Şrift:
Meksikanın 65-ci çağırış Deputatlar Palatasında Azərbaycanla dostluq qrupu yaradılıb
17.03.2022 [10:20] - Xəbərlər, Siyasət
Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika - Azərbaycan parlamentlərarası dostluq qrupunun inauqurasiyası mərasimi keçirilib.

Ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan - Meksika Dostluq Qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, Parlamentin Beynəlxalq əlaqələr komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, digər deputatlar, Meksika Xarici İşlər Nazirliyinin, QHT və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən deputat M.A. Peres Navarrete Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib. Azərbaycanı müasir və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək bir ölkə adlandırıb. Tədbir iştirakçılarına ölkəmiz haqqında məlumat verən deputat, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu qeyd edib. Dostluq qrupunun bu münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. O həmçinin, ölkəmizin 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyulduğunu və nəticədə öz ərazi bütövlüyünü bərpa etdiyini xüsusi vurğulayaraq, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət sayəsində işğaldan azad edilmiş bölgədə intensiv minatəmizləmə və quruculuq işlərinin həyata keçirildiyini bildirib.

Ölkəmizin Meksikadakı səfiri M.Talıbov çıxış edərək, parlamentlərarası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. Diplomatik münasibətlərin 30 illik müddəti ərzində ikitərəfli əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirildiyini, parlamentlərarası əlaqələrin hər zaman nümunəvi olduğunu, hər iki qanunverici orqandakı parlamentlərarası dostluq qrupları arasında ənənəvi görüşlərin keçirildiyini qeyd edib. Meksika Konqresinin Azərbaycan üçün həssas məsələlərdə həmişə ədalətli mövqe nümayiş etdirdiyini qeyd edən səfir, münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib. Konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsini xüsusilə vurğulayıb.

Qrupun digər üzvləri də çıxış edərək, coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkənin əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildiriblər.

Tədbirin sonunda Meksika - Azərbaycan dostluq qrupunun inaqurasiyasına dair protokol aktı imzalanıb.

Tədbirdən sonra qrupun sədri M.A.Peres Navarrete, səfir M.Talıbov və qrupun digər üzvləri Deputatlar Palatasının plenar iclasında iştirak ediblər. İclas zamanı M.Talıbov protokol qaydasına uyğun olaraq, Palatanın prezidenti Serxio Qutyerres Luna tərəfindən salamlanıb. Sonda, səfir M.Talıbovla Palatanın Prezidenti arasında qısa görüş keçirilib.

Tədbir Konqresin rəsmi kanalında canlı yayımlanıb və yerli KİV-lərdə işıqlandırılıb.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed