Şrift:
Milli Dram Teatrında Xalq artisti İsmayıl Osmanlının xatirəsi anılıb
11.04.2022 [11:08] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti İsmayıl Osmanlının 120 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, xatirə gecəsində Xalq artisti Hacı İsmayılov görkəmli sənətkar İsmayıl Osmanlının Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışıb, yaratdığı obrazlara nəzər salıb. Qeyd olunub ki, görkəmli sənətkar uzun illər Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif yaddaqalan rollarda çıxış edib, eyni zamanda Xalq artisti Mehdi Məmmədovun quruluşçu rejissoru olduğu “Dəli yığıncağı” tamaşasında Hacı Naib obrazını böyük müvəffəqiyyətlə yaradıb.

Hacı İsmayılov əlavə edib ki, İsmayıl Osmanlının iştirak etdiyi tamaşalar uzun illər səhnədən düşməyib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb: “Təkcə elə “Əliqulu evlənir” tamaşasının adını çəkmək kifayətdir. Bu tamaşa 300 dəfədən çox nümayiş olunmuşdu. Tamaşaya bilet tapmaq olmurdu. İsmayıl Osmanlı nəinki Azərbaycan teatr sənətinə, eyni zamanda Azərbaycan kinosuna böyük töhfələr verib. Onun çəkildiyi “Nəsimi”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm” və s. filmlər Azərbaycan kinosunun ən gözəl nümunələridir”.

Sonra “Dəli yığıncağı” tamaşası nümayiş olunub. Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşçu rejissoru olduğu yeni səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, növbətçi rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.

“Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakterdədir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunub.
Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed