Şrift:
Əhali milli valyutaya daha çox etibar edir
10.01.2013 [09:34] - Gündəm, İqtisadiyyat
2012-ci ilin dekabr ayına kimi kredit təşkilatlarında yerləşdirilən depozit və əmanətlərin ümumi həcmi 10 milyard 409,9 milyon manat təşkil edib. Bunun 4 milyard 763 milyon manatı əhali tərəfindən qoyulub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,4% çoxdur. Bu barədə məlumat Mərkəzi Bank tərəfindən açıqlanan sonuncu statistik göstəricilərdə yer alıb. Həmin göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, əhali tərəfindən banklara qoyulan əmanətlərin 2 milyard 804,6 milyon manatı (58,8%) milli valyuta, 1 milyard 958,4 milyon manatı (41,2%) isə xarici valyuta ilə cəlb edilib. Halbuki bir il əvvəl bu göstərici milli valyuta üzrə 51,4% (1 milyard 970,1 milyon manat), xarici valyuta üzrə isə 48,6% (1 milyard 859,9 milyon manat) olub. Rəqəmlərdən də göründüyü kimi, son bir ildə milli valyuta ilə qoyulan əmanətlərin həcmi 30% və ya 834,5 milyon manat, xarici valyuta ilə qoyulan əmanətlərin həcmi isə 4,1% və ya 98,5 milyon manat artıb. Məlumat üçün onu da qeyd edək ki, bu gün manat nominal dəyərinə görə, avro (Avropa İttifaqı), funt-sterlinq (İngiltərə), iyen (Yaponiya), lat (Latviya) və dinar (Küveyt) istisna olmaqla, həm dünyanın, həm də regionun ən dəyərli valyutası hesab olunur. Yeni Azərbaycan manatı dövriyyəyə buraxıldıqdan sonra digər aparıcı valyutalar qarşısında öz məzənnəsini davamlı olaraq möhkəmləndirib. Mərkəzi Bankın xarici valyutaların rəsmi kursu ilə bağlı açıqladığı məlumatlarda göstərilir ki, 2006-cı ilin ilk iş günündə (yeni manatın tədavülə buraxıldığın tarix) 1 dollar 0,9184 manata bərabər olub. Dünən isə bu göstərici 0,7848 manat təşkil edib. Beləliklə, yeni manatın dövriyyədə olduğu 84 ay ərzində dollar milli valyutamız qarşısında 14,6% dəyərdən düşüb. Bu müddət ərzində avro manat qarşısında 4,4% (1,0882 manatdan 1,0299 manata), funt-sterlinq 20,4% (1,587 manatdan 1,2641 manata), rubl isə 19,2% ( 0,0319 manatdan 0,0258 manata) dəyərini itirib. Halbuki yeni nəsil pul nişanları dövriyyəyə buraxılmazdan əvvəl milli valyutamız aparıcı valyutalar qarşısında davamlı olaraq dəyərdən düşürdü. 2000-2006-cı illər ərzində manat dollar qarşısında 4,8%, avro qarşısında isə 19,4% ucuzlaşıb.
Ötən ilin dekabr ayına kimi ölkə bankları tərəfindən ümumilikdə 12 milyard 42 milyon manat həcmində kredit verilib və bunun 6,3%-i və ya 761,1 milyon manatı vaxtında geri qaytarılmayıb. Mərkəzi Bank tərəfindən açıqlanan göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, vaxtında geri qaytarılmayan kreditlərin (problemli kredit) ümumi kreditlərdəki payı son 15 ay ərzində ən aşağı səviyyəyə düşüb. Belə ki, 2011-ci ilin avqust ayında problemli kreditlərin həcmi ümumi kreditlərin 6,2%-i səviyyəsində olub. Sonrakı aylarda isə problemli kreditlərin səviyyəsi davamlı olaraq artıb. Bu ilin aprel ayında isə ən yüksək səviyyəyə - 6,9%-ə yüksəlib. Onu da qeyd edək ki, ümumi kreditlərin həcmi son bir ay ərzində 2,5% (298,9 milyon manat) artdığı halda, problemli kreditlərin həcmi 0,4% (2,6 milyon manat) azalıb. 2011-ci ilin analoji dövrü ilə müqayisədə isə ümumi kreditlərin həcmi 18,2% və ya 2 milyard 189,6 milyon manat, problemli kreditlərin həcmi isə 14,4% və ya 124,4 milyon manat artıb. Milli valyuta ilə verilən 8 milyard 108,3 milyon manatlıq ümumi kreditlərin 7,2%-i və ya 589,9 milyon manatı, xarici valyuta ilə verilən 3 milyard 934,1 milyon manatlıq kreditlərin isə 4,3%-i və ya 171,2 milyon manatı problemli kreditlərin payına düşüb. Milli valyuta üzrə problemli kreditlərin həcmi son bir ildə 23,4% və ya 137,8 milyon manat artdığı halda, xarici valyuta üzrə problemli kreditlərin həcmi 7,3% və ya 13,4 milyon manat azalıb.
Əksər mütəxəssislər bu qənaətdir ki, ölkəmizdə bank sektoru üzrə problemli kreditlərin yaranmasında bankların rolu kifayət qədər böyükdür. Beynəlxalq standartlara görə problemli kreditlər ümumi kreditlərin 3%-dən çoxdursa, bu artıq kritik hədd hesab olunur. Problemli kreditlərin beynəlxalq standartlardan 2 dəfə çox olmasının səbəbi odur ki, banklar qısa müddətdə daha çox gəlir əldə etmək üçün kreditləri yüksək faizlə təklif edirlər. Belə olan halda da təkcə kredit alanların sayı azalmır, həm də insanlar aldıqları kreditləri geri qaytarmaqda çətinlik çəkirlər. Son bir ay ərzində problemli kreditlərin səviyyəsinin aşağı düşməsində də bank faizlərinin azalması həlledici olub. Belə ki, 2012-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə verilən kreditlərin orta faiz dərəcəsi illik 15,4% təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,9% aşağı olub. Kredit portfelində böyük yer tutan Bakı şəhərində kreditlərin faiz dərəcəsi əvvəlki ilə (15,7%) nisbətən azalaraq 14,6%-ə düşüb. Amma kreditlərin faiz dərəcələri ölkənin ayrı-ayrı ərazilərində fərqli dəyişib. Belə ki, Bakı, Abşeron, Gəncə-Qazax, Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonlarında kreditlərin faiz dərəcələri aşağı düşüb. Əvəzində Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Naxçıvanda kreditlər bahalaşıb. Mərkəzi Bankın məlumatlarına görə, ölkədə ən ucuz kreditlər Naxçıvanda (illik 12,5%), ən bahalı kreditlər Lənkəranda (24,4%) verilir.
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed