Şrift:
Gənclərin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
01.04.2022 [10:29] - Xəbərlər, Sosial
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

DİA-dan bildirilib ki, konfrans Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında 2022-ci il martın 18-də imzalanmış Anlaşma Memorandumuna əlavə olunan “Fəaliyyət Planı” çərçivəsində təşkil edilib.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən 20-yə yaxın gənclər təşkilatlarının rəhbərləri və akademiyanın fəal tələbələri iştirak ediblər. Konfransa moderatorluq edən Dövlət İdarəçilik Akademiyasının sosial məsələlər, təşkilati və təlim-tərbiyə işləri üzrə müşaviri Zaur Məmmədov çıxışı zamanı ermənilərin azərbaycanlılara qarşı mütəmadi olaraq etnik təmizləmə siyasəti həyata keçirdiklərini vurğulayıb, gənc nəslin tarixdə baş vermiş həmin hadisələri unutmamaları üçün daim maariflənmələrinin vacibliyinə toxunub.

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxışında ümummilli lider Heydər Əliyevin 1918-ci il hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayaraq Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının bu baxımdan müstəsna rolunu qeyd edib.

Sonra DİA-nın Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova tədbir iştirakçılarına azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətinin tarixi detalları, hadisənin beynəlxalq hüquq prizmasından qiymətləndirilməsi və digər aspektləri barədə geniş məlumat verib, azərbaycanlıların son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salındığını, qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. O, 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlarla son 30 ildəki hadisələr arasında paralellər apararaq tarixdən dərs çıxarmağımızın zəruriliyini qeyd edib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxışında gənclərin informasiya müharibəsi sahəsindəki rolunu qeyd edərək məlumatlandırma işlərinin davamlı qaydada aparılmasının zərurətini vurğulayıb və bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə tövsiyələrini diqqətə çatdırıb.

Yekunda Azərbaycan gənclər təşkilatlarının nümayəndələri dünya ölkələri və beynəlxalq təşkilatlara müraciət edərək bəşəriyyət əleyhinə qarşı törədilmiş bu cür əməllərin təkrarlanmaması üçün 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətini ikili standartlara yol vermədən tanımağa çağırış ediblər.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed