Şrift:
“İşığın ecazkar əksi” adlı rəsm sərgisi açılıb
05.05.2022 [09:40] - Gündəm, Mədəniyyət
Azərbaycan Rəssamlar İttifaqının və Bakı Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Nazim Şamxorovun “İşığın ecazkar əksi” adlı rəsm sərgisi açılıb.

Tədbirdə sənətşünas Qalib Qasımov çıxış edərək sərgi barədə məlumat verib. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Bakı Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və əsərlərin müəllifi rəssam Nazim Şamxorov nümayiş edilən sənət əsərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Vurğulanıb ki, rəssam əsərlərində Azərbaycan mənzərəsinin füsunkar gözəlliyini və milli memarlıq abidələrini çox möhtəşəm şəkildə təsvir edir. Sərgidə 80-ə yaxın rəsm nümayiş olunur.

Qeyd edək ki, Nazim Şamxorov 1982-ci il mayın 5-də Bakı şəhərində anadan olub. O, 1997-2001-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

Rəssam bir çox xarici ölkələrin sərgilərində və simpoziumlarda iştirak edib. "Abşeron", "Neft daşları", "Bakı", "Xəzər dənizi", "Şuşa - Daşaltı kəndi", "Şuşa. Gövhər-Ağa məscidi" və s. əsərlərin müəllifidir.

O, 2006-cı ildən Cəfər Cabbarlı adına Teatr Muzeyində bərpaçı rəssam vəzifəsində çalışır. Bir çox beynəlxalq sərgi və simpoziumlarda iştirak edən rəssam 2013-cü ildə Moldovada beynəlxalq simpoziumda ölkəmizi uğurla təmsil edib.

Rəssamın "Şuşa. Gövhər-Ağa məscidi" adlı əsəri 2021-ci ildə Ankarada mədəniyyət naziri Anar Kərimov tərəfindən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna təqdim olunub. Rəssamın əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Dünya Bankının Ofisində, Xətai Sənət Mərkəzində və başqa şəxsi kolleksiyalarda saxlanılır.

Sərgi mayın 8-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 2103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed