Şrift:
2014-də Milli Məclisdə məşhur dialoq - Oqtay Əsədov, ya Fərəc Quliyev haqlı idi?..
15.03.2022 [10:19] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Samir Adıgözəlli: “Fərəc bəyin həmin vaxtkı çıxışında daha haqlı mövqedə olduğu qənaətindəyəm”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev özünə məxsus sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Həmin paylaşımda Fərəc Quliyevlə sabiq spiker Oqtay Əsədovun arasında Milli Məclisin plenar iclaslarından birində baş tutan dialoqun stenoqramı əks olunub.

Paylaşımdan görünür ki, mövzu 2014-cü ili əhatə edir. Yəni Rusiyanın Krımı özünə ilhaq etdiyi dönəmi. Mövzunun hazırda Rusiya-Ukrayna müharibəsi fonunda aktual olduğunu nəzərə alıb, həmin paylaşımı olduğu kimi təqdim edirik. Qeyd edək ki, Fərəc Quliyev yazısına 11 mart 2022-ci il tarixdə Antalya Diplomatik forumunda Türkiyə prezidenti cənab Ərdoğanın çıxışı zamanı bildirdiyi bir fikirlə başlayır:

”2014-cü ildə Krım işğal olunduqda dünya susmasaydı, indiki vəziyyət yaranardımı?”

Fərəc Quliyev bunun çox doğru irad olduğunu bildirir: “Mən o zaman parlament üzvü idim. Üzərimə düşəni etdim. 04.03 2014 tarixdə parlamentdə etdiyim çıxışı və Parlament sədrinin çıxışıma münasibətini nəzərinizə çatdırıram.

F.Quliyev:

- Təşəkkür edirəm, cənab Sədr. Hesab edirəm ki, bu gün “Ukraynada baş verən hadisələrin bizə aidiyyəti yoxdur” desək, doğru çıxmaz. Həm biz postsovet məkanı ərazisində süni şəkildə münaqişə törədilən ölkələrdən biriyik və həm də eyni problemləri yenə də bizimlə bərabər başqa ölkədə də yaradırlar.

Avronestdə, digər Avropa təsisatlarında Ukrayna ciddi müttəfiqimiz kimi bizim problemlərə laqeyd yanaşmayıb, münasibət bildirib. Biz bu məsələlərlə bağlı bir barışdırıcı missiya ilə çıxış edə bilərik. Mən demirəm ki, mütləq hansısa dövləti, ölkəni ittiham edək. Amma hər halda Krımda baş verənlər bir işğaldır və bizim nə deməyimizdən asılı olmayaraq, dünya artıq bunu bu cür qəbul edib. Bütün dünya buna münasibət bildirib.

Mənim bir təklifim vardır. Azərbaycan–Ukrayna parlamentlərarası dostluq qrupunun və Azərbaycan–Rusiya parlamentlərarası dostluq qrupunun üzvləri birgə iclas keçirə və eyni qrupun üzvləri parlament tərəfindən Ukraynaya ezam oluna bilərlər. Biz bu məsələlərdə seyrçi mövqedə qalarıqsa, gələcəkdə Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlarda Ukrayna tərəfindən soyuq münasibətlə qarşılaşarıq. Bu mümkün olarsa, qısa zaman ərzində ezamiyyətə gedəcək adamların siyahısını da müəyyənləşdirmək olar. Biz həm GUAM-da iştirak edirik, həm də Rusiya bizim qonşu dövlətdir, barışdırıcı missiya ilə səylərimizi ortaya qoyaq, ən azından barışa çağırış edən dövlət olaq. Artıq Türkiyədə də bu məsələyə münasibət bildirirlər. Biz bölgədə aparıcı dövlətlərdən biriyik. Digər tərəfdən də, yenə deyirəm, biz həm də Rusiyanın süni şəkildə yaratdığı münaqişəyə cəlb olunmuş dövlətlərdən biriyik. Mən hesab edirəm ki, bu davranış dövlətimiz üçün əhəmiyyətli məsələlərdən biri olacaq. Təşəkkür edirəm.

Sədrlik edən Oqtay Əsədov:

- Sağ olun. Fərəc müəllim, mən yalnız sizə deyil, hamımız üçün deyirəm. Ukrayna və Rusiya arasında yaranan münaqişədən danışdınız. Hamınız yaxşı bilirsiniz ki, Ukrayna ilə Rusiya dost, qardaş ölkələrdir. Hər hansı bir narazılığı onlar öz aralarında həll eləyə bilərlər. Buradan hər hansı bir münasibət bildirmək o qədər də doğru deyil.

Siz siyasətçisiniz, Ukraynada 300 mindən artıq, Rusiyada 2 milyondan yuxarı azərbaycanlı yaşayır. Azərbaycanın mövqeyi bəllidir, biz bu məsələlərin danışıqlar, sülh yolu ilə həllinin tərəfdarıyıq. Azərbaycan həmişə bütün dövlətlərin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyib və dəstəkləyir. Bunu bu şəkildə vurğulamaq, kiməsə qarşı söz demək doğru deyil. Heç Ukraynadakı dostluq qrupunda kim qalıb, kim qalmayıb, xəbərimiz yoxdur. Belə olmaz axı. Biz oxuyuruq və böyük siyasi məsələləri bu səviyyədə müzakirəyə çıxarırıq.

Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Söhbətlər gedir ki, ordu yeridib, nə isə edib və sair. Rusiyanın da öz narahatçılığı var, çünki orada rusdilli əhali yaşayır. Kiyevdə bəzi məsələlər oldu, hamımız da gördük. Böyük, qohum dövlətlərdir, pravoslavlardır, onlar bu məsələləri öz aralarında həll edəcəklər. Hələ bu məsələlər həll olunmamış biz buradan başlayırıq ki, qrup göndərək, qrup çağıraq və sair. Bir az hövsələniz olsun”.

Bu dialoqda kim haqlıdır?

Ukraynada gedən müharibənin ən qızğın zamanında həmin ölkədə olan, proseslərə canlı şahidlik edən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli

“Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dialoqun mətni ilə tanış olanda kimin haqlı olduğunu müəyyən etmək o qədər də çətin deyil: “Azərbaycan dövləti Ukraynada baş verən hadisələrlə bağlı çox balanslı siyasət yürüdüb. Bu gün də həmin siyasət uğurla davam etdirilir. Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Çünki bizim özümüz də separatçılıqdan əziyyət çəkmişik. Həmin vaxt parlamentdə hansısa dostluq qrupunda müzakirə aparılması, bir bəyanatın verilməsi heç də Azərbaycanın rəsmi mövqeyi sayılmayacaqdı. Çünki parlamentdəki dostluq qruplarında müxtəlif partiyaları təmsil edən millət vəkiləri olur. Mən hesab edirəm ki, vaxtında Krım hadisəsinə dünya səviyyəsində lazımi qiymət verilsəydi, bu gün gördüklərimiz yaşanmazdı. Bu yalnız bizə aid məsələ deyil. Elə Ukraynanın özü də Krımın ilhaqı ilə sanki sakit tərzdə barışmalı oldu. Dünyanın nəhəngləri də bu məsələyə sərt reaksiya verməlidi. Təəssüf ki, biz olduqca loyal münasibətin şahidi olduq. Görünən budur ki, sabiq spiker proqnozunda tam yanılır. Belə qənaətə gəlir ki, iki qardaş xalq heç vaxt bir-birilə müharibə etməz. Ancaq biz hazırda tam bunun əksini görürük. Mən Fərəc bəyin həmin vaxtkı çıxışında daha haqlı mövqedə olduğu qənaətindəyəm”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed