Şrift:
Azərbaycanda “Gənclər Paytaxtı 2013” hansı şəhər, yaxud rayon olacaq? - SƏSVERMƏ
10.01.2013 [14:25] - Gənclik
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur.

“Gənclər Paytaxtı”nın elan olunmasının əsas məqsədi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafına şəraitin yaradılmasıdır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Davam.Az-a daxil olan məlumata görə, 1 yanvar 2013-cü il tarixindən etibarən gənclər www.genclerpaytaxti.az saytına daxil olaraq səsvermə yolu ilə “Gənclər Paytaxtı 2013”-ü seçə biləcəklər. Səsvermə 31 yanvar 2013-cü il tarixinə kimi davam edəcək. Gənclər paytaxtının adı rəsmi olaraq 2 fevral Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən elan ediləcək.

Xatırladaq ki, 2012-ci ildə 1 mln. 700 mindən artıq istifadəçinin iştirakı ilə Gəncə şəhəri səsvermə nəticəsində “Gənclər Paytaxtı” elan olunmuşdu. 1 il müddətinə seçilən “Gənclər Paytaxtı”nda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq əsas şərtlərdən biridir. Bu seçim gənclərin imkan və bacarıqlarının nümayişinə, ideya və təşəbbüslərin reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir. Azərbaycanın “Gənclər Paytaxtı” nın seçimində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Qeyd edək ki, bir kompüterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. 2013-cü ilin Azərbaycanın Gənclər Paytaxtının səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib. Səsvermə siyahısında onlar əlifba sırasına görə ardıcıllıqla düzlənib.

Nicat Cəmilzadə
Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed