Şrift:
Demos və Kratiya
01.11.2011 [10:22] - DAVAMın yazıları
Diktatura zülmü bitdi

Demokratiya göyərçinləri dünyanın ən isti yerinə, Liviyaya kimi gəlib çıxa bildilər. Və Liviya xalqını xoşbəxt elədilər.
Bəli, onlar Liviya xalqını xoşbəxt elədilər. 42 il diktatorluğundan sonra Qəddafi devrildi. Hansı Qəddafi? İndi yadınıza salaram.


O Qəddafi ki, digər prezidentlər özlərinə heykəllər tikdirərkən adi vəzifəsini belə müəyyən eləməmişdi. O Qəddafi ki, Somalidə, Sudanda, Efiopiyada insanlar acından qırılanda Liviyanı yüksəldə, ərəb dünyasının liderlərindən biri edə bilmişdi. İndi nefti Türkiyə və Fransa tərəfindən sömürülən Liviyadan başqa heç nə yoxdur, o vaxt isə liviyalının işi də var idi, təqaüdü də. Hətta dərman preparatları da pulsuz verilirdi.

Bir düşünün, bir dövlətin ki, xarici borcu yox idi, vətəndaşları benzinin litrini 5 qəpiyə alırdı, bütün vergilərdən və kommunal xərclərdən azad idi, təhsil və səhiyyə xidməti pulsuz idi, xaricdə oxuyan tələbələri ayda 1600 evro təqaüd alırdı, sahibkarlıq fəaliyyətiylə məşğul olmaq istəyən hər vətəndaşa qarşılıqsız 20 min evro pul verilirdi.
Bunların hamısı keçmiş zamanda qaldı. Çünki Qəddafinin zülmü artıq bitmişdir. Qərb Liviya xalqının canını artıq bu diktatordan qurtarmışdır.

Biz Qəddafini müdafiə etmək fikrindən uzağıq. Zatən zaman kimin haqlı, kimin haqsız olduğunu göstərəcək. Mən sizə sadəcə şəraiti göstərəcəm ki, özünüz qərar verin.
1947-ci il Pakistan, 1979-cu il İran, 2011-ci il Liviya. Bunları birləşdirən nədir, bilirsiniz? Çevriliş və şəriətlə idarə olunan dövlət. Və bu çevrilişləri təşkil edən Qərb qüvvələri. Və nə təəccüblüdür ki, bu üç islam respublikası hərəsi bir məzhəbin nümayəndəsidir. Bu qərb qüvvələri özləri üçün müəyyənləşdirməyiblər ki, hansı məzhəb doğrudur? Hələ mən sizə bu çevrilişi yaradan dini liderlərin ikisinin Britaniyadan, birinin Fransadan gəldiyini demirəm. Hələ ABŞ-da yaşayan Fətullah Gülənin heç adını da çəkmirəm. Mən bu dəfə sizə ancaq Liviyadan danışacam. Üsyandan əvvəlki və üsyandan sonrakı Liviyadan.

Üsyandan əvvəl güclü iqtisadiyyata, böyük geosiyasi nüfuza və xeyli mütərəqqi idarəçilik sxeminə malik Liviya vardısa, indi sürünən və nəyi necə edəcəyini bilməyən çaşqın və cəsarətsiz Liviya var. Bu boyda üsyanı yaradan insanlar dövləti Qəddafinin əlindən almaq planları quranda hansı yolu tutacaqlarını bilmədən döyüşüblər. Azadlıq uğrunda mübarizə aparan dövlət heç vaxt şəriətlə idarə olunan dövlət qurmaz. Çünki şəriət üsullu dövlət idarəçilik modeli azadlığı ən məhdudlaşdıran quruluşdur. Həm də bir hərbçi nə dini qanunlarla nə də demokratik üsulla idarə olunan dövlət qurmaz. Hər halda siz özünüz hərbi çevrilişlərin tərzini bilirsiniz. Dünyada hərbi çevrilişlə hakimiyyətə gələn heç bir dövlət başçısı demokratiya elçisi olmayıb. Nə Pərviz Müşərrəf, nə Fidel Kastro, nə də Səddam Hüseyn demokrat olmayıblar. Qəddafini heç demirəm də. Hərbi çevriliş həmişə daha çox özbaşınalıq, daha çox qəddarlıq, daha çox diktatorluq gətirir. Bu tarixin bizə verdiyi dərsdir. Şəriətlə idarə olunan dövlətlər hegemon olmazlar, qul olarlar. Dalbadal Ərdoğanın, Sarkozinin, Əhmədinəcadın səfərləri sübut elədi ki, siyasət oyunbazları burada Liviyanı bölüşdürmək niyyətindədilər. Qəddafinin zamanında nə Ərdoğan, nə Sarkozi nə də Əhmədinəcad belə niyyətlə ürək eləyib Liviyaya getmirdilər. Əgər əvvəllər ölkənin 19%-i oliqarx idisə, indi o oliqarxların 80-90%-i ya öldürülüb, ya da ölkədən qaçıb. İndi elə vəziyyət yaranıb ki, Müvəqqəti hökümətin təkcə bir yolu qalıb, o da camaata pul paylamaqdır. Nəzərə alsaq ki, Müvəqqəti hökümət üsyançılardan ibarətdir, şəxsən mən inanmıram ki, bu proses düzgün aparılsın. Hələ mən ölkənin təhsilində, səhiyyə sistemində, mədəniyyətində yaranacaq problemlərdən heç danışmıram. Bütün bu faktları nəzərdə keçirəndən sonra aydın olur ki, bu xalq Qəddafidən niyə narazı olduğunu axıracan da bilmədi. Dediyimdən əmin olmaq üçün Fransa prezidentinin Liviyaya səfərindən sonra Liviya müvəqqəti hökümətinin keçirdiyi mitinqi xatırlamaq kifayətdir. Bu qədər vaxt üsyançıların bayrağının altında vuruşan xalq elə həmin üsyançılar müvəqqəti hökümət olanda onun mitinqinə gəlmədi.

P.S. Azərbaycanda da belə üsyanlar ola bilərmi? Cəmil Meriçin məşhur bir sözü var. Qərbin demokratiyası sərhədlərini aşanacandır.Sərhəddini aşanda o demokratiya tiranlığa çevrilir. Bu tiranı bizə demokratiya adıyla sırımaq istəyənlərə məndən məsləhət, göyərçini ölkəyə buraxmazdan əvvəl dimdiyində nə gətirdiyinə diqqətlə baxın.

Şahlar RUHİ
Bu xəbər oxucular tərəfindən 1542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed