Şrift:
Artıq həkimlərdə imtahanla işə qəbul olunacaq
08.01.2013 [16:37] - Gündəm, Sağlıq
"2013-cü ilin yanvar ayından etibarən Azərbaycanda tibb işçilərinin işə qəbulu xüsusi fərman əsasında ancaq mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək". Bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev mətbuata açıqlamasında bildirib.

O.Şirəliyevin sözlərinə görə, səhiyyənin inkişafı daha çox tibb işçilərindən, həkimlərdən asılıdır: "Ona görə də kadr islahatları məsələsi xüsusi əhəmiyyət daşıyır. Bütün səhiyyə müssisələrinin rəhbərlərinə tapşırılıb ki, hər bir vakant yer haqqında məlumat Səhiyyə Nazirliyinin saytında yerləşdirilməlidir. Artıq mütəxəssislər sənədlərini virtual şəkildə, heç yerə getmədən təqdim edə və test imtahanı əsasında işə qəbul oluna biləcəklər. Bununla da bir sıra neqativ hallar aradan qaldırılacaq".

Nazir qeyd edib ki, müxtəlif analizlər, tədqiqatlar üçün dövlət xəstəxanalarından xəstələrin özəl tibb müəssisələrinə göndərilməsinin də qarşısı alınacaq. O.Şirəliyev bununla bağlı baş həkimlərə xəbərdarlıq edib: "Dəfələrlə xəstəlik tarixini açanda görürük ki, xəstənin analizləri nədənsə özəl müəssisələrdə həyata keçirilib. Kompyuter-tomoqraf cihazı olan dövlət xəstəxanasından pasiyent belə müayinə üçün özəl müəssisəyə göndərilir və ona deyilir ki, biz həmin özəl tibb müəssisəsinin müayinəsinə inanırıq. Tədqiqat üçün xəstə dövlət xəstəxanasından özəl tibb müəssisəsinə göndərilməməlidir".

Ekspertlər həkimlərin yeni qayda ilə işə qəbul olunmasını müsbət qarşılayır. Mütəxəssislər hesab edir ki, savadı, biliyi olan şəxs həkim işləyə biləcək.

Həkim ekspert Adil Qeybulla bildirdi ki, bütün dünya ölkələrində həkimlər işə test imtahanı ilə qəbul olunur: "Ancaq Amerikada həkim olmaq istəyən şəxslər imtahana çəkilmir. Amerikada Tibb Universitetini bitirən şəxs həkim işləyə bilməz. Yalnız orta tibb sahəsi üzrə çalışa bilər. Həmin ölkədə həkim işləmək istəyənlər ancaq rezidenturanı oxumalıdır. Rezidenturanı oxuyan şəxsə xüsusi sertifikat verilir. Həmin sertifikatla tibb sahəsi üzrə sərbəst şəkildə çalışmaq olar".

A.Qeybulla hesab edir ki, həkimlərin test üsulu ilə işə qəbul olunması təqdirəlayiq haldır. Onun fikrincə, biliyi olan şəxs həkim olacaq: "Həkimlərin test üsulu ilə işə qəbul olunması Azərbaycan səhiyyəsinin inkişaf etməsinə səbəb olacaq".

"Sağlamlığa Çağırış" QHT Alyansının sədri Süleyman Cəbrayılov hesab edir ki, səhiyyə nazirinin belə bir sərəncam imzalaması səhiyyənin inkişafına təkan verəcək: "Biliyinə güvənən şəxs həkim işləyə biləcək".


Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed