Şrift:
Azərbaycanın Polşadakı səfirliyi Ukraynadakı vəziyyətlə bağlı soydaşlarımıza müraciət edib
05.03.2022 [09:13] - Xəbərlər, Sosial
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Ukraynada yaranmış vəziyyətlə bağlı soydaşlarımıza müraciət edib

Müraciətdə Polşa ərazisinə keçmiş Azərbaycan vətəndaşları üçün səfirlik tərəfindən mümkün dəstək göstərildiyi qeyd edilib. N. Qurbanova diqqətə çatdırıb ki, ilkin məlumata əsasən, Ukraynadan Polşa ərazisinə təqribən 1000 nəfər vətəndaşımız keçib. 300 nəfər vətəndaşımız səfirlik tərəfindən mehmanxanalara yerləşdirilib və bu məqsədlə iri tutumlu avtobuslar kirayə götürüb: “Qeyd etmək istərdik ki, bir çox vətəndaşımızın səyahət sənədlərində problem vardır. Həmin vətəndaşlara qayıdış şəhadətnamələrinin əldə edilməsi üçün konsulluq xidməti göstərilmişdir”.

Eyni zamanda, bildirilib ki, obyektiv səbəblərdən hazırda mehmanxanalarda yerlərin sayında ciddi məhdudiyyətlər mövcuddur. Bu səbəbdən Polşanın icra qurumları tərəfindən təşkil edilmiş müvəqqəti sığınacaq yerlərində yerləşdirilmiş vətəndaşlarımızdan xahiş olunur ki, təxliyə olunanadək həmin yerlərdə qalsınlar və yerləşmə ünvanı, pasportlarının fotoşəkli və əlaqə məlumatlarını səfirliyin 0048576900183 telefon nömrəsinə bağlı olan vatsap tətbiqinə göndərsinlər: “Hazırda Azərbaycana təxliyə reysinin təşkili üzərində çalışırıq. Təxliyə səfirlikdə tərtib edilmiş siyahıya müvafiq olaraq həyata keçiriləcək. Növbəlilik əsasında, ilk olaraq qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük veriləcək. Təxliyə barədə məlumat vətəndaşlarımızın telefon nömrələrinə göndəriləcək. Müvafiq məlumat gəldikdən sonra vətəndaşlarımızdan səfirliyin təlimatına uyğun şəkildə hərəkət etmələri xahiş edilir”.

Yekunda imkanı olan vətəndaşlarımızdan xahiş olunub ki, Polşadan Türkiyə və Gürcüstan üzərindən Azərbaycana hərəkət edən təyyarə reyslərindən istifadə etsinlər. Polşada Türk Hava Yolları və LOT şirkətləri gündəlik əsasda Varşavadan İstanbula, LOT şirkəti, həmçinin Tbilisiyə, “Wizzair” şirkəti isə həftədə 3 dəfə Kutaisiyə uçuşlar həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed