Şrift:
Akademik Musa Əliyev Azərbaycanda geologiya elminin inkişafına layiqli töhfələr verib
11.04.2022 [10:30] - Xəbərlər, Mədəniyyət
Görkəmli alim, ictimai xadim, akademik Musa Əliyev fundamental tədqiqatları ilə Azərbaycanda geologiya elminin inkişafına layiqli töhfələr verib. O, həmçinin böyük elm təşkilatçısı olaraq səmərəli fəaliyyət göstərib, Elmlər Akademiyasının prezidenti (1950-1958) kimi respublikada intellektual potensialın formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edib.

Akademik Musa Əliyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Musa Mirzə oğlu Əliyev 1908-ci ildə Şamaxı şəhərində anadan olub. 1926-1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən fakültəsində təhsil alıb. 1936-cı ildə geologiya-mineralogiya üzrə elmlər namizədi, 1957-ci ildə elmlər doktoru elmi dərəcələrini, 1957-ci ildə professor elmi adını alıb. 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) həqiqi üzvü seçilib. Aspiranturada oxuduğu zaman (1935-1937), həmçinin Cənubi Qafqaz Geoloji Tresti filialının rəisi, 1938-ci ildə təsis olunmuş Azərbaycan Geoloji İdarəsinin rəisi vəzifələrində çalışıb. Musa Əliyevin rəhbərliyi ilə respublikada filiz və qeyri-filiz faydalı qazıntılarının axtarışından başqa, Azərbaycanın çay hövzələrində qızılın səpinti halında toplantıları da aşkar edilib. O, elmi, pedaqoji və ictimai fəaliyyətini uğurla əlaqələndirib. 1936-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda dosent, Neft fakültəsinin dekanı və rektor vəzifələrində işləyib, 1941-1942-ci illərdə SSRİ Neft Nazirliyinin nəzdində Baş tədris idarəsinin rəisi vəzifəsinə təyin edilib, eyni zamanda, Moskva Neft İnstitutunda pedaqoji fəaliyyət göstərib. İkinci Dünya müharibəsi illərində ölkə sənayesi üçün mühəndis-texnik kadrlarının hazırlanmasını davam etdirmək məqsədilə Moskva və Qroznı Neft institutlarının evakuasiyasını təşkil edib. 1943-1949-cu illərdə Azərbaycanda partiya və hökumət orqanlarında fəaliyyət göstərib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin II, III və IV çağırışlarının deputatı olub. O illərin ən yaddaqalan hadisələrindən biri də Neft daşlarının yaradılması idi. Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı Neft daşlarının - möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin həyata keçirilməsində az rol oynamayıb. Bu, 1948-1949-cu illərin yaddaşına yazılan hadisə idi.

Musa Əliyev 1950-ci ildə AEA-nın prezidenti (1950-1958) seçilib. Onun AEA-nın inkişafının istiqamətləndirilməsində, yeni elmi-tədqiqat institutlarının, bölmə və şöbələrin yaradılmasında, elmin ən perspektivli sahələrinin Azərbaycanda təşkil edilməsində, çoxsaylı xəritələrin və monoqrafiyaların çapdan çıxmasında mühüm xidmətləri olub (Şamaxı Astrofizika Rəsədxanasının açılması haqqında hökumət qarşısında vəsatət qaldırılması da Musa Əliyevə məxsusdur).

Görkəmli alimin fəaliyyəti paleontologiya və stratiqrafiya ilə bağlı idi. O, Azərbaycanda Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin banisi olub. 1958-ci ildən Musa Əliyevin elmi fəaliyyətinin yeni dövrü (Moskva) başlayıb. SSRİ Elmlər Akademiyasının prezidenti Aleksandr Nesmeyanovun təklifi ilə Moskvaya yeni təşkil olunmuş Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutuna elmi işlər üzrə direktor müavini vəzifəsinə dəvət olunaraq ömrünün sonuna kimi bu institutda çalışıb. Alimin Moskvadakı elmi fəaliyyəti Cənubi Qafqazdan başlayaraq Qərbi Sibir, Volqa-Ural, Orta Asiyanın neftli-qazlı əyalətlərini əhatə edirdi. O, 1967-1971-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik edib. Əlcəzairin Tinduf və Xassi Braxim neft-qaz yataqlarının açılması Musa Əliyevin adı ilə bağlıdır. Onun elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilib. İki dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” və digər ordenlər, bir neçə medal və fəxri fərmanlara layiq görülüb. “SSRİ neftqazçıxarma sənayesinin əlaçısı” döş nişanı və “Fəxri neftçi” adını alıb.

Onun rəhbərliyi ilə 60-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişdirilib. Musa Əliyev geologiya, paleontologiya və stratiqrafiyanın müxtəlif problemlərinə aid 350-yə yaxın elmi əsərin müəllifidir.

Akademik Musa Əliyev 1985-ci il mayın 3-də Moskvada vəfat edib, Bakıda dəfn olunub.

Alimin 100 illik yubileyi Parisdə UNESCO-nun mənzil-qərargahında qeyd edilib ki, bu da onun çoxşaxəli elmi yaradıcılığının beynəlxalq səviyyədə təsdiqi idi.

Prezident İlham Əliyevin “Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 21 fevral tarixli Sərəncamına əsasən görkəmli alimin yubileyi dövlət səviyyəsində qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed