Şrift:
19 yaşlı Şəhidin 40-cı doğum günü
12.01.2013 [14:36] - Hərb
Bu gün şəhid Sənan Rüstəmovun 40 yaşı tamam olur

Yaşasaydı bu gün Sənanın 40 yaşı tamam olardı... Əlbəttə, yaşasaydı. Amma yaşaya bilmədi! Çünki o, vətən uğrunda şəhid oldu! Bəlkə də kimlər üçün adi sözlərdir bunlar. Amma yox, bu 19 yaşında ömrü vətən naminə bitmiş nakam bir gəncin taleyinin təqdimat sətirləridir...

Bu gün xalqımızın qəhrəman oğlu, cəsur döyüşçü Azərbaycanın Milli Qəhrəmanı mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı və rəhbərlik etdiyi 836 saylı hərbi hissənin kəşfiyyat dəstəsində ermənilərə qarşı vuruşan Sənan Əkbər oğlu Rüstəmovun doğum günüdür.

Cəmi 19 il ömür sürən gənc kəşfiyyatçının həyat yolu qısa olsa da, çox zəngindir...

Sənan 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub, 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1983-cü ildə III sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinə sənədlərini verib. Həvəsi olduğu üçün o, idmana da maraq göstərir və Ağdamda tanınmış müəllim, atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşqlərə başlayır.

1984-cü ildən “Qarabağ bülbülləri” ansamblının ən fəal üzvü olur və 1988-ci ilə kimi ansamblda çalışır. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansamblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qiymətlərlə bitirir.

S.Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam Şəhər Texniki İstehsalat Kursunda təhsil alır və çilingərlik peşəsinə yiyələnir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq, kişilər arasında Sambo güləşi üzrə Respublika çempionu olur, SSRİ idman ustası normasını yerinə yetirir...

1988-ci ilin fevral ayından başlayan milli azadlıq hərəkatına qoşulan S.Rüstəmov hamı kimi gecələr ermənilərlə üzbəüz kəndlərimizdə keşik çəkir. O, 1991-ci ilin may ayında sovet ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Qarabağda ermənilərin fəallaşmasından, onların kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan sovet ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət etmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda - Xaçındərbənddə (Xaçınstroy) yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirir.

19 yaşlı gəncin ixtisarla verdiyimiz həyat tarixçəsinin zənginliyinə diqqət verdinizmi?

1992-ci il yanvar ayında Ağdərənin Umudlu kəndində erməni-rus birləşmələrinin güclü hücumu zamanı ayağından yaralanır Sənan. Döyüşdən sonra onu Tərtərə, oradan da Ağdam şəhər xəstəxanasına göndərirlər. O, 1992-ci il 26 fevral tarixində Xocalı faciəsi zamanı yarasının tam sağalmasını gözləmədən yenidən hərbi hissəyə qayıdır və döyüşlərə qatılır.

Sənan 1992-ci il mart ayında Ş.Mirəzyevin tapşırığı ilə Malıbəyli- Quşçular kəndləri istiqamətindən düşmən qüvvələrinin arxasına keçərək Xankəndində yerləşən N saylı hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürmək məqsədi ilə həyata keçirilən əməliyyatda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, kəşfiyyatçılar Əlabbas və Aydın ilə birlikdə iştirak edir. 1992-ci il 4 aprel tarixində Şirin Mirzəyev onu III batalyonun II rotasına komandir təyin edir.

Sənan Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşmuşdur.

15 may 1992-ci ildə ermənilərin ələ keçirdiyi Abdal-Gülablı kəndlərinin azad edilməsində xüsusi qəhrəmanlıq göstərən Sənan düşmən tərəfindən vurulan Azərbaycan Hərbi Qüvvələrinə məxsus vertolyotun pilotunu - polkovnik-leytenant Şuvaryovun həyatını xilas edir. Bu döyüşdə həmin istiqamətdə bir neçə dəfə qəhrəmanlıq göstərən Sənan növbəti həmlədə şəhid olur...

40 yaşın mübarək, Sənan!

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Döyüşçü dostları adından Rey KƏRİMOĞLU
Bu xəbər oxucular tərəfindən 1025 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed