Şrift:
Yaponiyanın Fukuşima prefekturasının sahillərində baş verən güclü zəlzələ fəsadlar törədib
17.03.2022 [10:22] - Gündəm, Hadisə
Martın 16-da Fukuşima prefekturasının sahillərində baş vermiş 7,3 bal gücündə zəlzələ fəsadlar törədib, dörd nəfərin həyatını itirdiyi bildirilir.

Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida martın 17-də parlamentdə çıxışı zamanı bildirib.

“Hazırda zəlzələnin nəticələri ilə həyatını itirmiş dörd nəfərin ölümü arasında əlaqə araşdırılır, ən azı 97 nəfərin xəsarət aldığı barədə də məlumat almışıq”, - deyə Baş nazir bildirib. Hökumətin başçısı əlavə edib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazım olan bütün addımlar atılır.

Bu ərəfədə yerli KİV-lər və xilasedicilər zəlzələ nəticəsində Yaponiyanın müxtəlif prefekturalarında 126 nəfərin xəsarət alması barədə məlumat yayıblar. Ən çox xəsarət alanların zəlzələnin episentrinə yaxın olan Fukuşima və Miyaqi prefekturalarında olduğu qeyd edilir.

Yerli seysmoloqlar sonradan zəlzələnin maqnitudasını qaldıraraq, onun 7,4 bal gücündə olduğunu elan ediblər. Yeraltı təkanların ocağı Fukuşima prefekturasının şərqində, Sakit okeanda, 60 kilometr dərinlikdə yerləşib. Güclü zəlzələ nəticəsində Fukuşima və Miyaqi prefekturası sahillərində 20 santimetr hündürlükdə sunami qeydə alınıb.

Yeraltı təkanlardan dərhal sonra təqribən 2 milyon evə elektrik enerjisinin verilişində fasilə yaranıb. Miyaqi prefekturası ərazisində hərəkət edən sürətli “Shinkansen” qatarı relsdən çıxıb. Qəza nəticəsində xəsarət alanların olmadığı bildirilir. Qatarların hərəkətində fasilələr yaranıb. Zəlzələnin daha güclü hiss edildiyi ərazilərdə bir sıra dağıntılar da qeydə alınıb.

Yapon seysmoloqlar yaxın həftədə güclü afterşoklar barədə xəbərdarlıq ediblər. Hazırda zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed