Şrift:
Fərəc Quliyev:Siyasi partiyalar haqqında yeni qanun və seçki sistemi ilə bağlı təkliflərimizi təqdim etmişik
08.08.2022 [18:08] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Seçki sistemi ilə bağlı yeniliklər tətbiq ediləcəksə, bu zaman Konstitusiyada dəyişikliklərin həyata keçirilməsi lazımdır”.

Bu fikirləri ölkədə siyasi partiyalar haqqında qanunun yenilənməsi və seçki sisteminin dəyişdirilməsi ilə bağlı intensivləşən məlumatlara münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, siyasi partiyalar haqqında qanunun qəbulu və referendum fərqli məsələlərdir:

“Siyasi partiyalar haqqında qanunun müzakirə olunacağı parlament tərəfindən artıq bildirilmişdi. Bir sıra deputatlar öz çıxışlarında belə bir qanunun hazırlandığını qeyd etmişdilər və Sahibə xanım da siyasi partiyalara müraciətlə onları öz təkliflərini verməyə çağırmışdı. Yəni bu o qədər də yeni olan bir məsələ deyil.

Digər tərəfdən, siyasi partiyalar haqqında qanunun qəbulu və referendum fərqli məsələlərdir. Siyasi partiyalar haqqında qanunun qəbulu üçün, əlbəttə ki, referenduma ehtiyac yoxdur.

Lakin ölkədəki seçki sistemi ilə bağlı yeniliklər – qarışıq, yaxud da proporsional seçki sistemi – tətbiq ediləcəksə, bu zaman Konstitusiyada dəyişikliklərin həyata keçirilməsi lazımdır. Bunun üçün referendum keçirilə bilər.

Şəxsən biz, bəlkə də, bir ildən çoxdur, siyasi partiyalar haqqında qanuna yönəlik öz təkliflərimizi Milli Məclisə göndərmişik. Eyni zamanda, seçki sistemi ilə əlaqədar təkliflərimizi də dialoq masalarında, onlayn konfranslarda, müxtəlif görüşlərdə, daha əvvəl isə parlamentdə səsləndirmişəm. Daha sonra bu barədə təkliflərimizi yazılı formada da təqdim etmişik.

Bununla belə, siyasi partiyalar haqqında yeni qanun, yaxud da seçki sisteminin dəyişdirilməsi haqqında yeni təşəbbüslərlə bağlı məndə məlumat yoxdur”.

A.Zeynalov/yenicag.az
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed