Şrift:
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 kilometrlik hissəsinin tikintisi davam edir
26.07.2022 [07:07] - Xəbərlər, İqtisadiyyat
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 kilometrlik hissədə aparılan tikinti işləri davam etdirilir. Tikinti işləri nəticəsində mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yolun bu hissəsi geoloji və hidrogeoloji cəhətdən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı görülən tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2,6 kilometr olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam etdirilir.

Məlumata əsasən, hazırda layihənin ilk 7 kilometrlik hissəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 metrdən çox olan dairəvi düzbucaqlı suötürücülər inşa olunur

Layihənin başlanğıcında mövcud yolla kəsişmədə nəzərdə tutulan dairənin və dairədən Muğanlı istiqamətində olan yeni yolun tikintisi işləri görülür. Bu hissədə ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədilə düzbucaqlı suötürücülərin inşası icra olunur.

Bundan başqa, ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi üçün işlər aparılıb, eləcə də yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilir.

Yolun 1-3-cü kilometrlik hissəsində sürüşməyə qarşı və qruntun dayanaqlığının təmin olunması məqsədilə svay bərkitmə və beton rigellərin inşası işləri görülür, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi sement məhlulunun təzyiqlə 10 metr dərinlikdə qrunta vurulması işləri icra olunur.

Layihələndirilən yolun 4,5-ci kilometrində 1200 metr uzunluqda və 76,5 metr hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılıb. Hazırda körpünün gövdə dayaqlarının tikintisi işləri görülür.

Yolun Ağsuçay üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri aparılır, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri aparılır. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir.

Həmçinin layihə boyu ümumi uzunluğu 4 kilometrdən çox olan drenaj sisteminin qurulması və dağüstü küvetlərin inşası da davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 2148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed