Şrift:
“Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı erməni saxtakarlığına tutarlı cavabdır
27.07.2022 [10:47] - Xəbərlər, Siyasət
Azərbaycan tarixini özündə yaşadan bir saxsı parçası da bizim üçün əvəzsizdir. Bu tarixi yazıb nəsildən-nəslə ötürən tarixçilər olsa da, onun saxlanc yeri muzeylərdir. Bu gün xalqımızın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, yaşam tərzini, düşüncə və inanclarını özündə yaşadan elə sənət nümunələri var ki, onlar nəinki yerli, hətta yaxın-uzaq ölkələrin muzeylərində də qorunub saxlanılır. Yüzilliklərin o üzündə baş qaldıran səsləri, əfsanəyə dönmüş həqiqətləri özündə yaşadan tarix nümunələrinin toplanılaraq nəşr edilməsi isə çox vacib və əhəmiyyətli məsələdir. Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli”ndə çap olunan “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitab-albom bu ilə layiqli töhfə olmaqla yanaşı, tariximizin öyrənilməsində dəyərli mənbəd

Həmin kitab-albom professor Eldar Nadiradzenin rəhbərliyi altında bir qrup gürcü alimin iştirakı ilə hazırlanıb. Kitab Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə 5 dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.

Nəşrdə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyalar zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb. Nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığı və onun zəngin mədəni irsinə artan beynəlxalq marağın daha bir göstəricisidir. Kolleksiya XIX əsrdə və XX əsrin əvvəlində Qarabağa təşkil edilmiş elmi ekspedisiyalar zamanı toplanaraq Rusiya imperiyasının Tiflis şəhərindəki arxivlərinə göndərilən, hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı eksponatların bir hissəsindən ibarətdir.

Bu artefkatların (xalçalar, silahlar, rəsm əsərlari, qab-qacaqlar və s.) əsasında müəllif Qarabağ xanlığı dövründə yaşamış Azərbaycan xalqının mədəni irsinin - silah və qələmin, zadəgan nəsillərin şan-şöhrətinin və ən xəfif poeziyanın parlaqlığının, ruhani yüksəlişin və yaradıcı inkişafın şərəfli dövrünün zənginliyini və müxtəlifliyini göstərə bilib.

Tbilisi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Dimitri Şvelidzenin kitaba yazdığı “Ön söz”də oxuyuruq: “Fotoalbom şəklində hazırlanan bu kitab, şübhəsiz ki, Qarabağın ürəyi, Azərbaycanın Şuşa şəhərinin bu il həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda geniş qeyd olunan 270 illik yubileyinə yaxşı hədiyyə olacaq. Professor E.Nadiradzenin rəhbərliyi altında bir qrup tədqiqatçı və ekspert tərəfindən hazırlanan bu nəşrdə Tbilisidə Gürcüstan Milli Muzeyində saxlanılan Qarabağın mədəni irsinə aid nadir fotoşəkillər vǝ artefkatlar toplanıb. Muzey 1852-ci il mayın 10-da imperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi tərəfindən yaradılmış və 1867-ci ildə alman tədqiqatçısı Qustav Raddenin təşəbbüsü ilə Qafqaz Muzeyinə çevrilmişdir. Burada yerləşdirilən kolleksiyaların toplanmasında 1875-ci, 1905-ci və 1912-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində aparılan ekspedisiyaların böyük əhəmiyyəti olmuşdur. Toplanmış materiallar indiyədək Muzeydə saxlanılan ən zəngin kolleksiyanın əsasını təşkil edib”.

Professor D. Şvelidzenin “Ön söz”də qeyd etdiyi kimi, kolleksiyanın ilkin formasını qorumaq üçün kitabda Yelizavetpol (Gəncə) quberniyasının nadir köhnə fotoşəkilləri də yer alıb. Bu tədqiqat kataloqu təkcə Qarabağın Azərbaycan irsi haqqında biliklərin artırılmasına deyil, həm də bu sahədə Azərbaycan-Gürcüstan elmi əlaqələrinin dərinləşməsinə xidmət edəcək.

“Son 10 ildə layihələri və dəstəyi ilə bu sahədə intibaha səbəb olan Heydər Əliyev Fonduna xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, bu unikal nəşrin çapına dəstək verən və öz yardımını əsirgəməyən hər bir kəsə də ayrılıqda təşəkkür edirəm”, - deyə gürcü alim qeyd edib.

Çox unikal mədəni irsimizin göstəricisi olan nəşrdə Qarabağa aid xalça, silah, məişət və s. əşyaların fotoları yer alıb. Yeri gəlmişkən, qeyd edək ki, belə bir kitabın nəşri ilk iş deyil. İrəvan xanlığı haqqında da belə kitab nəşr edilib, Bakı xanlığına dair də kitab hazırlanır. Vaxtilə Qafqaz muzeyində saxlanan artefaktlar tədricən aşkar olunacaq. Bu işdə Heydər Əliyev Fondunun çox böyük xidməti var. Eləcə də Azərbaycanın Xarici İşlər Nazirliyi də bu prosesə fəal dəstək verir.

Ən maraqlı məsələlərdən biri də odur ki, bu artefaktlar Gürcüstan Milli Muzeyinin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və bir əsrdən artıq müddətdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb, indi araşdırılaraq ilk dəfə nəşr olunub. Tapılmış bu artefaktların tarixi və mədəni əhəmiyyəti Qarabağın Azərbaycan kimliyini maddi sübut və faktlarla sübuta yetirməsindən və Qarabağın erməni kimliyi haqda siyasi dəllallığı təkzib etməsindən ibarətdir.

Kitabda maraqlı faktlardan biri də Qarabağ xanlığının bayrağıdır. Bu nadir bayraq Azərbaycan irsinə aid olan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı artefaktlardan biridir. Bayrağın üzərində Günəş və Aslan təsvirləri var. Bu ikili simvol - Qızılbaş dövləti və Səfəvi sülaləsinin rəsmi rəmzlərindən biri olub. Burada Günəş taxt, şir isə taxtın keşikçisi anlamına gəlir. Bununla yanaşı, aslan təsvirləri günəş və aydınlıq simvolu olaraq qədim türk inancında geniş yer alır. Beləliklə, gürcü arxivlərində tapılan və Qarabağ xanlığına aid edilən bu ilk bayraqdan da göründüyü kimi, Qarabağ xanlığı məhz tarixi Qızılbaş-Azərbaycan dövlətçiliyi ənənəsinin davamı olub.

Kitab-albomdan seçilmiş artefaktlar arasında Qarabağ xanlığına aid edilən bayraqla yanaşı, Qarabağ xanları sülaləsi tərəfindən qorunmuş Şah İsmayılın qalxanı, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini əks etdirən fotolar xüsusi maraq doğurur.

Mühüm faktların yer aldığı bu nəşr Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təkzibolunmaz faktlarla sübut edir. Kitabda təqdim olunan fotofaktlar bölgədə yaşayan əhalinin necə yüksək inkişaf səviyyəsində olmasını göstərir və erməni saxtakarlığına tutarlı cavabdır.

Kitab Qarabağın tarixi ilə maraqlanan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün xüsusi maraq kəsb edir. Bu tarixi-mədəni irs aşkarladıqca onun yarandığı bölgə və orda yaşayan insanların milli kimliyini meydana çıxır. Bunların da hər biri Azərbaycan reallığını əks etdirir.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed