Şrift:
Akademik: Azərbaycan nefti İkinci Dünya müharibəsində qazanılan qalibiyyətin əsas səbəblərindən biri olub
09.05.2022 [10:17] - Gündəm, Mədəniyyət
İkinci Dünya müharibəsində SSRİ qələbə çalaraq bəşəriyyəti faşizm fəlakətindən qurtardı. Bu Qələbədə Azərbaycan elminin görkəmli nümayəndələrinin rolu əvəzsizdir. Onların sırasında Yusif Məmmədəliyev, Rüstəm İsmayılov, Əli Quliyev, Murtuza Nağıyev, İzzət Orucova, Ələşrəf Əlizadə, Viktor Qutırya xüsusi yer tutublar.

Bu fikri açıqlamasında AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov söyləyib. Akademik bildirib ki, yüksək oktanlı aviasiya benzininin yaradılması üçün müstəsna əhəmiyyəti olan komponentin alınma texnologiyasının işlənməsi vacib idi. Hələ müharibədən əvvəl Yusif Məmmədəliyevin rəhbərliyi altında strateji əhəmiyyətə malik alkilbenzolların alınması üzrə silsilə tədqiqatlar aparılırdı. 1941-ci ilin iyununda alimin rəhbərliyi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu öz tərkibində 18-dən çox yaxşı təchiz olunmuş laboratoriyanı, iki təcrübə zavodunu, yardımçı emalatxanaları və xüsusi təsərrüfatları birləşdirirdi. Müharibənin ilk günlərindən fəaliyyətini cəbhənin tələbatına uyğunlaşdıran Yusif Məmmədəliyev artıq 1942-ci ildə benzolun alkilləşdirmə üsulunu tədqiq etməklə toluolun yeni səmərəli sintez prosesini işləyib-hazırladı. Toluolun istehsalı təşkil olunandan sonra Yusif Məmmədəliyevin müəyyən etdiyi üsulla top mərmilərinin və minaların istehsalında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsi alınmağa başlayır və cəbhəyə göndərilir. Yusif Məmmədəliyev daha bir yandırıcı qarışığın – “Molotov kokteyli”nin yeni tərkibdə və yeni konstruksiyada hazırlanmasına nail olur. Yusif Məmmədəliyevin işləyib-hazırladığı texnologiya əsasında gizli ad altında fəaliyyət göstərən zavodda 1941-1944-cü illərdə 10 milyon 42 min ton yüksək oktanlı benzin istehsal olunaraq cəbhəyə göndərilib. O, digər rəşadətlərlə yanaşı, cəbhəni yüksək oktanlı aviasiya benzini ilə təchiz etdiyinə görə 1944-cü ilin yanvarında Lenin ordeni ilə təltif olunub. Müharibədə göstərdiyi fədakar əməyə görə və aldığı nəticələrin dərin elmi və praktik əhəmiyyətinə görə akademik Yusif Məmmədəliyev SSRİ Dövlət Mükafatına layiq görülüb. Ona Kremldə Qələbə paradına əsas tribunaya dəvətnamə-vəsiqə verilib.

Vaqif Abbasov bildirib ki, Azərbaycan nefti müharibədə qalibiyyətin ən vacib səbəblərindən biri olub. İkinci Dünya müharibəsi dövründə Azərbaycanda 75 milyon ton neft çıxarılıb. SSRİ-də istehsal olunan benzinin 80, liqroinin 90, yağın 96 faizi Azərbaycanın payına düşüb.

İkinci Dünya müharibəsində SSRİ üzrə 17 milyon ton neft məhsulunun 13 milyon tonu Azərbaycanda istehsal olunub. Aviasiya benzininin 85 faizə qədəri Azərbaycanın payına düşüb. Cəbhəyə 1 milyon ton yüksək oktanlı B-78 benzini verilib. Qeyd edək ki, əfsanəvi “Katyuşa”nın mərmiləri Bakıda istehsal olunaraq cəbhəyə göndərilib. Azərbaycan xalqının qəhrəman övladları da cəbhədə igidlik göstərərək qələbənin əldə olunmasında xüsusi rol oynayıblar.

Müharibədə 223-cü Azərbaycan atıcı diviziyasının rəşadətini xüsusi qeyd etmək lazımdır. Diviziyanın döyüşçüləri müharibə illərində Vermaxtın 25 min əsgər və zabitini məhv edib, ya da əsir götürüblər. Düşmənin 28 təyyarəsi, 113 tankı, 549 topu, 317 minaatanı, 1152 pulemyotu, 25 min avtomat və tüfəngi, iki zirehli qatarı, 2 min avtomaşını, 219 parovozu, yüklə dolu 7 min 400 vaqonu, 70 avtomobili və 2 milyon pud taxılı qənimət olaraq ələ keçirilib. Bu diviziyanın əsgər və zabitləri cəbhədə otuz ay vuruşub, 3 min 600 kilometr döyüş yolu qət edib, Ruban, Şimali Donets, Dnepr, Yujnıy Buq, Dnestr, Mozav və Dunay çaylarından keçiblər. Mozdok, Georgiyevsk, Dneprodzerjinsk, Kirovoqrad, Benderı, Kişinyov, Belqrad, Budapeşt, Vyana şəhərlərinin azad olunmasında bu diviziyanın xidmətləri əvəzsiz olub. Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Taqanroq diviziyası da xalqımızın İkinci Dünya müharibəsində böyük rolunun olmasına sübutdur. Diviziyada 11 min 898 nəfər vuruşub ki, onlardan 1050-si azərbaycanlı olub. 1942-ci ildə yaradılmış 416-cı atıcı diviziyası Qafqazdan Berlinə qədər yol keçib. Bu diviziya 1945-ci ilin aprelin 21-də səhər Berlin ətrafına girən ilk sovet qoşun hissələrindən biri olub. Diviziya Vermaxtın 24 min əsgər və zabitini məhv edib, 5 min 474 nəfərini isə əsir götürüb.

“1941-1945-ci illərdə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan biri də akademik Ziya Bünyadovdur. O, 1945-ci ilin fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Generallarımız Həzi Aslanov və Mahmud Əbilov SSRİ-nin faşizm üzərində Qələbəsində mühüm rol oynamış qəhrəman Azərbaycan oğullarıdır. Bütün qeyd olunanlar və çoxsaylı tarixi sənədlər sübut edir ki, dünyanın faşizmdən xilasında Azərbaycan alimlərinin, neftinin, zabit və əsgərlərinin, bütövlükdə Azərbaycan xalqının xidmətləri əvəzsiz olub”,- deyə Vaqif Abbasov fikrini yekunlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 2280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed