Şrift:
Bir daha H.Z.Tağıyevin TARiXI İBTIİDAİ MƏKTƏBİNİN TARİXİ HAQQINDA
12.01.2013 [16:47] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Hacı Zeynalabdin Tağıyev haqqında yazdığım məqalələrin hamısında onun elm və maarif haqqında gördüyü əzəmətli işləri dünyanın ən böyük xeyriyyəçilərinin fəaliyyəti ilə müqayisə edirəm. Özümdən asılı olmayaraq birinci yerdə həmişə H.Z.Tağıyev olur.

Hər dəfə arxiv materialları haqqında məqalə yazarkən, əlləri çox da uzaqlara gedib çatmayan babalarımızın elm və təhsil yolunda özlərinə məxsus fədakarlığı qarşısında baş əyirəm.

Müxtəlif illərdə H.Z.Tağıyev haqqında Azərbaycan və rus dillərində yazdığım "Плохих педагогов Г.З.Тагиев не держал ( "Баку "- 04.02 1993), "Носил ли Г.З.Тагиев белые перчатки?" ("Баку ", 06.02.1993), "Onların arzuları" ("Azərbaycan məktəbi" , 2008, №8, səh.100-104), "İşıq" qəzeti H.Z.Tağıyevin bir portreti haqqında" ( Milli Azərbaycan Tarixi Muzeyi"- 2011, səh. 195-200) adlı məqalələr oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Sonralar bu mövzuya dəfələrlə qayıtmışam.
H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin uşaqları üçün açdığı ibtidai məktəbə aid yazım da bu mövzudadır.

***
Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində-- 1901-ci il oktyabrın 7- də Bakıda fəaliyyətə başlayan qızlar məktəbi tezliklə məşhurlaşmağa başladı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından, dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı gəlmişdi. Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər.

Bakı Qızlar Məktəbi şəhərin mərkəzində yerləşirdi. Burada müsəlman qızlarının dünyəvi, mükəmməl təhsil almaları üçün hər cür şərait yaradımışdı. Məktəbdə dərs deməyə təhsil siyasətnə bələd olan, zəngin pedaqoji təcrübəsi ilə fərqlənən müəllimlər dəvət olunmuşdular. Qızlar Məktəbinin ilkin uğurlarından sonra H.Z.Tağıyev yeni tədris müəssisələri açmaq barədə düşünür.
***
1902-ci ilın sentyabrında İran şahı Müzəffərəddin şah Avropa səfərindən öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü Hacı Zeynalabdin Tağıyevin müşayiəti ilə qızlar məktəbinə gəlir. Məktəb şahın çox xoşuna gəlir, o,burada oxuyan qızların hərəsinə hədiyyə olaraq medalyonlu qızıl zəncir bağışlayır. Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini göstərmək istəyir. H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı Quberniyası və Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna rəsmi şəkildə müraciət edərək, ona məxsus olan Əhmədli Lifli Materiallar Zavodunun fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçün faydalı vətəndaş olmaları üçün Əhmədli kəndində ibtidai məktəb açmasına icazə verilməsini xahiş edir. H.Z.Tağıyev məktubunda hakimiyyət nümayəndəsindən məkrtəbə İran şahının adının verilməsinin vacibliyni də vurğulayır.
Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Təhsil Dairəsinə xüsusi məktubla xəbər verir. Qafqaz Təhsil Dairəsinin hamisi 1903-cü ilin martında 381 nömrəli məktubu ilə məktəbin açılışına öz razılığını bildirsə də, nədənsə məktəbə İran şahının adının verilməsi xahişinə məhəl qoyulmur. Çox güman ki, bu, ölkədə gündən-günə qüvvətlənən qarışıqlıq və hərc-mərcliklə əlaqədar idi.
İran şahı Müzəffərəddin şah (1853-1907) bəzi mənbəələrdə yazıldığına görə, 1900-cu ildə Osmaniyyədə rəsmi səfərdə olarkən Əbdülhəmid şahdan Azərbaycan (Cənubi Azərbaycan- N.N.) məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi. Gürünür , İran şahının Bakıdakı Qızlar Məktəbinə səfəri də məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdur.

Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra- 1904- cü il oktyabrın 1-də H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbinin rəsmi açılışı olur. O vaxtlarda Bakıda rus və başqa əcnəbi dillərdə çıxan qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür. Rəsmi sənədlərdə bu məktəbin H.Z.Tağıyevin Əhmədlidəki Kağız-İplik və Toxuculuq Fabriki işçilərinin uşaqları üçün açıldığı xüsusi qeyd edilir. Lakin burada yaxın kəndlərdə yaşayan yoxsul balaları da təhsil alırdılar.
Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər var idi: elmi fənlər müəlliminin əmək haqqı ildə 600 rubl, Azərbaycan dili və şəriət müəlliminin maaşı isə ildə 300 rubl müəyyənləşdirilmişdi.
1904-cü il oktyabrın 27-də Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlilibəyov H.Z.Tağıyevin ibtidai məktəbinə direktor vəzifəsinə dəvət olunur.
Əbdülkərim bəy Vəlibəyovun kənddən paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi deyildi. Birincisi, onun qardaşı Əbdüləli bəy Bakıdakı 8 nömrəli rus-tatar məktəbində direktor vəzifəsində işləyirdi, o, paytaxt ictimaiyyətinin tanıdığı, biliyinə və savadına güvəndiyi ziyalılardan idi.

Əbdüləli bəy Vəlibəyov 1904- cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişini teleqramla Gülablıda yaşayan qardaşına xəbər vermiş, onun Bakıya gəlişini tezləşdirmişdi.
İkincisi, Bakıya dəvət olunan qardaş - Əbdülkərim bəy Vəlibəyov ölkə təhsilinin tanınmış nümayəndələrindən biri idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş, təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor vəzifəsinə göndərilmişdi.
8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərən Əbdülkərim bəy Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Vəlibəyovları həmyerli kimi yaxşı tanıyan, mühəndis Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi.
Məktəbə Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o vaxtlar Bakıdakı şəhər məktəblərində ehtiyat müəllim kimi fəaliyyət göstərən Mirzə Abdulla Talıbzadə
(Abdulla Şaiq- N.N.) dəvət olunmuş, lakin o, məktəb açılanacan Sabunçu kənd məktəbində işə düzəldiyinə görə Əhmədli kənd məktəbində işləməmişdir. İkinci təklif Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək - Bakı Kommersiya Məktəbinə keçənədək burada Azərbaycan dili və şəriət dərslərini keçmişdir. Məktəbdə bir müddət Azərbaycan dili və şəriət dərsləri boş keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdur.

Əbdülkərim bəy Vəlibəyovdan sonra - 1908 -ci ilin sonunda məktəbə R.Cəfərov direktor təyin olunmuşdur. Lakin o, bu vəzifədə bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır. Cəmi bir neçə aydan sonra o da rəhbərlikdən uzaqlaşdırılır.Vera Stefanovskayanın yerini M.Reyn tutur.

1909-cu il yanvarin 1-nə aid siyahıdan öyrənirik ki, məktəbin 4 şöbəsində (qarma, qızlı-oğlanlı siniflərdə ) oxuyan 34 şagirdin 24-ü müsəlman, 10-u isə rus idi. Müsəlman şöbəsində - beynəlmiləl siniflərdə oxuyanların sayı 7 nəfər idi. Digər müsəlmanlar( azərbaycanlılar--N.N.)- milli siniflərdə oxuyurdular.

1909-cu ilin sentyabrında H.Z.Tağıyevin ibtidai məktəbininin dörd şöbəsində oxuyanların sayı 80 nəfərə çatmışdı. Burada "xalqın böyük ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan" (S.Ə.Şirvani-N.N. ) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük qayğı göstərilirdi. Şagirdlər əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt dərsləri də keçir, islam dininin tarixini öyrənirdilər.
H.Z.Tağıyevin ibtidai məktəbinə aid son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər içərisində pedaqogika tariximiz üçün maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii gecələrin proqramları, dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir.
1916-cı ildə məktəbin nəzdində yaşlılar üçün gecə kursları açılmış, şəhər məktəbini bitirmiş Mir Məcid Abdullayev fəhlə-şagirdlərə müəllimlik etmişdir.
H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbində keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o cümlədən təsisçinin özü fəal iştirak edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla davam etdirmişlər. Onlarıh adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji ictimaiyyətimizi ciddi düşündürməlidir

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
AAM-in kafedra müdiri.

Bakı, 11.01.2013
Bu xəbər oxucular tərəfindən 1518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed