Şrift:
Fərəc Quliyev:Ölkədə xeyli vaxtdır başlanan siyasi islahatlar kompleks olmalıdır və davam etdirilməlidir
18.03.2022 [10:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisə yeni seçkilər keçirilə bilər
“İçərişəhər” Qoruq İdarəsinin rəhbəri vəzifəsinə təyinat alan Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Bununla da deputatsız dairələrin sayı 7-yə çatıb. Belə ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.

Ötən ilin yayında deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. 2021-in avqustunda isə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs edilib və Milli Məclis deputatlarının sayı 119 olub.

Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Hələ ki parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib. Lakin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ay öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yaxın zamanda gerçəkləşəcək. Amma sonradan belə bir iddialar ortaya atıldı ki, əslində hakimiyyət referendum keçirərək proporsional seçki sistemini bərpa ediləcək, deputat yerləri artırılacaq.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, ölkədə xeyli vaxtdır başlanan siyasi islahatlar kompleks olmalıdır və davam etdirilməlidir: “İslahatlar Milli Məclisi də, hökuməti də əhatə etməlidir. Milli Məclisə seçkilər keçirilməsi, qarışıq seçki sisteminə keçilməsi bu istiqamətdə atılan ciddi addımlardan biri olardı. Siyasi yöndə ciddi islahatlar getmədən başqa istiqamətlərdə islahatların əhəmiyyəti azalır. Ona görə də siyasi islahatlara ciddi önəm verilməlidir. Proporsional seçki sisteminin tətbiqi labüddür. Siyasi partiyaların ölkənin siyasi həyatında rolunun artırılması vacibdir. Bunun ən yaxşı yolu proporsional seçki sisteminə keçiddir. Cəmiyyətdə sabitliyin daha ciddi təmin olunmasının əsasını qoyan amillərdən biri siyasi partiyaların cəmiyyətdə mövqelərinin güclənməsidir. Bütün proseslər meydandan parlamentə köçürüləndə bundan ölkə qazanır. O ki qaldı Milli Məclisdə artıq 7 deputat yerinin boş qalmasına, əvvəla, qanunvericilik həmin dairələrdə yenidən seçkilər keçirilməsini tələb edir. Ona görə də seçkilər keçirilməlidir. Əgər hakimiyyət 7 dairəyə deyil, bütövlükdə Milli Məclisə yeni seçkilərə getmək qərarı verəcəksə, bu da qanunauyğun olacaq. Lakin hakimiyyətin belə bir seçkiyə gedəcəyi barədə məndə dəqiq bilgi yoxdur. Amma hesab edirəm ki, referenduma gediləcəksə və proporsional seçki sistemi bərpa ediləcəksə, yeni Milli Məclis seçkiləri qaçılmaz olacaq.

İndiki vəziyyətdə isə təqvimə diqqət etdikdə bəlli olur ki, 2025-ci ildə həm Milli Məclisə seçkilər, həm də prezident seçkiləri keçirilməlidir. Bir ildə iki mühüm seçki keçirmək olar olmağına, amma eyni ildə iki seçkinin keçirilməməsi daha yaxşı olar. Mən bütün hallarda siyasi islahatların tərəfdarıyam".

F.Quliyev onu da dedi ki, əhalinin sayı 1995-ci illə müqayisədə xeyli artıb. Ona görə də 125 deputat Azərbaycan kimi ölkə üçün azdır: “Milli Məclis üzvlərinin sayının artırılmasına da ehtiyac var. Hesab edirəm ki, deputatların sayının artırılmasının əhəmiyyəti olar. Əgər referendum olacaqsa və konstitusiyamızda dəyişikliklərə gediləcəksə, Milli Məclis üzvlərinin sayının artırılması məsələsi də müsbət həllini tapa bilər”.

Etibar SEYİDAĞA/“Yeni Müsavat”

Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed