Şrift:
Vyanada Azərbaycan ilə Avstriya arasında diplomatik münasibətlərin 30 illiyi qeyd edilib
11.03.2022 [09:55] - Xəbərlər, Siyasət
Vyana Diplomatiya Akademiyasında Azərbaycan ilə Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Avstriyanın qanunverici orqanı, dövlət qurumları və digər təşkilatların təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, yerli mətbuat nümayəndələri, həmçinin Avstriyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli tədbiri giriş sözü ilə açaraq, Azərbaycan və Avstriya arasında əlaqələrin tarixinə toxunub və bildirib ki, hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsən Habsburq sülaləsinin hökmdarlıq etdiyi Avstriya ilə diplomatik əlaqələr qurub. 1918-ci ildə Azərbaycanda Şərqin ilk demokratik cümhuriyyəti qurulanda Avstriya-Macarıstan imperiyası öz diplomatik təmsilçisini Bakıya göndərib.

Qeyd edilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avstriya 1992-ci il yanvarın 15-də Azərbaycanın dövlət müstəqilliyini tanıyıb, 1992-ci il fevralın 20-də isə iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub. Azərbaycanın öz səfirliyini açdığı ilk ölkələr arasında Avstriya da yer alır və Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi 1995-ci ildən fəaliyyət göstərir.

R.Sadıqbəyli diqqətə çatdırıb ki, Azərbaycan Avstriya ilə münasibətlərin inkişafına böyük önəm veir və hər iki ölkənin xalqlarının rifahına xidmət edən bütün sahələrdə əməkdaşlığı gücləndirməyə hazırdır. İki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və bu zaman imzalanmış sənədlər də mühüm əhəmiyyət daşıyır. Diplomatik əlaqələrin 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen arasında təbrik məktublaşması olub və onlar qarşılıqlı münasibətlərin bundan sonra da dərinləşməsi və inkişafına inam ifadə ediblər.

Səfir sonra iki ölkə arasında indiyədək müxtəlif sahələrdə imzalanmış sənədlər, iqtisadi-ticari əlaqələrin dinamik inkişafı, Azərbaycanda fəaliyyət göstərən Avstriya şirkətləri barədə danışıb. Eyni zamanda qeyd edilib ki, öz coğrafi-strateji mövqeyinə görə Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrin həyata keçməsində aktiv iştirak edir və bununla da Avrasiyanın etibarlı nəqliyyat və logistika hablarından birinə çevrilir.

Azərbaycan və Avstriya arasında oxşar cəhətlərə toxunan R.Sadıqbəyli bloklara qoşulmayan hər iki ölkənin effektiv multilateralizm və beynəlxalq hüququn prinsiplərinə söykənən beynəlxalq sistemin tərəfdarı olduğunu, BMT, ATƏT və digər beynəlxalq platformalar çərçivəsində uğurlu əməkdaşlıq etdiklərini ifadə edib.

Səfir tədbirin ərsəyə gəlməsində Vyana Diplomatiya Akademiyasına və Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.

Avstriya Xarici İşlər Nazirliyinin Beynəlxalq Mədəni Məsələlər şöbəsinin rəhbəri, səfir Teresa İndyen çıxışında iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan bəhs edib, 2013-cü ildə Vyanada təsis olunan Azərbaycan Mədəniyyət Mərkəzi, Bakıda fəaliyyət göstərən Avstriya Oxu Zalı və Avstriya Akademik Mübadilə Xidmətinin Bakı bürosunun mədəni əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Vyana Diplomatiya Akademiyasının rektoru, səfir Emil Briks yubiley tədbirinin rəhbərlik etdiyi elm ocağında keçirilməsindən məmnunluğunu ifadə edib, Azərbaycan Diplomatik Akademiyası ilə qurulmuş uğurlu əməkdaşlıq və tələbə mübadiləsindən danışıb.

Avstriya Parlamentinin üzvü, Avstriya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Andreas Minnix çıxışında parlamentlərarası diplomatiyanın iki ölkə arasında əlaqələrin inkişafına töhfəsindən bəhs edib.

Azərbaycanın Zalsburq, Tirol və Forarlberq federal əyalətlərindəki fəxri konsulu Mixael Haynritsi isə ölkələrimiz arasında böyük iqtisadi potensialın mövcud olduğunu qeyd edib və fəxri konsulluğun müxtəlif sahələr üzrə iki ölkə arasında sıx əlaqələrin qurulmasına çalışdığını söyləyib.

Çıxışların ardınca Azərbaycan musiqiçiləri bədii proqram ilə çıxış ediblər. Proqramda “Şuşa ili“nin qayəsinə uyğun olaraq Şuşa və Qarabağa həsr olunmuş mahnılar, eləcə də muğam və instrumental əsərlər ifa olunub.

Konsertdən sonra qonaqlara ziyafət verilib.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed