıqlar ansambılı – aşıqlar Cavad Məhərrəmi, Bəhmən Qurbanzadə, Cəfər Xakipur, Əsgər Məhərrəmi, Səyyad Kazımi, Məhəmməd Xrədmənd, balabançılar – Yusif Məhərrəmi, Əkbər Sərvazi, Əlirza İmampur marqalı konsert proqramı ilə çıxış ediblər. Gecədə həmçinin Azaflı ocağının övladları – Gülarə Azaflı, Aşıq Hakim, Minayə Azaflı, ustadın nəvələri – Roman Hakimoğlu və Məhsəti Azaflı çıxış ediblər.

Gecənin sonunda millət vəkili Qənirə Paşayeva “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin adından Azərbaycan Aşıqlar Birliyinin Cənubi Azərbaycan üzrə koordina­toru Böyükbəy Ələkbəroğluna və Cənubi Azərbaycan aşıqlarına - Cavad Məhərrəmi, Bəhmən Qurbanzadə, Cəfər Xakipur, Əsgər Məhərrəmi, Səyyad Kazımi, Məhəmməd Xrədməndə və tədbirin ideya müəllifi və aparıcısı filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevə “Aşıq sənətinin inkişafındakı xidmətlərinə görə” xatirə plaketləri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed