Şrift:
Artem Dolqopyat: Bakıda keçirilən dünya kubokunda yarışların təşkili əla səviyyədədir
01.04.2022 [10:35] - Gündəm, İdman
Bakıdakı yarışlarda hər şey xoşuma gəlir. Gimnastika arenasının zalı və tamaşaçılar çox yaxşıdır.

Bunu açıqlamasında İsrailli atlet, sərbəst hərəkətlər proqramı üzrə 2020 Olimpiya çempionu, dünya çempionatının mükafatçısı, Avropa çempionu Artem Dolqopyat deyib.

"Yarışların təşkili əla səviyyədədir. Yarışların başlamasından bir neçə gün əvvəl Bakıya gələrək təlim-məşq toplanışları keçirdik və bu yarışa hazırlaşmaq üçün kifayət oldu. Bugünkü çıxışıma gəlincə, sərbəst hərəkətlərdə kombinasiyanı yaxşı nümayiş etdirərək hakimlərdən 14,866 xal aldım. Ümumilikdə, çıxışımdan razıyam. İndi isə sabaha özümü hazırlamalıyam. Burada daha iki alətdə - gimnastika atı və dayaqda tullanma hərəkətlər üzrə proqramda çıxış etməliyəm", - deyə gimnast qeyd edib.

İdman gimnastikasında yeni qaydalardan danışan Artem Dolqopyat öz proqramı üzərində hələ də çalışdığını və gələcəkdə onu daha da çətinləşdirəcəyini qeyd edərək deyib: "Qaydalar dəyişib və Olimpiadadan sonra yeni kombinasiya hazırlamağa vaxtım olmayıb. Mənim kombinasiyam hələ çox güclü deyil, amma gələcəkdə onun üzərində işləmək olar".

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed