Şrift:
Azərbaycanın milli maraqlarını və həmrəyliyini hər zaman uca tutan görkəmli dövlət xadimi
10.05.2022 [10:04] - Xəbərlər, Siyasət
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. İlk növbədə, qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Lakin XX əsrin sonunda başlamış Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdı və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın milli maraqlarını və həmrəyliyi hər zaman uca tutan görkəmli dövlət xadimi” sərlövhəli məqaləsində yer alı


Məqaləni təqdim edir.

Yalnız 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ümummilli Lider məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın ideoloji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Ümummilli Lider son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud, “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.

Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu vurğulayırdı. Sovet ideologiyasının təsiri ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan diasporu yalnız ölkəmiz yenidən müstəqillik qazanandan sonra formalaşmağa və inkişaf yolunu tutmağa başladı. Bu baxımdan, XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-də aparılan yenidənqurma siyasəti və sosializm rejiminin süqutu xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaratdı. Onu da qeyd etmək lazımdır ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən mühüm hadisələrdən biri kimi müasir tariximizə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmiş və bu tarixi bəyanat dünyada yaşayan azərbaycanlıları səfərbər edərək ayağa qaldırmışdı.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu. Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. İlk növbədə, həmin dövrdə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda Vətənə maraq və bağlılığı artırırdı. Hələ XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev böyük uzaqgörənliklə qətiyyət və müdriklik nümayiş etdirərək xalqımızın tarixi yaddaşının qorunmasına, o cümlədən Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Məhz ümummilli lider Heydər Əliyev diqqəti sayəsində həmin dövrdə yüzlərlə azərbaycanlı SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi.

Qeyd etmək lazımdır ki, hər bir dövlətin milli-mənəvi sərvəti, əsas təsir qüvvəsi və təbliğatçılıq fəaliyyətində mühüm amil kimi güvənə biləcəyi strateji silahlardan sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində əsas amillərdən sayılır. Məhz bu baxımdan diaspor siyasəti hər bir dövlətin öz mədəniyyətini, dilini, tarixini, adət-ənənəsini təbliğ etmək yolunda əhəmiyyət verdiyi əsas amillərdəndir.

Bu baxımdan, 1990-cı illərdə ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici təlimə çevirməyə çalışmış, məhz onun müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək, yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici, eləcə də səfərbəredici milli ideyası statusuna qaldırılmışdır. Onu da qeyd etmək vacibdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Məhz 1991-ci il dekabrın 16-da Ümummilli Liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmiş, bu hadisə Azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunmuşdur.

Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyllərini nəzərə alırdı. Ümummilli Liderin sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları səfərbər edərək dünyaya səpələnmiş azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır və bu ideologiya bütün dünyada yaşayan soydaşlarımızı bir amal uğrunda birləşdirir.

Bu baxımdan, milli həmrəyliyin və birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Yalnız, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etdi və məhz Ümummilli Lider ilk dəfə olaraq, xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparmağa başladı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, o cümlədən beynəlxalq əlaqələrin qurulmasında və genişləndirilməsində diasporun əhəmiyyətini dəyərləndirən zəngin təcrübəyə malik, dövlət xadimi Heydər Əliyevin ABŞ, Almaniya, Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrə işgüzar səfərlərində, oradakı həmvətənlərimizlə görüşlərdə səsləndirdiyi fikirlər həm ölkə vətəndaşları, həm də Azərbaycan diasporu üçün səmərəli fəaliyyət proqramı kimi bu gün də mühüm əhəmiyyət kəsb edir.

Diaspor quruculuğu işində yaxından köməklik göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan ümummilli lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirmişdir. Bu baxımdan, Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılmışdır. Bu baxımdan, Ümummilli Liderin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və geniş miqyaslı olduğunu “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Ümummilli Liderin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır.

2002-ci il iyulun 5-də isə ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor quruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir Komitənin yaradılması məhz Ümummilli Liderin uzaqgörən şəxsiyyət olması ilə yanaşı, dünya ölkələri üçün də bir nümunəyə çevrildi. Nəticədə, dövlətimizin Azərbaycan diasporunun daha sıx təşkilatlanması istiqamətindəki fəaliyyəti, Bakıda dünya azərbaycanlılarının dörd qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis olunması ilə soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə mühüm zəmin yaratmış, azərbaycançılıq məfkurəsi, milli həmrəylik, Azərbaycanın milli maraqlarının və mənəvi dəyərlərinin qorunmasına nail olmaqla ölkəmizin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının əsas prinsipləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə diqqəti bir daha cəlb edərək Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir: “...Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır”. Dövlət başçısı diqqətə çatdırmışdır ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdiyi günlərdə, xalqımız bütünlüklə, Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı.

Nəticədə, rəşadətli Azərbaycan Ordusu 28 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını dağıtdı. Bununla yanaşı, dövlətimizin başçısının xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuş, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəmizdə ölkəmizin yanında olduğunu və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirdiyini, ehtiyac yaranarsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər.

Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışmışlar.

Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, dünyada tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülmüşdür.

Xaricdə yaşayan azərbaycanlılar da rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında, eləcə də Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, maddi-mədəniyyət nümunələrimizin dağıdılması haqqında yaşadıqları ölkələrin ictimaiyyətinə dəqiq məlumatlarla çatdırılması istiqamətində fəaliyyətini genişləndirməkdədir.

2022-ci il aprelin 22-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən insanlar Azərbaycanın tarixinə şəhidlərimizin qanı bahasına şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi yazıldığı əziz və doğma Şuşa şəhərində bir araya gəldilər.

Azərbaycan Prezidenti İlham Əliyev Qurultayın açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan postmüharibə dövrünə tam hazırdır və öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə biz bir daha xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.

Azərbaycan Prezidentinin Qurultayda konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir.

Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayandı. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxil idi. Digər tərəfdən isə yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələrin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışı zamanı Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: “Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan dövlət başçısı demişdir: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilmiş Zəfər Qurultayı diaspor nümayəndələrinin Qarabağ torpağından aldıqları mənəvi güc və əhval-ruhiyyə ilə öz ölkələrində fəaliyyətlərini daha əzmlə qurmalarına təkan verəcək. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

Bu gün ideoloji dəyərləri, Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq, milli birlik və həmrəylik ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. Bununla yanaşı, Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, xüsusilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed