Şrift:
Fərəc Quliyev:Azərbaycan bir çox mədəniyyətlərin birləşdiyi bir ölkədir
10.03.2022 [12:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği

Azərbaycanda bir çox dinə, irqə, milliyyətə mənsub xalq yaşayır. Rəsmi məlumatlara görə, Azərbaycanda əhalinin 10 faizinə qədərini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycanda yaşayan milli azlıqlar- yəhudilər, talışlar, tatlar, avarlar, saxurlar, şahdağ xalqları, ləzgilər, kürdlər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər, almanlar, ruslar və digər xalqlardır. Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycan 30 minə yaxın erməni də yaşayır.

Bu, Azərbaycanda heç bir halda milli, dini, irqi qarşıdurmaya səbəb yaratmayıb. Bu isə Azərbaycanın tolerant dövlət olduğunun bariz göstəricisidir. Xalqları birləşdirən dəyər isə azərbaycançılıq ideologiyasıdır ki, bütün xalqların nümayəndələri bu ideyanın daşıyıcısıdır. Birinci və İkinci Qarabağ müharibəsi dövründə azsaylı xaqların nümayəndələri yaşadıqları torpaq uğrunda döyüşdülər, şəhid verdilər,qazi oldular. Bunun səbəbi isə onların Azərbaycanı özlərinə vətən hesab etmələridir.

Azərbaycan tolerant ölkədir və bu, bütün dünyada artıq belə qəbul olunub. Təsadüfi deyil ki, Azərbaycanda yaşayan istənilən xalqın nümayəndəsi öz milli adət-ənənələrini, dini ayinlərini rahat şəkildə icra edir. Bu gün paytaxt Bakıda məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Bütün millətlərə məxsus insanlar öz adət-ənənlərini yaşadır, inkişaf etdirir.

44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanda yaşayan xalqların nümayəndələrinin Prezident İlham Əliyev ünvanladığı məktuba diqqət yetirsək, hər şey aydın olur.

“Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirik ki, Azərbaycan Respublikasının ərazisində yaşayan xalqlar həm doğma Vətənimizin müdafiəsində, milli dövlətçiliyimizin daha da inkişaf etməsində, ərazi bütövlüyümüzün qorunmasında, həm də dinc quruculuq işlərində Sizin fəaliyyətinizi bundan sonra da daim dəstəkləyəcək və yanınızda olacaqlar. Sizinlə fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”,-deyə məktubda qeyd olunur.

Məktubu Azərbaycanda yaşayan bir çox etnik qrupların icma rəhbərləri imzalayıb.

Göründüyü kimi, azərbaycançılıq ideyasının təbliğinin nəticəsi olaraq bu gün hər bir azsaylı xalqın nümayəndəsi ölkəni öz vətəni hesab edir, onun təhlükəsizliyi uğrunda laızm olarsa, canından keçir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan bir çox mədəniyyətlərin birləşdiyi bir ölkədir:

“Hazırda ölkədə müxtəlif etnoslar yaşayır ki, onların da fərqli mədəniyyətləri var. Amma gələcəyimizi müəyyənləşdirmək üçün xalqlar birlikdə ölkə qurub. Bizim millətçiliyimiz təbii ki, dövlət millətçiliyidir. Bu da bizi birləşdirir. 44 günlük Vətən müharibəsində türklər, talışlar, yəhudilər və başqa millətlər Azərbaycan uğrunda döyüşdülər, şəhid oldular. Onların hamısı bizim baş tacımızdır. Kim ki, vətənə xidmət edir, öz imkanlarını bu yolda xərcləyirsə, hər birimizə qürur gətirir. Ölkənin xilası bundadır. Bu, imkanları birləşdirmək və birlikdə müdafiə olunmaq məsələsidir. Hər dövlətin doktrinasında təhlükəsizlik və inkişaf əsas götürülür. Əgər burada etnos baxımından zidiyyət olarsa, bunu etmək mümkün olmaz. Azərbaycan bizim ortaq vətənimizdir. Bunu sadə izahı budur, qəliz cümlələr ehtiyac yoxdur. Hesab edirəm ki, bunu Azərbaycanda hər kəs qəbul edib. Bunu dövlət siyasi olaraq konsepsiya halında cəmiyyətə aşılamamışıq. Bu cəmiyyətdən gələn sifarişdir və sadəcə olaraq buna riayət edirik. İstər müxalifətdə, istər hakimiyyətdə təmsil olunasan, istərsə hakimiyyətə iddialı olasan, hər kəs bu yolu götürməlidir”.

Partiya sədri əlavə edib ki, zaman bu xalqları döyəcləyə-döyəcləyə birləşdirib:

“Savaşdan, çətinliklərdən çıxdıq, birləşdik, indi ölkə quruculuğundayıq. Artıq ailələr də bir-birinə qarışıb. Heç kim dininə, irqinə, etnosuna görə qiymətləndirilmir. Hər kəs vətənə xidmətinə görə dəyərləndirilir. Bunu inkişaf etdirmək, qorumaq da bizim borcumuzdur”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed