Şrift:
Cəlil Xəlilov: Azərbaycan şəhid ailələri və qazilərə göstərilən qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir
15.07.2022 [06:04] - Xəbərlər, Sosial
Azərbaycan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir.

Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, bu qayğı və diqqətin miqyasını anlamaq üçün bəzi statistik rəqəmlərə nəzər salmaq kifayətdir. Azərbaycanda dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə göstərdiyi diqqət və qayğı statistik məlumatlarda, konkret rəqəmlərdə də özünü aydın şəkildə göstərməkdədir. Nümunə üçün qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin edilib. Həmçinin şəhidlərin ailə üzvləri olan 7979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 min 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub ki, bu da kifayət qədər böyük rəqəmdir. Habelə üç min şəxsə əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Bütün bunlar dövlətin şəhid ailələri və qazilərə olan diqqət və qayğısının nümunəsidir və bu siyasət bundan sonra da davam edəcək.

Dövlətimiz şəhid ailələri, qazilərin sosial təminatı, problemlərinin həlli ilə bağlı mühüm işlər görür, onlara fərdi qaydada mənzil verilir, pensiya, müxtəlif ödənişlərlə təmin olunur. Onların cari problemləri həll olunur. Mən yenə də rəqəmlərə müraciət etmək istəyirəm. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ötən illə müqayisədə 5 dəfə genişlənib. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra 3500 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Ümumilikdə isə bu rəqəm 12 min 500-dür. Postmüharibə dövründə 264 müharibə əlilinə minik avtomobili təqdim edilib. Ötən dövrləri də nəzərə alsaq, 7450 müharibə əlilinin avtomobilə olan ehtiyacı dövlətimiz tərəfindən qarşılanıb.

Müharibə əlillərinin müalicəsi istiqamətində də dövlətimiz tərəfindən aktiv iş aparılıb. 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunub. Bu, bir daha onu göstərir ki, dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev hər bir şəhid ailəsinin, müharibə əlilinin, qazinin probleminə diqqətlə yanaşır və onun həlli istiqamətində bütün imkanlardan istifadə edir.

“Hesab edirəm ki, əlaqədar nazirliklər, o cümlədən icra hakimiyyətlərində yaradılan şəhid ailələri və qazilərlə iş şöbələri öz aktivliklərini artırmalı, qazilərlə daha geniş təmaslar qurmalı, onların müraciətlərinə daha operativ cavab verməlidirlər, - deyə Cəlil Xəlilov əlavə edib.

Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qazilərin intihara əl atmasına da münasibət bildirib, müəyyən qüvvələrin baş verənlərdən siyasi məqsədlərlə istifadə etmək cəhdini qınayıb: “Biz dünya dövlətlərinin təcrübəsinə nəzər salsaq görərik ki, nə qədər arzuedilməz olsa da, dünyanın müharibə aparan, hərbi əməliyyatlara cəlb edilən bütün dövlətlərdə savaşdan sonra belə hallara rast gəlinir. Yəni dünyanın heç bir ölkəsi, hətta ABŞ, Rusiya kimi böyük dövlətlər də bu cür hallardan sığortalanmayıb. Təbii ki, hər hansı bir qazinin, o cümlədən digər kateqoriyadan olan vətəndaşın intiharı son dərəcə təəssüfedici və ağrılıdır. Belə halların baş verməməsi üçün cəmiyyətin hər fərdi üzərinə düşən məsuliyyəti dərk etməli, bu istiqamətdə əlindən gələni etməlidir. Çünki qazilərə dəstək sadəcə dövlətin deyil, cəmiyyət, fərd olaraq hər birimizin borcudur. Ancaq təəssüflər olsun ki, cəmiyyətdə bəzi qüvvələr bu cür hallardan şəxsi ambisiyalarını təmin etmək, siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışır, qazilərlə dövlət arasında uçurum yaratmağa cəhd göstərirlər. Lakin onlar başa düşməlidirlər ki, heç bir qüvvə dövlətlə onun qazisi arasında belə bir uçurum yarada bilməyəcək. Çünki dövlət hər birimizin dövlətidir və qazilərimiz də, şəhid ailələri də, müharibə əlilləri də bu günədək olduğu kimi bundan sonra da dövlətimizi dəstəkləməkdə, ona xidmət etməkdə davam edəcəklər”.

Cəlil Xəlilov bəzi qazilərin dövlət tərəfindən qayğı və dəstəklə əhatə olunduqları halda belə çoxsaylı iddialarla çıxış etməsinə də münasibət bildirib: “Bəzən elə hallara da rast gəlirik ki, hər hansı bir qazi dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğu təqdirdə belə, yeni-yeni və icrası mümkün olmayan, yaxud qanunla təzad təşkil edən tələblər qoyur, iddialar səsləndirir. Təbii ki, bu cür hallar da təəssüf doğurur. Bu qəbildən olan qazilərimizin məlum davranışları belə fikir yaradır ki, sanki qazilərə dövlət tərəfindən yetərincə qayğı göstərilmir və ya bu qayğının miqyası qeyri-qənaətbəxşdir. Halbuki, dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yetərincə qayğı göstərir.

Dövlət tərəfindən qayğı ilə əhatə olunduğu halda diqqətsizlikdən şikayətlənən qazilərimiz bunu da anlamalıdırlar ki, onlar tək deyillər. Ölkəmizdə on minlərlə qazi var və qayğı ilə əhatə olunmalarına baxmayaraq, dövlətdən davamlı olaraq nələrsə tələb etmək həm də digər qazilərin haqqına girmək deməkdir.

Bu səbəbdən qazilərimiz də bir qədər anlayışlı olmalı, qeyri-qanuni tələblər səsləndirməməlidirlər. Hər bir qazi əmin ola bilər ki, dövlətimiz bundan sonra da onlar üçün əlindən gələni edəcək, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə maksimum dəstək göstərəcək”.
Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed