Şrift:
Fərəc Quliyev:Əgər onlar Azərbaycan üçün əhəmiyyətli adam olsaydılar...
28.04.2022 [12:45] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
2013-cü ildə prezident seçkiləri ərəfəsində Rusiyada yaradılan və azərbaycanlı milyarderləri özündə birləşdirən “Milyarderlər İttifaqı”nın adı indi “it dəftəri”ndə də yoxdur.

"Milyarderlər İttifaqı" adlı qurumun “bərkgedən” üzvləri indi haradadılar?

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov ötən ay dünyasını dəyişdi.

Quruma üzv olmuş şəxslərdən baş nazirin sabiq birinci müavini Abbas Abbasovdan bir müddətdir ki, səs-səmir yoxdur. Halbuki bir vaxtlar çox fəallardan sayılırdı və “Milyarderlər İttifaqı”nın onun təşəbbüsü ilə yaradıldığı belə deyilirdi.

Uzun zaman A.Abbasovla qalmaqal yaşayan, 2019-cu ilin fevralında həbs edilən, “AzerRos”un prezidenti Söyün Sadıqov hələ də həbsdədir.

Dağıstanın sabiq prezidenti Ramazan Abdullatipovdan da bir xəbər yoxdur.

“AST Telman” kimi tanınan azərbaycanlı iş adamı Telman İsmayılovun isə taleyi məlumdur. Biznesmen bir müddət öncə müflis olduğunu açıqlayıb.

Rusiyanın “İSR” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov başını aşağı salıb öz peşəsi ilə məşğuldur. Siyasətin onluq olmadığını gec də olsa anlayıb...

“LUKoyl” şirkətinin prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovun isə hazırda başı dərddədir. Belə ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər ən çox sərvət itirən iş adamlarından biri sayılır. Hətta sərvətinin 60 faizini itirdiyi deyilir. Ötən həftə isə şirkətin prezidenti vəzifəsindən istefa verdiyi, həmçinin “LUKoyl”un Direktorlar Şurasından da ayrıldığı bəyan olunub.

Göründüyü kimi, bir zamanlar Azərbaycanda hakimiyyətə gəlməyə həvəslənmiş bu dəstə pərən-pərən oldu. Onlar 44 günlük müharibədə Orduya, Azərbaycana, xalqa nə kimi kömək etdilər? Bu adamların hakimiyyət iddiaları birdəfəlik gömüldümü, yoxsa uyğun zamanımı gözləyirlər?


Milli Dirçəliş Hıərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı danışarkən “Sizin sualınızın içərisində verdiyiniz bir qiymət var”, - deyə qeyd etdi: “Doğrudan da bu milyarderlər Vətən müharibəmizdə görünmədilər. Göründüyü qədəri ilə bunlar yaranmış bir ittifaq deyildilər, yaradılmış bir ittifaq idi. Bu da ağaları tərəfindən yaradılmışdı. Rusiyanın Azərbaycanın daxili işlərinə qarışması üçün ”Milyarderlər İttifaqı"nı ortaya atmışdı. Bunun ardınca da Milli Şura ortaya atıldı. Heç kimə gizli deyil ki, bu qurum Moskvada Cərrahiyyə İnstitutunda yaradılmışdı. Birbaşa Volodin təsis iclasında iştirak etmiş, xeyir-dua vermişdi. Məqsəd də Azərbaycanda çevriliş etmək idi. Bu artıq cəmiyyətə məlumdur. İndi onlar onun üçün gündəmdə yoxdular ki, Rusiyanın bir çox layihələri iflasa uğrayıb. Onlar yada düşən deyillər, istifadə edilmiş adamlardır. Hücrədə yatmış ola bilərlər. Nə zamansa lazım olanda oyadılaraq, dövriyyəyə buraxıla bilərlər. Amma ifşa olunmuş bir qurum olduqlarından hesab etmirəm ki, bir əhəmiyyətləri olsun. Rusiyanın özü bütövlükdə çökürsə, layihələri iflas olursa, bu çox mətləblərdən xəbər verir. Vaxtilə Rusiyanın keşişləri SSRİ haqqında dualar edirdilər, amma qalmadı. İndi isə Rusiyanın qalması üçün dualar edirlər. Dünya qarşısında sıxıntı yaşayan Rusiya milyarderləri yada sala bilməz. Onların Qafqaz xəyalları da iflas olub. Bir sözlə, milyarderlərin yoxa çıxmasını təbii sayıram. Hesab etmirəm ki, bir daha üzə çıxsınlar. Əgər onlar Azərbaycan üçün əhəmiyyətli adam olsaydılar, 44 günlük savaşımızda özlərini göstərərdilər. Təbii ki, onların heç biri Hacı Zeynalabdin Tağıyev deyillər. Onlar düşmən ölkələrin pul kisəsi rolunda iştirak edirlər".

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed