Şrift:
Prezident İlham Əliyev: Azad edilmiş rayonlarda bütün şəhərsalma, ekoloji normalar 100 faiz gözlənilir
25.07.2022 [10:42] - Xəbərlər, Siyasət
Sahibkarlıq inkişaf edir, mən bunu dəstəkləyirəm və bunun üçün bir çox addımlar atılır. Ancaq burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox.

Bu fikirləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən ifadə edib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək çox çətindir. Amma biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda şəhərsalma normaları pozulsun. Məsələn, işğaldan azad edilmiş rayonlarda bütün şəhərsalma, ekoloji normalar 100 faiz gözlənilir, özü də dünyanın ən inkişaf etmiş ölkələrinin standartları əsasında”.
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed