Şrift:
Rüsumların artması qiymət artımlarına təsir edə bilərmi?
09.01.2013 [12:51] - Gündəm, İqtisadiyyat, Müsahibə
Nüsrət İbrahimli: " İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik son nəticədə ikirəqəmli inflyasiyaya gətirib çıxarıb"



Məlum olduğu kimi, yanvarın 1-dən dövlət rüsumlarının həcmi artırılıb. Belə ki, dəyişikliklərə əsasən vətəndaşlar, şirkətlər müəyyən əməliyyatlar üçün iki dəfə və daha artıq pul ödəyəcək.
"Dövlət Rüsumu Haqqında" Qanuna edilən əlavə və dəyişikliklərə əsasən Azərbaycanda nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumları, eləcə də sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumlar artırılıb. Həmçinin, əlavə və dəyişikliyə görə, Azərbaycanda avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının verilməsi üçün tələb olunan rüsumun məbləği, notariat hərəkətlərinin aparılmasına görə rüsumun məbləği, məhkəməyə verilən ərizələrin dövlət rüsumu, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri, konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri artırılıb. Məhkəmə iddiaları üzrə dövlət rüsumunun məbləği artırılıb. Bununla yanaşı, daşınmaz əmlak əməliyyatları, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, viza sənədləşməsi, müqavilələrin notarial təsdiqi üçün dövlət rüsumu həcmi ciddi artırılıb. Məsələn, əvvəl qohumlar arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün 7 manat ödənilirdisə, indi bu məbləğ 13 manatdır.

Adətən hansısa sahədə tətbiq olunan bu kimi artımlar son nəticədə müəyyən qiymətlərin yüksəlməsinə səbəb olur. Maraqlıdır, sözügedən son dəyişikliklər mövcud qiymətlərin artmasına nə dərəcədə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimlinin fikrincə, dövlət rüsumlarının artırılması mütləq qiymətlərin artmasına təsir edəcək: "Hər bir halda istənilən xidmət sahəsində qiymətin artırılması son nəticədə məhsulun maya dəyərinə təsir edir və onun satış qiymətini artırır. İki il bundan əvvəl Dövlət Yol Polisi cərimələri artıranda əksər ekspertlər o fikirdə idilər ki, bu heç bir halda qiymətlərə təsir etməyəcək. Ancaq adicə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik son nəticədə ikirəqəmli inflyasiyaya gətirib çıxardı. Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri 2 dəfə artırmaq son nəticədə qiymətlərin 10 faizə qədər bahalaşmasına gətirib çıxardı. Deməyim odur ki, rüsumların artırılması istənilən halda xidmətin maya dəyərini artırır və bu da məhsulun satış qiymətinə birbaşa təsir edir. Bu danılmaz bir reallıqdır. Nəzərə almaq lazımdır ki, bunların arasında elastik əlaqə var. İstənilən halda xidmət sahəsində 5 faiz qiymət artımı əmlak və digər sahələrdə 1, 1,5 faiz qiymət artımına gətirib çıxarır. Heç olmasa ümumi xidmət sahəsində qiymətlər 10 faiz artırılırsa, əmlak sahəsində qiymətlər ən azı 2-3 faiz artır. O cümlədən daşınan əmlak məhsullarında da qiymətlər artacaq. Avtomobillərin timsalında da qiymət artımı özünü göstərəcək".


Aytən İsaqızı
Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed