Şrift:
Folklorşünas alim: Mifoloji sistemlərdə bütün mövcudatın maddi tərəfi öz mayasını torpaqdan götürür
15.03.2022 [10:03] - Xəbərlər, Mədəniyyət
İlaxır çərşənbələr Yer üzündə analoqu olmayan ayinlər silsiləsidir ki, ilkin təsəvvürlər toplu halında xalqın gen yaddaşında yaşadılır. Həmin ayinlər sisteminin ümumi məzmunu ondan ibarətdir ki, Allah ilk olaraq, qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi–aləm ancaq sudan ibarət olur. Sonra odun köməyilə suyun xassələrini dəyişdirir və Günəşin şüaları ilə suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxarır. Torpaq meydana gəlməklə dünyanın bir çox elementlərinin doğuşuna şərait yaranır, çünki bir sıra işlər paralel şəkildə aparılır.

Bu fikirləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı deyib. Onun sözlərinə görə, müqəddəs günlərin çərşənbə seçilməsinin bir izahı da budur ki, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini yerinə yetirib, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlayıb. Üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaradıb, altıncı gün yaranışların hamısına can (ruh) verib, yeddinci gün bütün işlərini tamamlayaraq istirahət edib. Bu inama görə, bütün yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbəyə düşür. Qədim türklərdən fərqli olaraq ərəblərdə ən uğurlu gün cümə axşamı, xristianlarda isə İsa peyğəmbər dirilən gün - bazar günüdür.

Professor qeyd edib ki, dünyamızın yaranmasının mühüm amillərindən biri kimi götürülən torpaq əski təsəvvürlərdə qadın görkəmindədir. Dildən düşməyən “Ana torpaq, ana Vətən” ifadələri buradan doğub. Onu da qeyd edək ki, əski görüşlərdə bir-birinin əksini təşkil edən bütün varlıqlar kişi və qadınla müqayisədə verilir. Maddi, bərk, soyuq, gecə, Ay, qaranlıq - qadındır, əksinə, mənəvi-ruhi, isti, gündüz, Günəş və işıq kişidir. Bu, xaosdan ayrılan ilkin dörd ünsürün (su, od, torpaq, hava) xarakteri ilə əlaqədardır. Ünsürlərdən kişi başlanğıclar “müsbət”, qadın başlanğıclar isə “mənfi”dir.

Folklorşünas alim diqqətə çatdırıb ki, torpağın meydana gəlməsi ilə Yer kürəsinin formalaşması başa çatır və təbiətdəki başqa maddi varlıqların (çayın, dağın, meşənin, çölün, heyvanın, insanın və s.) formalaşmasına zəmin yaranır. Əksər mifoloji sistemlərdə dünyada olan bütün mövcudatın maddi, əşyavi tərəfi öz mayasını torpaqdan götürür. Lakin başlanğıcda Allah hər şeyi hərəkətsiz halda meydana gətirib və ruhla - sonuncu mənəvi ünsürlə canlandırıb. Deməli, torpaq odun köməyilə sudan ayrılıb üzə çıxandan sonra yaradılanların hərəkətə gətirilməsinə, canlandırılmasına təkan verən sonuncu ünsürə ehtiyac duyulub. Mifoloji sistemlərdə torpağın meydana gəlməsi ilə qarmaqarışıq xaos parçalanır, yuxarı və aşağı aləmlər yaranır, Ata Göyün (qədim türklərdə Göy tanrı) Ana Torpaqla (yunanlarda Heya, romalılarda Uran, türklərdə Etugen, yaxud Umay/Humay, atəşpərəstlərdə Armayt) müqəddəs nikahı baş tutur, bütün doğuşlar, törəmələr bu nikaha borcludur.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed