Şrift:
Fərəc Quliyev:Müharibə Ukraynanın xeyrinə bitəcək
30.04.2022 [22:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Hər bir ekspert, eləcə siyasətçi fərqli-fərqli fikirlər bildirə bilər. Məsələn, Ukrayna deyir ki, Rusiya müharibəni iyun ayında dayandırmağa məcbur olacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

O, Ukraynada müharibənin 5, 10, hətta 20 il davam etməsi proqnozlarını şərh edib:

“İnanmıram ki, Rusiyanın 10 il müddətinə müharibə aparmağa resursları olsun. Hazırda 2 ay keçib və Rusiya kifayət qədər tələbindən əl çəkib, döyüş yavaş-yavaş Rusiyanın daxilinə keçir, Ukrayna ordusu yeni silahlar alır və yəqin ki, bu da yeni hücumun başlaması deməkdir.

Onlar öz ərazilərini azad edəcək. Ukrayna heç bir ərazisini güzəştə getmədən müharibəni sona çatdıracaq. Müharibə Ukraynanın xeyrinə bitəcək, çünki təkcə Ukrayna savaşmır, bütün dünya onun arxasında dayanıb.

Rusiya ədalətsiz tərəfdir, onun daxilində ciddi kataklizmlər başlayacaq, çünki iqtisadiyyatı bərbad gündədir. Görürsünüz, gündə bir şirkət bağlanır, on minlərlə, hətta yüz minlərlə insan işsiz qalıb və sonrakı mərhələdə narazı kütləyə çevriləcək”.

MDHP sədrinin sözlərinə görə, ABŞ və NATO-nun Rusiyanı çökdürmək istəyi var:

“Deyirlər ki, Rusiya məğlub olmalı və elə bir vəziyyətə düşməlidir ki, bir daha təhdid elementinə çevrilməsin. Onsuz da Ukrayna dağılıb. Amma mən soruşuram: lap Ukrayna müharibəni dayandırarsa, “Marşall planı” işə düşsə, eləcə də Donbas və Krım problemi qalsa və sabah yenidən müharibə başlayarsa, atəşkəs dönəmində tikib-düzəltdikləri dağılar, ya yox?! Əlbəttə, dağılar! Odur ki, Ukrayna müharibəni dayandırmaqda maraqlı deyil".

"Zelenskinin reytinqi yüksəkdir. O, məsələni belə yarımçıq saxlamaq istəməz. Qərb də çalışır ki, Putindən qurtulsun. Hansı siyasətçinin nə deməsindən asılı olmayaraq, nəticə etibarilə böhranın uzun çəkəcəyini düşünmürəm. Fikrimcə, qarşıdurma bu yay meydanda bitəcək. Ukrayna yaxın 3 ildə dünyanın ən gözəl ölkəsinə çevriləcək”, - deyə F. Quliyev fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV/yenisabah.az
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed