Şrift:
Yaponiya Atom Enerjisinə Nəzarət Komitəsi “Fukusima-1” AES-də toplanan suyun okeana axıdılmasını bəyənib
22.07.2022 [06:58] - Xəbərlər, Siyasət
Yaponiya Atom Enerjisinə Nəzarət Komitəsi qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasında (AES) reaktorların soyudulması üçün istifadə edilmiş və radiasiyadan təmizlənmiş suyun okeana axıdılması planını bəyənib.

Bu barədə Kyodo agentliyi iyulun 22-də məlumat yayıb. Prosesə 2023-cü ilin yazında başlanacağı gözlənilir.

Xatırladaq ki, Yaponiya hökuməti ötən ilin aprelində qəzalı “Fukusima-1” AES-də toplanmış suyun okeana axıdılmasına icazə verib. AES-in operatoru olan “Tokyo Electric Power Co.” (TEPCO) şirkətinin bildirdiyinə görə həmin su radioaktiv maddələrdən təmizlənsə də, onun tərkibində hidrogenin radioaktiv izotopları qalıb.

Şirkətdən, həmçinin bildirilib ki, okeana axıdılma ərəfəsində suyun tərkibində tritiumun miqdarı Yaponiya hökumətinin və Radioloji Müdafiə Üzrə Beynəlxalq Komissiyanın müəyyən etdiyi təhlükəsizlik normasının 1/40-ə və Dünya Səhiyyə Təşkilatının içməli su ilə əlaqədar müəyyən etdiyi normanın 1/7-ə qədər azaldılacaq.

Qeyd edək ki, Tokionun bu planı cari ilin mayında Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən də təhlükəsiz tədbir kimi təsdiq edilsə də, regionun bir çox ölkələri tərəfindən birmənalı qarşılanmayıb.

Son məlumatlara görə, AES-in ərazisindəki çənlərdə 1,25 milyon ton təmizlənmiş su toplanıb. Onun fasilələrlə 30 il ərzində okeana axıdılması nəzərdə tutulur
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed