Şrift:
Hikmət Babaoğlu: MEDİA agentliyinin yaradılması milli mətbuat tariximizdə tamamilə yeni bir mərhələ təşkil edir
22.07.2022 [06:43] - Xəbərlər, Siyasət
Hazırda insan həyatının və bütövlükdə ictimai-siyasi münasibətlər sisteminin elə bir sahəsi yoxdur ki, media oraya nüfuz edə bilməsin. Buna paralel olaraq media həm də bütövlükdə sosio-mədəni və sosio-iqtisadi proseslərin keyfiyyətini təyin edən əsas komponentlərdən biridir. Yəni bəşər sivilizasiyasının indiki inkişaf mərhələsində cəmiyyətin yaxud beynəlxalq münasibətlərin heç bir sahəsini informasiya istehsalı və istehlakı münasibətlərindən kənarda təsəvvür etmək mümkün deyil. Ona görə də postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi səciyyələndirilir və bu tamamilə doğrudur. Belə olan halda hər bir xalqın media institutunun müstəqil, azad, plüralist və güclü bir institut olması vacib şərt kimi ortaya çıxır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

“Sevindirici haldır ki, əsası böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan media–cəmiyyət və media–dövlət münasibətləri bu gün də pozitiv ənənələr yaratmaqda davam edir. Hər şeydən əvvəl 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında milli mətbuatımızın azad və demokratik inkişafı üçün hüquqi baza yaradılıb. Medianın müstəqilliyinin əsaları da onun inkişaf tendensiyaları da məhz bu hüquqi baza üzərində formalaşıb. Ötən illər ərzində milli mətbuatımıza dövlət diqqəti və qayğısı ardıcıl və məqsədyönlü xarakter daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatımızın inkişafı, informasiya cəmiyyətinin bərqərar olması, savadlı, bacarıqlı yeni nəsil jurnalistlərin yetişməsi, media mənsublarının peşə nüfuzunun artırılması, məişət problemlərinin həll edilməsi üçün çoxsaylı tədbirlər həyata keçirib”, - deyə H.Babaoğlu qeyd edib.

Onun sözlərinə görə, MEDİA agentliyinin yaradılması isə milli mətbuat tariximizdə tamamilə yeni bir mərhələ təşkil edir. Hər bir inkişaf edən cəmiyyətə inkişaf etmiş güclü institutlar lazımıdr. Azərbaycan inkişaf edib gücləndikcə, istər daxili informasiya mübadiləsi kontekstində istərsə də beynəlxalq münasibətlər və xarici siyasət kontekstində bizə ən müasir çağırışlarla ayaqlaşan yeni və güclü media institutu lazım idi. Həmin çağırışlar elə bu gün də aktualdır və sabah da aktual olacaq. MEDİA-nın yaradılması da məhz bu zərurətdən irəli gəlmişdi. Diqqət etsək görərik ki, MEDİA özünün fəaliyyətində yuxarıda dediyimiz istiqamətlər üzrə ondan olan gözləntiləri yerinə yetirmək istiqamətində tutarlı addımlar ata bildi. Əgər sistemləşdirməyə çalışsaq görəcəyik ki, bunlardan bir qismi media savadlılığının artırılması, media qanunvericiliyini daha da təkmilləşdirilməsi və nəhayət digər bir qismi isə aparıcı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində oldu.

“Yəni bu əsas üç istiqamət üzrə görülən işlər milli mediamızda müəyyən keyfiyyət dəyişikliyi yarada bildi. Şübhəsiz ki, bu daima inkişaf və təkmilləşmə tələb edən bir institut üçün yaxşı başlanğıc hesab edilə bilər”, - deyə deputat bildirib.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed