Şrift:
Tərtərdə Vətən müharibəsi qazisinin toy mərasimi el şənliyinə çevrilib
18.07.2022 [06:19] - Gündəm, Hadisə
30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər Ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində sağlamlığını itirən Tərtər rayon Kəngərli kənd sakini Mirzəzadə İsgəndər Xalis oğlu da onlardan biridir.

İsgəndər Mirzəzadə Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Ölkəmizdə digər qazi və şahid ailələri kimi İsgəndər də dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. O, kənddə yaşadığı üçün əlavə əkin torpağı ilə təmin edilib, dövlət tərəfindən mənzil növbəsinə alınıb. Qaziyə "YAŞAT" Fondu tərəfindən maddi yardım göstərilib, eyni zamanda, evinin təmir olunması üçün 5000 manat vəsait ayrılıb

Ötən gün Tərtər rayonunda qazimizin toy mərasimi keçirilib. Qəhrəman qazimizin toyunda onun yaxınları, ailə üzvləri ilə bərabər, silahdaşları, qazilər, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mərasimdə çıxış edərək, qazimizi şad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışaraq, İsgəndərin öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı ailə başçısı olacağını bildirib.

“Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşıdır”, - deyə M.Məmmədov söyləyib.

M.Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Onlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritlərindən olduğunu vurğulayıb.

Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, ailə səadəti arzulayıblar.

Toy mərasimi əsl el şənliyinə çevrilib. Rayon rəsmiləri, gələn qonaqlar qazilərlə birlikdə rəqs ediblər. Hər kəs toy məclisindən xoş təəssüratla ayrılıb.
Bu xəbər oxucular tərəfindən 4044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed