Şrift:
Yeni ildə Quzey Qafqazdakı terror siyasəti daha da güclənəcəkdir
11.01.2013 [10:23] - Dərbənd, DAVAMın yazıları
Çeçenistandan çıxarılan Rusiya hərbi birləşmələri Dağıstanda yerləşdirilir
İndi Quzey Qafqazın Çeçeniatan, İnquşetiya və Dağıstan respublikalarında əhalinin düşüncəsində yer alan əsas mövzu “istənilən savaş təhlükəsi gündəmə gələ bilər” inamının artmasıdır. Belə olduğu təqdirdə Dağıstanda durumda daha da ağırlaşa bilər. Çeçenistan iqtisadi və ictimai təhlükəsizlik aparatının başçısı Əbdürəhman Alimxanov bildirmişdir ki, bölgədəki Rusiyaya məxsus hərbi birləşmələrin blok-postları Dağıstana köçürüləcəkdir. Bu prezident Ramzan Qədirov irəli sürmüşdür: “İndi Çeçenistanda çoxsaylı blok-postlara o qədər də ehtiyac yoxdur. Çünki, öz resurslarımızın sayəsində problemlərimizi həll etmək iqtidarındayıq. Beləliklə Dağıstanın Çeçenistanla həmsərhəd bölgələrində Rusiyaya məxsus hərbi birləşmələrin sayı da artcaqdır. Durumun bu həddə çatması yerli əhali üçün əlavə bürokratik əngəllər və başağrısı deməkdkir.
Qroznı, Maxaçqala və “Qara İntiqamçılar”
Ramzan Qədirov hələ 2010-cu ildə bəyanat verərək demişdir ki, Çeçenistanın hər qarışında hərbi blok-postların mövcud olması, regionda hərbi durum mənasını daşıyır. Buna görə də, onların sayının azaldılmasına çalışacağıq. Blok-postların Dağıstanın Çeçenistanla həmsərdə bölgələrində sayının artırılması yerli əhali tərəfindən ciddi narazılıqlarla qarşılanır. Belə ki, otlaq sahələri, odun, hətta ormanlardakı cır meyvələrin, dərman bitkilərinin yğılması ilə məşğul olan yerli əhalinin əsas maddi gəlir mənbəyi bu resursların sayəsində mümkün olur. İndi hər bir kəndin giriş-çıxışında əhalinin sərbəst şəkildə hərəkət etməsinə mane olacaq blok-postlar məsələsində əsasən bu problemlər gündəmə gəlməkdədir. Vətəndaşlar ya rus əsgərlərinin müntəzəm şəkildə ehtiyaclarını ödəməyə məcbur olmalı, ya da onları bölgədən uzaqlaşdırmaq üçün daim terror təhdidi altında saxlamalıdırlar.
Çeçenistandan fərqli olaraq, Dağıstana gətirilən hərbi qüvvələrin əsas dayaq gücü “Qara İntiqamçılar” adı ilə fəaliyyət göstərən, heç bir komandanlığa tabe olmayan, deyilənlərə görə ancaq Rusiya prezidentinin xüsusi nəzarətində hərəkət edən bu xüsusi hərbi birləşmələr istədikləri formada hərəkət edir və siyasət yürüdürlər. Quzey Qafqazda ilk dəfə bu növ hərbi qruplar Kabarda-Balkar və İnquşetiya respublikalarında fəaliyyət göstərmişlər. Hər iki bölgədə “Qara İntiqamçılar” istədikləri şəxsi yerindəcə terror edərək öldürmək, heç bir məhkəmənin qərarı olmadan və sorğu-sualsız həbs edərək istədiyi kimi davranmaq səlahiyyətinə malikdirlər. Bu yarıleqal hərbi stukturun Çeçenistanda yerləşdirilməsi planı olsa da, sonucda onlar Dağıstana ğöndərilmişlər. İndi “Qara İntiqamçılar” Dağıstanda yerləşdirilən Rusiya Daxili İşlər nazirliyi daxili qoşun qüvvələri ilə birlikdə hərəkət edəcəklər. Yəni daxili qoşunlar daha çox mühafizə və blok-post xidmətini icra etməlidir və “Qara İntiqamçı” hərbi qrupları isə onların arxa gücü rolunda çıxış etməlidirlər. Yerli əhali isə yaranacaq bütün problemlərin günahkarı qismində daxili qoşunları tənqid etmək məcburiyyətində qalacaqdır.
Məşhur vəkil və insan haqları müdafiəçisi Qazıməhəmməd Xiriev bildirmişdir ki, bölgədə blok-postlar yaradılarkən ən çox əziyyət çəkən xırda və orta biznes sektorda fəaliyyət göstərənlər olacaqdır. Digər yandan isə Dağıstan hökuməti bölgədə turizmin inkişafı məsələsində çoxlu işadamlarını cəlb etməyə müvəffəq olmuşdur. Biznes çevrələri üçün bu blok-postlar hər addımda başağrısına çevriləcəklər.
Hakimiyyətdən narazıların sayı artır
Yerli müşahidəçilərin fikrincə Dağıstanda heç bir güc sturukturu bölgə hakimiyyətini saya salmır. Faktiki olaraq Dağıstan hökumətinin hərbi qüvvələrə nəzarət etmək imkanı tamamilə məhdudlaşdırılmışdır. Güc stukturları da belə bir psixoloji məqamdan istifadə edərək istədikləri kimi hərəkət edirlər. Əhalinin ən çox narazılığına səbəb olan məqam isə heç bir səbəb olmadan mütəmadi şəkildə antiterror əməliyyatlarının keçirilməsi və sonucda heç bir günahı olmayan vətəndaşların oğurlanması, hətta hərbçilər tərəfindən insanların güllələnməsi və öldürülməsi halları da artmışdır. İnsan Haqları üzrə fəaliyyət göstərən təşkilatları, müxtəlif dərəcədə hüquqları pozulmuş vətəndaşların vəkillərini belə hərbi birliklər qəbul etmirlər və antiterror əməliyyatları ilə bağlı hər hansı bir açıqlama verməkdən də yayınırlar. Faktiki olaraq Dağıstan “poqonlu federallar”, yəni birbaşa hərbi qüvvələr tərəfindən idarə olunur. Yerli məmurlar isə onların səlahiyyətinin olmadığı üçün hər hansı bir problemlə bağlı susqunluq nümayiş etdirmək məcburiyyətində qalmışlar. Dağıstandakı İnsan Haqları təşkilatları bir qədər ehtiyatlı şəkildə olsa da bəyan etmişlər ki, Rusiya DİN-ə tabe olan “Güney” və Müdafiə nazirliyi tərkibində fəaliyyət göstərən “Şərq” hərbi alayları nə qədər sərt olsalar da, antiterror əməliyyatlar ilə bağlı ictimaiyyətə müəyyən mənada açıqlama verirlər. Dağıstanda isə bunu görmək belə mümkün deyil. Hətta yerli hökumət stukturu olan Daxili İşlər nazirliyi sadəcə ictimai asayişi qorumaq tipli işlərə cəlb edilmişdir. Çeçenistanda Ramzan Qədirovun Rusiya DİN 2-ci Baş İdarəsi cinayət axtarış şöbəsinin rəhbərinin işdən qovulması haqqında irəli sürdüyü tələbinə dərhal əməl olunmuşdur. Maxaçqalada antiterror əməliyyatlarından zərər çəkmiş insanların hüquqlarının müdafiəsi ilə məşğul olan vəkil Ziyavdin Uvaysov bildirmişdir ki, Qədirov 2-ci İdarənin əməkdaşlarının Çeçenistanda vətəndaşları qanunsuz yerə həbs etməkdə və onlara qarşı işgəncələrin tətbiq olunması barəsində məlumat əldə edən kimi dərhal öz iradəsini nümaiyş etdirdi. Bununla da, bir daha Federal güc stukturlarından gələn hər hansı hərbçi və yüksək rütbəli zabitlər istədikləri kimi hərəkət edə bilmirlər.
Dağıstanda dağlıq və yarımdağlıq, eləcə də ormanlıqların çevrəsində yerləşən ərazilərin əhalisi yenicə sayları artırılmağa başlanılan blok-postlara görə öz etirazlarını müxtəlif səviyyələrdə bildirməyə başlamışlar. Çünki, bu bölgələrdə yerli əhali islam hekamlarının əsasında həyat tərzinə malikdirlər. Onlar gündə beş dəfə məsciddə namaz qılmağı çox vacib əməllərdən biri hesab edirlər. Elə kəndlər var orada ki, böyüklüyünə görə bir neçə məscid fəaliyyət göstərir. Bu zaman məscidlər arası hərbi blok-postların qoyulması və hər addımda vətəndaşlardan onların kimliyini təsdiq edən sənədlərin yoxlanılması, kəndə gələn qonaqların kimliyinin araşdırılması üçün onların saatlarla, bir neçə günlüyə belə həbs şəraitində saxlanılmaları çox üzücü hadisələr kimi başa düşülür. Hərbçilərin heç birinin yerli adət-ənənələr üzrə təlimatı belə yoxdur. Hərbçilər kənd yerlərində şəriət qanunlarına ciddi şəkildə əməl edən insanları isə “fanatik” adamlar hesab edərək onları müxtəlif bəhanələrlə cəzalandırmağa çalışırlar. Əhalinin hökumətə olan şikayətlərinin heç bir nəticəsi olmadığına görə, prezidentə, hökumətə, nə də parlamentə inanmırlar. Politoloq Denqi Xalidovun fikrincə bölgədə güc stukturlarının sayının artmasına baxmayaraq, mövcud durum dəyişməyəcək. Çünki, insanlar nə yerli hakimiyyətə, nə də federallar inanmırlar.
“Günah keçisi” axtarışında
İndi Moskvadan ardıcıl şəkildə Maxaçqalada sosioloji, dini, siyasi, etnoloji və digər sahələrdə sinergetik araşdırmalar aparan mütəxəssislərin əksəriyyətinin fikrincə burada əsasən etnoklan və rüşvət mafiyalarını diz üstə çökdürmək, bir də qeyri professional kadrları hakimiyyətdən təmizləmək lazımdır. Digər yandan isə federasiyanı təmsil edən informasiya resursları dağıstanlı zənginlər haqqında reklam olunan “monstr” obrazını tamamilə yığışdırmalıdırlar. Bölgədəki hər şeyə sağlam beyinlə yanaşılmalıdır. Rusiya İnsan Haqları təşkilatlarının fikrincə isə, Dağıstanda korrupsiya və traybalizmə qarşı federal hökumət mübarizə aparırsa, beləcə “Qara İntiqamçılar” tipli yarıməxvi hərbi stukturların da cinayət əməlləri ortaya qoyulmalıdır: “Bu tip hərbi birləşmələr əslində Quzey Qafqaz bölgələrini süni şəkildə savaş provakasiyalarına cəlb etmə siyasətini aparırlar”.
Qaziməhəmməd Xiriev bildirir ki, bu yaxınlarda DİN naziri Əbdürəşid Məhəmmədov açıqlamasında qeyd etdi ki, bölgədə silahlı radikal dirənişçilərin sayı 200-300 nəfərdən ibarətdir. Təbii olaraq 3 milyonluq Dağıstan əhalisi üçün bu çox kiçik rəqəmdir. Ancaq, bu qədər radikal silahlı üsyançı dirənişçiyə görə Dağıstanda 50 min nəfər əlavə hərbi birləşmələrə ehtiyac yox idi. Bu yaxında xidməti işimlə bağlı dağlıq bölgələrdən birinə getməli oldum. Yol boyu az qala 2 km-lik uzunluqda hərbi yük karvanına rast gəldim. Axı bu qədər hərbi qüvvəni saxlamaq, əməliyyat tədbirlərinə cəlb etmək, əlavə məsrəfləri çölə atmaq elə federal büdcəyə nə qədər zərərin dəydiyini isə heç kim hesablamaq fikrində deyil.
Maxaçqalada başqa bir yerli politoloq Məhəmməd Məhəmmədovun fikirncə Dağıstan Rusiya üçün ən strateji dövlətlərlə həmsərhəd bölgə hesab olunur. “Ərəb baharı”nın ortaya çıxması, bölgənin strateji mənada yerinin nə qədər vacib olduğunu ortaya qoymuşdur. İran çevrəsində yaranan gərginlik, Gürcüstan və Azərbaycanın Rusiya siyasətində qeyri sabit strateji baxışlarının olması, digər yandan isə 2014-cü ildə baş verəcək Soçi Qış Olimpiya Oyunlarının təhlükəsizliyinin təminatı rolunda güc stukturları mühüm əhəmiyyətə malikdirlər. Buna görə də, bölgədə onların sayı artırılır və əlavə qüvvələr gətirilir.
Ancaq, Dağıstanda fərqli cür düşünənlər də var. Zənginlərin hamısının demək olar ki, əksər Qərb ölkələrində evləri, digər mülkiyyətləri vardır. Savaş durumu ortaya çıxdığında onlar qaçıb gedəcəklər. Həmin ölkələri isə “ehtiyat aedrodrom” adlandırılar. Dağıstanda yerləşdirilən onminlərlə sayda hərbçilər məsələsində yerli hökumət əhalini sakitləşdirmək üçün “onlar rotasiya qaydasında burada məskunlaşıblar və bir azdan Rusiyanın digər regionlarına köçürüləcəklər” deyə açıqlamalar verilmişdi. Həmin bəyanatdan 8 ay keçsə də rotasiya prosesi bitməmişdir. Bunun əvəzində yeni kiçik həcmli hərbi mobil hissələr qurulmuşdur. Bu hərbi hissələrin sayı 10 ədəddir. Hər birində isə 1400 nəfər xidmət edir. Dağıstan DİN-də 20 min nəfər, Maxaçqaladakı 102, Buynakskdakı 136 saylı briqdalarda, Kaspiyskdəki 77 saylı saylı hərbi dəniz qvardiya briqadasının hər birində 10 min nəfər hərbçi xidmət edir. Rusiya DİN-ə məxsus xüsusi alayda 500, operativ qruplarda 3 min, FSB-nin stukturunda 1500 nəfər əlavə güc stukturu da proseslərdə iştirak edirlər. Beləliklə balaca bir bölgədə toplam 57 min hərbçi xidmət edir. Xalq hakimiyyətin, hakimiyyət isə güc stukturlarının timsalında beləcə “günah keçisi” axtarışına çıxıblar.
Ənvər BÖRÜSOY
Bakı-Maxaçqala-Bakı
Bu xəbər oxucular tərəfindən 1945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed