Şrift:
Fərəc Quliyev:Qonşu dövlətlərə sanksiyaların tətbiq olunması bizdə də bahalaşmalara, çətinliklərə yol açacaq
18.03.2022 [10:25] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiyanın Ukraynaya hərbi təcavüzü bütün dünyada olduğu kimi Azərbaycanda da narahatlıqla qarşılandı, həmvətənlərimiz arasında işğal cəhdi ilə bağlı geniş müzakirələr aparıldı və aparılmağa da davam edir.

Maraqlıdır, görəsən, cəmiyyət nə üçün ölkə gündəmini, öz problemlərini bir kənara qoyaraq daha çox dünyada baş verən proseslərə münasibət bildirir?

Eyni sualla müraciət etidyimiz Milli Dirçəliş Hərəkatı Partiyasının (AMDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında bunun iki səbəbinin olduğunu söyləyib:

“Bir səbəb budur ki, dünya çox kiçildi, yəni artıq əvvəlki zaman deyil. Dünyanın hansısa bir yerində baş verən hadisənin təsirlərini hər bir kəs öz üzərində, öz ailəsində hiss edir. Silahlar yeniləndi, texnoloji baxımdan inkişaf baş verdi… Həm də bölgəmiz həssas bir yerdədir. Ona görə də insanların dünyanın hansısa yerində baş verən hadisəyə dərhal reaksiya verməyini anlamaq mümkündür. Bu, məsələnin birinci tərəfi.

İkincisi, bəzən əziyyət çəkən cəmiyyətlərin özləri üzərlərində ağrı hiss etdikdə oxşar mənzərə ilə qarşılaşdıqları dünya ölkələrində eyni mənzərəyə çox diqqət edirlər. Biz Qarabağ münaqişəsini arxada qoyduq, böyük bir qələbə qazandıq. Amma bizi 30 il rus imperiyasının əli ilə əzdilər. Xalq həmin imperiyanın törədici olduğunu da bilir. İndi də növbəti bir yerə hücum edib.

Hesab edirəm ki, bu ikisi əsas məsələdir. Amma həm də baş verən bu hadisələrin dalğaları bizə də gəlib çatacaq. İstər-istəməz, qonşu dövlətlərə sanksiyaların tətbiq olunması bizdə də bahalaşmalara, çətinliklərə yol açacaq. İki milyona yaxın əhalimiz kənarda, üç yüz min nəfərə yaxın həmvətənimiz isə Ukraynada işləyir. Onların evlərinə yardım etmək məsələlərində suallar çıxacaq. Bu mənada, insanlarımız baş verənlərin birbaşa onların sosial həyatına təsiri olacağının fərqindədirlər. Əslində, insanlar Ukrayna və Rusiyadan daha çox gələcəkdə ölkəsinə, özünə, ailəsinə olacaq təsirlər baxımından maraqlanır. Yəni öz problemlərini kənara qoyub bu məsələlərlə maraqlanmır. elə özünün problemi olduğunu anlayıb maraqlanır. Mən bunu təbii qəbul edirəm”.

Aqil Bəkir/yenicag.az
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed