Şrift:
Ulu öndər Heydər Əliyev siyasətinin bəhrələri: davamlı inkişaf, yüksək rifah Şərur rayonunun quruculuq xəritəsi genişlənir
11.05.2022 [09:45] - Xəbərlər, Siyasət
Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür... Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatını daha da inkişaf etdirəsiniz”.

Bu gün Ulu Öndərin arzuları reallığa çevrilib. Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Şərur rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri, yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması məskunlaşmanın artmasına səbəb olub. 2022-ci ildə də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər, sənaye və mədəniyyət müəssisələri tikilərək istifadəyə verilir.

Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, mayın 10-da - ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan quruculuq işləri Şərur rayonunu da əhatə edib. 2021 və 2022-ci illərdə Şərur şəhərində 40 mənzilli yaşayış binasının, Gigiyena və Epidemiologiya Şöbəsinin, eləcə də xidmət sahələrinin istifadəyə verilməsi, Saat Meydanının, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Şərur Rayon Şöbəsinin inzibati binasının, 7 yaşayış binasının, yeraltı piyada keçidinin, “Araz” Elm İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsinin, Sərxanlı kəndində içməli su xəttinin, Ərəbyengicə kəndində Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış komplekslərinin, 8 meqavatlıq Şərur Günəş Elektrik Stansiyasının, Muğanlı və Maxta yarımstansiyaların tikintisi, yenidən qurulması və əsaslı təmir işləri başa çatdırılıb. Həmçinin ötən il Şəhriyar, Çərçiboğan və Dərvişlər kəndlərində kompleks quruculuq işləri aparılıb. Hazırda rayonun Vərməziyar, Alışar, Həmzəli və Axura kəndlərində inşaat işləri davam etdirilir. Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11,2 kilometrlik avtomobil yolunun, Ərəbyengicə kəndində Sərhəd Zastavasına gedən yolun, eyni zamanda, Şəhriyar, Çərçiboğan və Dərvişlər kəndlərində kənddaxili yolların yenidənqurulması başa çatdırılıb. Görülən işlər rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb, onların qurub yaratmaq əzmini daha da artırıb. Kamal Cəfərov göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Şərur rayonunda tarixi bina - vaxtilə rayon partiya komitəsinin fəaliyyət göstərdiyi bina yenidən qurularaq dövlət təşkilatlarının istifadəsinə verilir. Bu gün ölkəmizin hər bir yerində abadlıq-quruculuq işləri aparılır. Azərbaycan inkişaf edir və ən əsası da odur ki, ölkəmizdə ulu öndər Heydər Əliyev siyasəti yaşayır və davam etdirilir. Bunun da nəticəsi olaraq Azərbaycanda sabitlik və inkişaf vardır. İnsanların yaşayışı, rifahı və iş şəraiti yaxşılaşdırılır. Bunlar o ölkədə baş verir ki, orada yol düzgün seçilib, ölkəyə uğurla rəhbərlik edilir. Bütün bunların hamısı ölkəmizdə mövcuddur. Bu yolun da əsası Ümummilli Liderimizin Azərbaycanda siyasi hakimiyyəti illərində qoyulmuşdur”.

Ali Məclisin Sədri qeyd edib: “Bu gün Ümummilli Liderimizin anadan olduğu gündür. Ulu Öndərin siyasi xətti Şəruru da inkişafa qovuşdurub. Şərur rayonu yarandığı gündən ötən dövrdə heç vaxt bu qədər inkişaf etməmiş, rayonda bu qədər geniş quruculuq işləri aparılmamışdır. Təkcə quruculuq işləri deyil, Şərur rayonu eyni zamanda kənd təsərrüfatı rayonudur. Aqrar sahə inkişaf etdirilir, bol məhsul istehsal olunur. Ölkəmizin ərzaq təhlükəsizliyində Şərur rayonunun da payı vardır. Bundan başqa, rayonun sənayeləşməsi üçün tədbirlər görülür. Sənaye məhəlləsi yaradılır, kiçik sahibkarlıq müəssisələrinin qurulması üçün dövlət tərəfindən kreditlər verilir, ailə təsərrüfatları inkişaf etdirilir. Bir sözlə, bu gün rayonun inkişafı üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında da əhaliyə xidmətlər göstəriləcəkdir. Ona görə də kollektivlər yaradılan şəraitdən istifadə edərək əhaliyə nümunəvi xidmət göstərməli, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməli, dövlətin qayğısına layiqli işlə cavab verməlidir”.

Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Türkanə İsmayılova yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyiniz dövrdə Naxçıvan böyük inkişaf yolu keçib, yenidən qurulub. Bu gün muxtar respublikanın hansı səmtinə yolumuz düşsə düşünülmüş siyasətin möhtəşəm nəticəsini görəcəyik. Müstəqillik illərində muxtar respublikanın bütün bölgələri kimi, Şərur rayonuna da aparılan genişmiqyaslı quruculuq tədbirlərindən pay düşüb. Rayonun sovet dövründən qalma köhnə, yararsız tikililərinin yerində müasir görünüşlü, hərtərəfli şəraitə malik yeni binalar ucaldılıb. Həyata keçirilən tədbirlər nəticəsində Şərur şəhərində də yüksək səviyyəli infrastruktur yaradılıb. Təsadüfi deyil ki, bu gün Şərur müasir Azərbaycan şəhərləri sırasındadır”.

Sonra binaya baxış olub. Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binada 6 təşkilat fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində Şərur Şəhər Bələdiyyəsi üçün 4, Şərur rayon 1 saylı Notariat Ofisi üçün 3 və statistika işçiləri üçün iş otaqları nəzərdə tutulub. Şərur rayon Ağsaqqallar Şurası üçün də binanın birinci mərtəbəsində otaq ayrılıb. Binada 44 yerlik iclas zalı yerləşir.

Binanın ikinci mərtəbəsində Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi üçün 5 iş otağı və arxiv, eyni zamanda, Yeni Azərbaycan Partiyası Şərur şəhər ərazi ilk partiya təşkilatı yerləşir. Təşkilatın 899 üzvü vardır ki, onlardan da 244-ü gənc, 396-sı isə qadındır.

Ərazi ilk partiya təşkilatının sədr müavini Ramin Şükürov partiya üzvləri və Şərur rayon sakinləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır, bütün sahələr üzrə inkişaf edir, müasirləşir. Ulu Öndərimizin arzuları bir-birinin ardınca həyata keçirilir. İnkişafın ən mükəmməl nəticələrini bu gün Naxçıvan Muxtar Respublikasında da görürük. Son illərdə muxtar respublikanın siması köklü surətdə yenilənib. Əhalinin güzəranı, həyat səviyyəsi yüksəlib. Bütün bunlar muxtar respublika rəhbərinin gərgin əməyi sayəsində mümkün olub. Muxtar respublikanın bütün rayonları kimi Şərur rayonu da sürətlə inkişaf edir, çiçəklənir. Şərurlular bu inkişafı ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiyasının bariz nümunəsi kimi qiymətləndirirlər. Biz də partiya üzvləri olaraq yaradılan şəraitdən səmərəli istifadə edəcəyik”.

Ağsaqqallar Şurasının sədri Mirhüseyn Seyidov minnətdarlıq edərək bildirib: “Mənim 75 yaşım var. Bu müddət ərzində müxtəlif vəzifələrdə çalışmışam. Rayonun ictimai-siyasi fəaliyyətində yaxından iştirak etmişəm. Lakin Şərurda bugünkü qədər quruculuq işlərinin şahidi olmamışam”.

X X X

Sonra Ali Məclisin Sədri Şərur şəhər Mərkəzi Stadionunda olub, burada həyata keçiriləcək yenidənqurma işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilib

Mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Şərur Rayon Mədəniyyət Şöbəsinin müdiri Abbas Musayev çıxış edərək deyib ki, bu gün muxtar respublikada mədəniyyətin hərtərəfli inkişafı təmin edilib. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin, uşaq musiqi və incəsənət məktəblərinin yaradılması, kənd mərkəzlərində kitabxana və mədəniyyət evləri üçün binaların istifadəyə verilməsi, eləcə də xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi mədəniyyətimizin inkişafına mühüm töhfədir. Şərur Rayon Mədəniyyət Sarayının inşası da mədəniyyətə göstərilən qayğının bariz nümunəsidir. Bu möhtəşəm sarayın açılışı əlamətdar bir günə - Ümummilli Liderimizin doğum gününə təsadüf edir. Bu gün mədəniyyət işçiləri üçün ikiqat bayramdır. Çünki milli mədəniyyətimiz ulu öndər Heydər Əliyev ideyalarından güc alır. Abbas Musayev göstərilən diqqət və qayğıya görə Şərur rayon mədəniyyət işçiləri adından minnətdarlıq edib, mədəniyyətimizin qorunması, yaşadılması və inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Şərur rayonunda 112 minə yaxın əhali yaşayır. Əhaliyə mədəni xidmətlərin göstərilməsi üçün Şərur Rayon Mədəniyyət Şöbəsi və onun tabeliyində 124 müxtəlif təyinatlı mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bu gün Ümummilli Liderimizin doğum günündə Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilir. Bu o deməkdir ki, Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti yaşayır, Heydər Əliyev yolu uğurla davam etdirilir. Ümummilli Liderimizin yoluna sədaqət bu gün Azərbaycanı sabit və inkişaf etmiş ölkəyə çeviribdir. Bunun da bəhrələri göz qabağındadır. Heç bir zaman Şərur rayonunda bu qədər quruculuq və abadlıq işləri aparılmayıb, insanların yaşayış səviyyəsi bu qədər yüksəldilməyib”.

Ali Məclisin Sədri deyib: “Əhaliyə kitabxana vasitəsilə, musiqi, incəsənət məktəbləri, xalq teatrı, folklor, yallı qrupları və bir çox başqa sahələrdə mədəni xidmətlər göstərilir. Sarayın istifadəyə verilməsi ilə bu sahədə yeni dövr başlayır. Bu da ondan ibarətdir ki, artıq kollektivlər sərbəst şəkildə müxtəlif mədəniyyət tədbirləri həyata keçirə biləcəklər. Mədəniyyət şöbəsi rayon İcra Hakimiyyəti ilə birlikdə rayonda müxtəlif tədbirlərin hazırlanıb keçirilməsini təmin etməli, muxtar respublikanın teatr və musiqi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramları təşkil olunmalıdır. Bunun üçün lazımlı şərait və imkanlar vardır. “Şərur” Xalq Yallı Ansamblı üçün də lazımi şərait yaradılmışdır. Bu yallı qrupu təkcə müxtəlif konsertlər, tədbirlər zamanı çıxışlar etməməli, yaradılan şəraitdən istifadə edərək bu sənətin yaşadılmasına nail olmalıdırlar. Ümummilli Liderimiz deyirdi ki, “Şərur yallısı Naxçıvanın tacıdır”. Şərur yallısı muxtar respublikamızın qədimliyini özündə yaşadan sənət nümunəsidir. Yeni Mədəniyyət Sarayı sadəcə rayonun simasının dəyişilməsi üçün yox, həm də mədəni-kütləvi tədbirlərin əhatə dairəsinin genişləndirilməsi üçün tikilmişdir. Vaxtilə burada mədəniyyət evi olmuşdur. Lakin şəraiti tələblərə cavab vermədiyindən sökülərək yerində 275 yerlik müasir Mədəniyyət Sarayı tikilmişdir. Mədəniyyət Sarayının qapıları daim açıq olmalı, müxtəlif tədbirlər keçirilməlidir. Şərur Rayon Xalq Teatrı da fəaliyyətini gücləndirməlidir. 1981-ci ildə xalq teatrı statusu alan bu mədəniyyət ocağı daha çox çalışmalı, aparıcı teatr statusu almalıdır”.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb.

Şərur Rayon Mədəniyyət Sarayının bədii rəhbəri və rejissoru Nəsimi Məmmədzadə minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin mədəniyyət işçiləri ilə hər bir görüşü bizim üçün bayramdır. Muxtar respublikada mədəniyyət sahəsində çalışanlar da dövlət qayğısı ilə əhatə olunub. Bu diqqət və qayğı bizi daha da ruhlandırır, yeni-yeni yaradıcılıq uğurlarına səsləyir. Bu gün muxtar respublikamızın bütün bölgələrində abadlıq quruculuq işləri gedir. Muxtar respublikamız günü-gündən çiçəklənir. Şair Asim Yadigarın dediyi kimi:

Hər gün təzə libas geyir əyninə,

Ulu Heydərimin yurdu Naxçıvan.

Şəfəqlər süzülür gülüşlərindən,

Təpədən dırnağa nurdu Naxçıvan.

Bu gün qədim diyar nura boyanıb. İstər bu gözəl Mədəniyyət Sarayının, istərsə də sosial binaların açılışı inkişafın bariz nümunəsidir. Bu gözəl Mədəniyyət Sarayının açılışı əlamətdar bir günə - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə təsadüf edir. Bu münasibətlə mədəniyyət işçiləri adından təbriklərimizi çatdırır, əmin edirik ki, bundan sonra da tarixi-mədəni irsimizin qorunmasında səylə çalışacağıq”.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada rayon Mədəniyyət Şöbəsi, Şərur Rayon Mədəniyyət Sarayı və Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı üçün müasir iş şəraiti yaradılıb. Binanın zirzəmisində anbarlar, bufet, arxiv, qazanxana və texniki otaqlar, birinci mərtəbəsində 275 yerlik tamaşa zalı və səhnə, səhnə idarəetmə, kassa, növbətçi, qrim, qarderob və digər iş otaqları, ikinci mərtəbəsində isə Mədəniyyət Şöbəsi üçün 5 və Mədəniyyət Sarayı üçün 10 otaq yerləşir.

Sarayda “Şərur” Xalq Yallı Ansamblı, “Arpaçay” İnstrumental Ansamblı, “İncilər” Uşaq Yallı Qrupu fəaliyyət göstərir. Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayıb, ötən dövrdə 100-ə yaxın müxtəlif janrlarda tamaşalar hazırlayıb. Şərur rayonunun mədəniyyət müəssisələrində, ümumilikdə 61 dərnək fəaliyyət göstərir.

Sonra tamaşa zalında “Şərur” Xalq Yallı Ansamblının çıxışı olub, “Köçəri” və “Tənzərə” yallıları ifa edilib.

Ali Məclisin Sədri ansamblın üzvləri ilə görüşərək deyib: “Şərur yallıları yaşadılmalı, inkişaf etdirilməli və nəsildən-nəslə ötürülməlidir. Hazırda yallıların reyestri aparılır. 90-dan artıq yallı qeydə alınmışdır. 50-dən çox yallı isə nota köçürülmüşdür. Ona görə də kollektiv də yallıların yaşadılması üçün çalışmalıdır. Ulu öndərimiz Heydər Əliyev Şərur yallısına böyük qiymət verib. Bu dəyəri qoruyub saxlamaq lazımdır. Əgər Gəmiqaya abidələrinin tarixi 5-7 min il götürülürsə, deməli yallıların da tarixi 5 min ildən çoxdur.

Sonra xatirə şəkli çəkdirilib.

Əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır

Son illər muxtar respublikada yenidən qurulan və ya tikilərək istifadəyə verilən yeni yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir.

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində tikiləcək yeni yaşayış binasının layihəsinə və əraziyə baxıb.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq yaşayış binası 40 mənzillidir. Mənzillərdən 10-u dörd, 20-si üç, 10-u ikiotaqlı olacaqdır. Dördotaqlı mənzillərin ümumi sahəsi 120, üçotaqlı mənzillərin ümumi sahəsi 95-102, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 75 kvadratmetrdir.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə tapşırıqlar verib.

Şərur Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir

Muxtar respublikada sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması iqtisadiyyatın və innovativ inkişafın sürətlənməsinə, rəqabətədavamlı məhsul istehsalına töhfə verəcəkdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Sənaye Məhəlləsində görülən işlərlə maraqlanıb.

Bildirilib ki, sənaye məhəlləsinin ərazisində 24 istehsal sexi, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunub. Sənaye məhəlləsinin idarəedici təşkilatına aid otaqların və kiçik ölçülü istehsal və xidmət bloklarının yerləşdiyi inzibati bina 895 kvadratmetr ərazini əhatə edir. İstehsal bloklarının ümumi sahəsi isə 1300 kvadratmetrdir. İlkin olaraq 2 şirniyyat, 1 balın qablaşdırılması və 1 trikotaj malları istehsalı sahələri üzrə mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən müraciət daxil olub. Gələcəkdə bu sahələrin reallaşdırılması və fəaliyyətə başlaması istiqamətində, eyni zamanda inzibati binanın istehsal bloklarında corab və digər istehsal sahələri kimi müvafiq sahibkarlıq fəaliyyətinin təmin edilməsi istiqamətində işlər aparılır.

12 blokdan ibarət birinci istehsal korpusunda ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel olmaqla, 2 mebel müəssisəsi fəaliyyət göstərir. Hər biri ayrı-ayrı sahibkara məxsus bu müəssisələrdə Türkiyə mənşəli avadanlıqlardan istifadə olunur. Korpusun digər 6 blokunda isə rayonun mövcud imkanlarına uyğun olaraq yerli resurslardan istifadə olunmaqla müvafiq sahələr üzrə sahibkarların cəlb edilməsi üzrə araşdırmalar aparılır. Hazırda daxil olmuş müraciətə əsasən meyvə-tərəvəz məhsullarının emalı sahəsinin qurulması istiqamətində sahibkarla birgə iş aparılır. İki hissədən ibarət ikinci korpusda məktəbli ləvazimatları, kağız kisə və karton tara müəssisələri fəaliyyət göstərəcəkdir.

Üçüncü korpusda isə bitki yağı istehsalı zavodunun qurulması istiqamətində işlər davam etdirilir. Hazırda müəssisədə montaj işləri aparılır. Ötən müddət ərzində bir sıra avadanlıqların yerləşdirilməsi başa çatdırılıb.

Ali Məclisin Sədri sənaye məhəlləsində əsasən yerli xammala əsaslanan müəssisələrin qurulması barədə tapşırıqlar verib.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed