Şrift:
Fərəc Quliyev:Ölkəsinin siyasi arenasında yeni bir qüvvə ortaya çıxması sevindiricidir
20.08.2022 [05:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verdiyimiz kimi, avqustun 17-də Qarabağ Azadlıq Təşkilatı (QAT) qurultay keçirərək, Azad Vətən Partiyasına çevrildi. Qurultayda Akif Nağı yeni partiyanın sədri seçildi, partiyanın proqram və nizamnaməsi qəbul edildi, Siyasi Şurası, Nəzarət Təftiş Komissiyası təsis edildi.

Lakin müşahidələrdən belə məlum oldu ki, yeni yaranan partiyanın qurultayında heç bir digər partiyanın təmsilçisi qonaq qismində iştirak etmədi. Səbəb nədir? Mövcud partiyalar yeni partiyanı seçkilərdə rəqib, yoxsa müttəfiq kimi görür?

Azad Vətən Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Bəli, doğrudur ki, qurultaya heç bir partiyanı dəvət etməmişdik. Səbəb isə pandemiya ilə bağlı say məhdudiyyəti idi. Həm də qurultayın keçirildiyi məkan çox kiçik idi və biz özümüz ora güclə sığırdıq. Buna görə də nəinki partiyaları, həmçinin dost təşkilatları da dəvət etmədik. Yəni bu məsələnin hansısa siyasi səbəbi yoxdur. Bildirim ki, digər partiyalarla münasibətləri normal saxlayacağıq. Hələlik deyə bilmərik ki, gələcəkdə hansı partiya ilə daha sıx əlaqələr quracağıq. Hələ ki, partiya kimi formalaşmağa, fəaliyyətimizi ortaya qoymağa çalışırıq”.

Fərəc Quliyev: ““Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük"

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə qeyd etdi ki, ölkəsinin siyasi arenasında yeni bir qüvvə ortaya çıxması sevindiricidir: “İlk öncə Akif Nağını və partiyadaşlarını təbrik edirəm. Ölkənin siyasi arenasında yeni bir qüvvə ortaya çıxırsa, buna hamımız sevinməliyik. Çünki ölkədə cəmiyyətin siyasi cəhətcə fəallaşması əslində idarəetmə sisteminin təkmilləşməsi deməkdir. Üstəlik, əgər yeni partiya gələcəkdə seçkilərdə iştirak edəcəksə, deməli, cəmiyyətin müəyyən qisminin iştirakçılığı təmin olunacaq, ictimai nəzarət daha da güclənəcək ki, bu da millətin xeyrinədir. Yeni bir partiyanın ortaya çıxması hələ onun mütləq şəkildə uğurlar qazanacağı demək deyil. Bu, fəaliyyətə, cəmiyyət tərəfindən qəbul olunmasına bağlıdır.

Təbii ki, yeni yaradılan partiyaya uğurlar arzulayırıq. Bizim bu partiya ilə gələcəkdə quracağımız münasibətlər onun fəaliyyətinə uyğun olacaq. Biz hələ bilmirik yeni partiya hansı platformadan çıxış edəcək və sairə. Ölkəmizin müəyyən dövlətlərlə münasibətləri var. Məsələn, biz partiya olaraq Rusiya və İranla yaxın münasibət quran partiyalarla məsafə saxlayırıq. Biz “Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük. Ümumiyyətlə, bloklara qoşulmamaq siyasətini yürüdürük, lakin milli məsələlərə qarşı olan hər kəsin qarşısında dayanır və onlara qarşı mübarizə aparırıq. Ümid edirəm ki, yeni yaranan partiya milli maraqlarımızın yanında olacaq, onu müdafiə edəcək".

Xalidə GƏRAY/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed