23.04.2022 [18:23] - Xəbərlər, Siyasət
Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş nitq söyləyib.
Prezident İlham Əliyevin
nitqi
- Hörmətli qurultay iştirakçıları, sizi səmimiyyətlə
salamlayıram, Şuşaya, Qarabağa xoş gəlmisiniz!
Xahiş edirəm ki, ilk növbədə, Vətən uğrunda canından keçmiş, qəhrəmancasına həlak olmuş əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah rəhmət eləsin!
Biz şəhidlərimizin qanını döyüş meydanında aldıq, qisasımızı düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəlli verir.
Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.
Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi.
Mən dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdim ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik. Ancaq həqiqətən mən istəyirdim ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə yolu ilə yox. Çünki hesab edirdim ki, sülh yolu ilə bu məsələnin həlli mümkündür. Beynəlxalq hüququn norma və prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi. Dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən və haqq-ədalətə söykənən qərar və qətnamələr qəbul etmişlər. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyildi. Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur - nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur. Hesab edirdim ki, Ermənistanda nəhayət anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi və uzun sürən – 30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda.
İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir. Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. O başqa məsələdir ki, kasıb ölkə bu pulu haradan əldə edib. Ancaq demək olar ki, Ermənistan ordusu yoxdur. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur Ermənistan ordusunda. Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi. Mən bilirəm ki, siz və sizin kimi xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Bu gün də ehtiyac var, çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik. Ancaq bu gün hələ ki, bu iddialar var və biz buna hazır olmalıyıq. Biz müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişik. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 10-da - noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək. Halbuki əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi. Mən müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, nə vaxt torpaqlarımızdan çıxır və həmin an biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu. Ancaq məcburən bunu etdilər. Qırx dörd gün ərzində tamamilə məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı imzaladı və biz bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardıq. Beləliklə, biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Yenə də deyirəm, təkbaşına, heç bir vasitəçi olmadan.
Vasitəçilərə gəldikdə, əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksəkvəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır.
2019-cu ildə isə qrupun fəaliyyəti demək olar ki, dayanmışdır. Bunun da səbəbi Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdur. Çünki Ermənistanın yeni rəhbərliyi 2018-ci ildə hakimiyyətə gələndə həm Minsk qrupunda, həm, - onu da açıq deməliyəm, - bizdə də bəzi ümidlər var idi ki, indi kriminal xunta rejim artıq devrildi və hakimiyyətə gələn yeni nəsil siyasətçilər reallığı dərk edəcəklər, anlayacaqlar ki, Azərbaycanla mübarizə aparmaq, müharibə aparmaq onların iqtidarında deyil. Demək olar ki, bir il ərzində aparılan fəal danışıqlar bu fikri daha da gücləndirirdi. Ancaq 2019-cu ildə Ermənistan rəhbərliyi tam fərqli mövqe sərgiləməyə başlamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinə son qoyuldu və bu açıqlamadan sonra mənimlə görüşə gələn Minsk qrupu demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkündür. Çünki danışıqların mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlar azad olunacaq.
Faktiki olaraq Minsk qrupu ondan sonra, hətta görüntü naminə hər hansı bir fəaliyyət göstərə bilmədi. Ancaq Ermənistan rəhbərliyi daha uzağa getdi. Ondan sonra bizə qarşı açıq təhdidlər dilə gətirildi. Yeni torpaqlar uğrunda yeni müharibə ilə bizi hədələdilər. Amma yenə də beynəlxalq ictimaiyyət buna susdu. Bu, açıq təhdiddir. Özü də işğalçı dövlət tərəfindən işğala məruz qalan dövlətə qarşı növbəti təhdiddir. Yəni, bizi növbəti işğalla hədələyirdilər. Ancaq nə BMT, nə ATƏT, nə başqa təşkilatlar, nə Minsk qrupu heç bir açıqlama verməmişdi. Əlbəttə ki, işğalçı bundan ruhlanaraq daha da azğınlaşmışdı və faktiki olaraq Ermənistan tərəfindən onilliklər ərzində uydurduğu mifologiyaya inanmağa başlamışdı. Biz bu mifologiyanı darmadağın etdik, cəmi 44 gün ərzində düşməni torpağımızdan qovduq, Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi, kapitulyasiya aktına imza atmağa məcbur oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer qalmayıb qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir, Azərbaycan bizi burada boğmaq istəyir. Biz öz vəzifəmizi icra etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.
Yəni, münaqişəyə son qoyan Azərbaycan əsgəri oldu, qəhrəman Azərbaycan əsgəri. Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş, - əgər buna dirəniş demək mümkündürsə, - göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirmişdir.
Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq. Artıq postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar. Çünki bir daha demək istəyirəm, bizim Qələbəmiz, özü də 44 gün ərzində əldə etdiyimiz Qələbə bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri bizə həmişə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan bu 30 il ərzində işğal edilmiş torpaqlarda istehkamlar qurmuşdur, müdafiə xətləri qurmuşdur. Eyni zamanda, Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq. Çoxlu itkilər olacaq, ancaq nəticədə bütün bu fərziyyələr demək olar ki, etibarsız oldu.
Onlar bir məsələni diqqətdən kənarda qoymuşdular - Azərbaycan xalqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini. Bəli, düzdür, bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər, dəmir parçaları və sair. Bölgənin coğrafiyası bizim üçün çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə biz tarixi missiyamızı yerinə yetirdik və son nöqtəni burada - tarixi şəhərimizdə qoyduq.
Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək.
Əgər bu şəhər ermənilərə mənsub olsaydı, bu günə qoyardılarmı bunu? Burada cəmi 1800 adam yaşayırdı. Özü də onların 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Burada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Yəni, bir dənə də burada yeni bir bina tikilməmişdi. Sadəcə olaraq, bizim təbii sərvətlərimizi istismar ediblər və təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. Bəli, Xirosima atom bombası nəticəsində məhv edildi. Ağdam və digər şəhərlər erməni vandallığı nəticəsində məhv edildi. Birinci Qarabağ müharibəsi dayanandan sonra 30 il ərzində binaları daş-daş söküb, daşıyıb satmışdılar və beynəlxalq təşkilatların hesabatlarında bu, var. Qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Yəni, Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Ona görə gələn hər qonaq, azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik. Onların Birinci Qarabağ müharibəsində, İkinci Qarabağ müharibəsində, iki müharibə arasındakı dövr ərzində bütün əməlləri faşist əməlləridir. Bizim dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmaq, insanları məhv etmək faşizm deyil, bəs nədir? “Tocka-U”, “SCUD”, “İskəndər-M” raketi ilə Şuşa vurulmuşdu. Qar əriyəndən sonra Şuşada, şəhərin mərkəzində “İskəndər-M” raketinin qalıqları aşkarlanmışdır və bir daha biz sübut etdik ki, Ermənistan bu ölümcül silahdan, qadağan edilmiş silahdan və onlarda heç cür olmayan silahdan istifadə edib. Buna inanmayanlar gəlib Hərbi Qənimətlər Parkında “İskəndər-M” raketinin qalıqlarını görə bilərlər.
Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır.
Biz bundan sonra ancaq və ancaq güclənəcəyik və postmüharibə dövrü bunu bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim gücümüzü göstərdi. Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və artıq ilyarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq. Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı.
Digər beynəlxalq təşkilatlar - məsələn, sədrlik etdiyimiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. İndi qonşu ölkələr 3+3 formatda beş ölkə hazırda əməkdaşlıq formatı yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Böyük dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Baş naziri mənə göndərdikləri məktublarda bu, açıq-aydın göstərilir. Yəni, biz artıq bu mərhələni keçdik və bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Yenə də bu gündəliyi biz ortaya qoyduq. Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik.
Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.
Amma yenə də dediyim bütün bu müsbət məqamlara baxmayaraq, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır.
Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir, yaxşı olar ki, geniş ictimaiyyət də bunu bilsin. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, ilyarım keçəndən sonra –1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə, bu muxtar vilayəti orada yox, burada yaradıblar. Bunu yaradıblar və eyni zamanda, qədim Azərbaycan şəhərini – Şuşanı da onun tərkibinə salıblar, bir məqsədlə ki, Şuşa erməniləşsin. Çünki Şuşa tək bir qala kimi qalmışdı və yaxşı bilirsiniz ki, Şuşaya bütün yollar ermənilərin məskunlaşdığı yerlərdən keçirdi, ərazilərdən keçirdi. Yəni, Şuşaya gəlmək üçün mütləq ermənilərin yaşadıqları kəndlərdən keçmək lazım idi. İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün, erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə. Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər.
Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı. O Azərbaycan ki, İkinci Dünya müharibəsində Sovet Ordusunun yanacağının 90 faizini verirdi. Əgər Azərbaycan olmasaydı, Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı müharibədə qələbə qazana bilməzdi və 3-4 il bundan sonra xalqımıza qarşı bu ədalətsizlik hansı mənəviyyata sığır?
Bu, tarixdir. Bu tarixi biz bilməliyik. Bu tarixi bilmədən 1980-1990-cı illərin tarixi yarımçıq qalacaq. Ondan sonra 1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qopardı. Hələ Sovet İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı və Moskvadan bir ermənipərəst adam təyin olundu. Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr ərzində bütün bu iztirablardan keçib və nəhayət öz sözünü deyib. Nəhayət “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edibdir. Ona görə, çox vacibdir ki, bu tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun.
Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq.
Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.
Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir. Mən də öz həmkarlarımla, harada ki, azərbaycanlılar yaşayır, o ölkələrin rəhbərləri ilə daim bu məsələyə diqqət yetirirəm.
Şuşada keçirilən qurultayın çox böyük tarixi mənası var. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmamışdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr - hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər, bax, bu vəziyyəti yaratmışdır. Biz bilirdik ki, bu Qələbəyə layiqik. Bir daha demək istəyirəm, - çıxışımın əvvəlində mən bunu dedim, - mənim üçün Prezident kimi başlıca vəzifəm ölkəmizi gücləndirmək və ərazi bütövlüyümüzü bərpa etmək idi. Sizin üçün də çox çətin idi. Çünki sizin yaşadığınız ölkələrdə erməni diaspor təşkilatları var. Siz ermənilərlə istər-istəməz hansısa ünsiyyətdə olursunuz, görüşürsünüz, ya da ki, haradasa tədbirlərdə bir yerdə olursunuz. Mən başa düşürəm ki, bu dövr sizin üçün çox ağır idi.
Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır! Sağ olun.
X X X
Qurultay işini “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” və “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda panel iclasları ilə davam etdirib.
Aprelin 23-də başa çatacaq Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |