Şrift:
Qarabağı gəzən xaricilər mühüm informasiya mənbəyi kimi
14.01.2013 [11:37] - Xəbərlər, Sosial
Onların hazırladığı səfər qeydləri işğal altındakı ərazilərimizdə hökm sürən vəziyyət barədə bir çox maraqlı məlumatlar əldə etməyə imkan verir

Dağılmış və bərbad durumda olan infrastruktur. Dilənçi kökündə yaşayan azsaylı əhali, taksi xidməti göstərən sınıq-salxaq sovet “Jiquli”ləri, az qala hər kəsi izləyən xəfiyyələr, xarabalıqlara çevrilmiş şəhərlər və kəndlər. Bütün bunlar Azərbaycanın işğal altındakı ərazilərindəki ümumi mənzərəni əks etdirən detallardan bir qismidir.

Azərbaycanlılar və həmin torpaqların əsl sakinləri 20 ildən artıqdır ki, bir vaxtlar Yer üstündə cənnəti xatırladan bu ərazilərə baş çəkmək imkanından məhrumdurlar. İşğalçılar isə xarici ölkə vətəndaşlarını müxtəlif yollarla turist kimi bu torpaqlara cəlb edərək həm qondarma “DQR”in dünyada tanıdılmasına çalışır, həm də hazırda dünyanın ən gəlirli sahələrindən biri olan turizmdən qazanc götürməyə çalışır. Bununla belə işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərlər edən xarici turistlər həm də Azərbaycan ictimaiyyəti üçün bu torpaqlarda nələr baş verdiyi barədə müəyyən təəssüratlar əldə etmək üçün mənbəyə çevrilməkdədir. Belə ki, Qarabağı gəzən xarici ölkə vətəndaşlarının (belələri əsasən ekstremal turizm həvəskarlarıdır) bəziləri öz səfər qeydlərini internetdə yayırlar və onların vasitəsi ilə işğal altındakı Azərbaycan ərazilərində yaşayan ermənilərin miskin həyatı, sosial-iqtisadi vəziyyətləri və şəhərlərin, kəndlərin, tarix-mədəniyyət abidələrinin necə yer üzündən silindiyi barədə bir çox vacib məlumatları əldə etmək mümkün olur.

“Yeni Müsavat” vaxtaşırı olaraq Qarabağı gəzən xarici ölkə vətəndaşlarının hazırladıqları səfər qeydlərinin xülasəsini oxuculara çatdırmağa çalışır. Məsələn, ötən il Avstraliya vətəndaşı olan bloqqer-səyyahın hazırladığı maraqlı səfər qeydlərini dərc etmişdik. Ondan əvvəl isə tanınmış rusiyalı səyyah, Zod aşırımı vasitəsilə Kəlbəcər üzərindən işğal altındakı ərazilərə daxil olan Aleksandr Lapşinin maraqlı səfər qeydləri ilə oxucuları tanış etmişik. Ötən ilin sonlarında avtomobil həvəskarları üçün nəşr edilən “Avtorevyü” Rusiya-Ukrayna jurnalının əməkdaşları erməni işğalı altında olan Dağlıq Qarabağa səyahət təşkil etmişdilər. Jurnalın bu günlərdə çapdan çıxan sonuncu sayında həmin səyahətlə bağlı təəssüratlar dərc edilib. Jurnalın internet saytında məqalələrdə ancaq qısa xülasələr yerləşdirilsə də APA-nın Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətova istinadən yaydığı xəbərə görə, həmin reportajda işğal altında olan ərazilərdə real vəziyyətlə bağlı məlumatlar yer alıb.

R.Hümbətov deyir: “Müxbirlərin Ermənistan sərhədindəki təəssüratlarına dair bir neçə sitat təqdim edirəm. ”Xarici pasportlara möhür vurulması bir neçə dəqiqə çəkdi. Gömrükdəki formal prosedurların yerinə yetirilməsinə isə 3 saat sərf olundu. Yox-yox, səbəb konyak deyildi, sadəcə burada belə işləyirlər. Kompüter məftilləri dolaşmış masaların arxasında qaşqabaqlı adamlar oturub, ətraf isə heç nə anlamayan sürücülərlə doludur. Məlumat kitabçası var, amma hamısı erməni dilindədir. Surətçıxarma aparatları cırıldayır, çap maşınları kağızları çeynəyir, möhürlər blankların üzərinə enir, çap olunmuş qəbzlər bir masadan o birisinə uçur. Və birdən - sakitlik! Serverlə əlaqə yoxdur. Gözləyin! On dəqiqə, iyirmi, qırx... İkinci dəfə rabitə sığortanın sənədləşməsi zamanı kəsilir, vəd olunan 10 dəqiqə əvəzinə kontorda bir saatdan çox vaxt itiririk. Sərhəddə hər avtomobilin xərci təxminən 65 dollar tutdu".

Bir neçə avtomobildə Qarabağa gedən səyahətçi jurnalistlər yolun əvvəlində üzləşdikləri maraqlı epizodu yazıblar: “Siz hara gedirsiniz? İstisuya? Bəlkə Kəlbəcərə kimi aparım? Yolumuzun üstüdür". Başımı tərpədərək razılıq verirəm. Kim bilir, bu dağ kəndində növbəti maşın nə vaxt rast gələcək? ”Mazda"nın sərnişin oturacağında o qədər də gənc olmayan, arıq erməni qadın oturub. Dəqiqləşdirməyə çalışıram: “Kəlbəcər? Bəlkə Karvaçar demək istəyirsiniz? Xəritədə məhz belə göstərilib. Bu adlardan hansı doğrudur?" Cavab - sükut. Hiss edirəm ki, cavab verməyə çətinlik çəkirlər. Kəlbəcər və İstisu - Azərbaycan adlarıdır, lakin hazırda bu yerlərdə yaşayanlar yenə də həmin adlardan istifadə edirlər”.

Reportajdan daha bir sitat: “Bütün günü yol getmək olar, amma bir nəfərə belə rast gəlməzsən, sonra isə gecənin qaranlığında xarabalıqlar arasında dolana-dolana qalırsan”. Jurnalistlər Ağdam şəhərinin artıq mövcud olmadığını yazırlar: “Bir zamanlar sovet dövrünün ən məşhur portveyninə adı verilən Ağdam şəhəri artıq yoxdur. ”Qrad" qurğularının dağıtmadığı hər şey tikinti materialı kimi sökülüb. Hazırda bura Əskəran rayonunun inzibati mərkəzidir, amma faktiki olaraq daşlıq səhradır. Burada yalnız metal qırıntıları toplayan minaaxtaranlara rast gəlmək olar. Bütün siyasi xəritələrdə və rəsmi sənədlərdə bura - Qarabağ Azərbaycanın suveren ərazisidir. Gerçəkdə isə - Ermənistan dövlət nömrə nişanlı avtomobillər, erməni pasportları, erməni pulları... Fərq yalnız dildədir. Əgər İrəvanda hərdən adamlarla ingilis dilində danışmaq mümkündürsə, Stepanakertdə demək olar ki, bütün danışıq və elanlar rus dilindədir. Hətta qrafiti də".

Jurnalistlər separatçı rejimin açıqlamalarının da həqiqəti əks etdirmədiyini yazır: “Qarabağ hökumətinin xəbər lentini vərəqləyirəm. ”2012-ci il büdcə proqnozları özünü vaxtından əvvəl doğrultmaqdadır". Büdcənin həcmi 175 milyon dollardır, buna rəğmən təkcə Stepanakertdən Qandzasara çəkilən Şimal-Cənub şosesinin tikintisinə 30 milyon “xeyriyyə dolları” sərf olunub. Xarici İşlər Nazirliyində deyirlər ki, respublikaya lazım olan vəsaitin 60 faizini diasporun topladığı ianələr təşkil edir".

Rəhim Hümbətovun sözlərinə görə, bir zamanlar ümumittifaq əhəmiyyətli kurort sayılan İstisunun dağıntıları rusiyalı jurnalistlərdə ağır təəssüratlar doğurub: “Ümumilikdə tarixlə bağlı bəzi nüansları nəzərə almasaq, rusiyalı jurnalistlər öz məqalələrində tərəfsiz olmağa çalışıblar və zaman-zaman buna nail olublar. Jurnalın Ukrayna filialının şef-redaktoru Maksim Kadıkovla söhbətim oldu, o dedi ki, onlar siyasətdən uzaq sürücülərdir və heç bir dövlətin ərazi bütövlüyünü pozmaq istəməzlər”.

Qeyd edək ki, rusiyalı bloqqer və səyyah Aleksandr Lapşin də Qarabağdan hazırladığı səfər qeydlərində xeyli ölçüdə tərəfsiz davranmışdı və onun hazırladığı səfər qeydlərində bu ərazilərdəki real vəziyyət barədə xeyli maraqlı məlumatlar yer almışdı. Onun qeydlərindən məlum olurdu ki, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərindən qiymətli yeraltı sərvətləri daşımaq üçün istifadə etdiyi, Zod aşırımından keçən və Kəlbəcərə daxil olan qrunt yolla hərəkət necə təhlükəlidir. Lapşinin qeydlərində yer alan digər maraqlı detala görə Kəlbəcəri Ermənistana birləşdirən həmin yolun üzərində erməni hərbçilərinin postu var, ancaq bu postdan Gürcüstan nömrə nişanlı avtomobillə yoxlamasız da keçmək, daha sonra bir neçə gün işğal altındakı əraziləri gəzib-dolaşmaq olar. A.Lapşin işğalçıların Qarabağa xaricilərin daxil olması üçün qoyduğu qaydalara da əməl etməyib, o, Xankəndinə baş çəksə də, qondarma “XİN”də qeydiyyatdan keçməyib və Ağdam xarabalıqlarına doğru istiqamət alıb. Səyyahın qeydlərindən bir daha görünürdü ki, Dağlıq Qarabağdakı kriminal-hərbi rejim xaricilərin Ağdam xarabalıqlarını görməməsi üçün mümkün olan hər şeyi edir. Taksi sürücüləri bu istiqamətdə müştəri aparmaqdan qorxur. Buna baxmayaraq səyahətçi bir az artıq pul verərək Ağdam xarabalıqlarını uzaqdan da olsa lentə ala bilmişdi. Geri qayıdanda isə o, Laçın dəhlizində dayanan “DQR sərhəd postunu” hiylə işlətməklə keçib və həbs olunmaq təhlükəsindən yayınıb.

Lakin Lapşindən az sonra, ötən ilin oktyabrında işğal altındakı ərazilərə artıq “leqal yolla”, yəni Ermənistandakı “DQR nümayəndəliyindən” sənəd almaqla daxil olan Katerina adlı digər rusiyalı səyahətçinin səfər qeydlərindən onun necə ciddi problemlə üzləşdiyi məlum olurdu. Belə ki, Katerina və onunla birlikdə səyahət edən 3 rusiyalı qadın Xankəndindən Ağdam istiqamətində gedərkən yolda gördükləri erməni tanklarının şəkillərini çəkdikləri üçün ertəsi gün erməni xəfiyyələri tərəfindən saxlanılmışdı. Rusiyanın Gümrüdəki konsulunun və İrəvandakı səfirinin apardığı danışıqlardan sonra Katerinanı və digərlərini iki gün sonra buraxmışdılar. Məlum olurdu ki, erməni xüsusi xidmət əməkdaşları onların “Azərbaycan casusları” olduğundan şübhələnirmiş.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed